728 x 90 ad

Atası alman, anası şotland olan ABŞ prezidenti - DOSYE

09.11.2016
Atası alman, anası şotland olan ABŞ prezidenti - DOSYE ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatıb.

Donald Tramp son olaraq Viskonsin ştatında da qalib gələrək seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. 1946-cı ildə Nyu-Yorkda anadan olan Donald Tramp ABŞ tarixində ən yaşlı prezident olacaq. “Forbes” jurnalının 2016-cı ildə “Dünyanın ən zəngin 400 insanı” siyahısında yer alan Donald Trampın sərvətinin 3,6 milyard dollar dəyərində olduğu təxmin edilir. 

AzVision.az ABŞ-ın yeni prezidentinin tərcümeyi-halını təqdim edir.

Donald Tramp kimdir?

ABŞ biznesmeni və siyasi xadimi, ABŞ Respublikaçılar Partiyasının üzvü, mediamaqnat, yazıçı, "Trump Organization" tikinti konqlomeratının prezidenti, azartlı oyun və hotel biznesində ixtisaslaşan Trump Entertainment Resorts şirkətinin yaradıcısı. Tramp "Namizəd" realiti-şousunun icraçı prodüsseri və aparıcısıdır. Ekstravaqant həyat tərzi və açıq ünsiyyəti ilə məşhurdur. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar: Frederik Tramp ABŞ-a 1885-ci ildə miqrasiya edib, 1892-ci ildə vətəndaşlıq alıb. Həyat yoldaşı Elizabet Kraystla isə 1902-ci ildə Kalştadtda, reynland-Pfalsada evləniblər. Yeni prezidentin ana tərəfi isə şotlanddır.



1946-cı ilin 14 iyununda Nyu-Yorkda dünyaya gələn Trampın atası ev dəllalı olub. Donald Tramp məktəb illərində heç də yaxşı şagird olmayıb, 1960-cı illərin əvvəlində litseydən qovulub. Daha sonra hərbi akademiyada oxuyub və 1968-ci ildə marketinqlə bağlı təhsil alıb. İş həyatının ilk illərində D.Trampın bəxti gətirməyib. 

Təhsilini bitirdikdən sonra yaşayış evlərinin tikintisi ilə məşğul olan atasının yanında köməkçi olub, xidmətçilik edib. Lakin D.Tramp ilk işinə böyük bir layihə ilə başlayıb. 1973-cü ildə Nyu-Yorkda 18 mərtəbəli, 290 mənzilli bir göydələn inşa etdirib. Onun digər sahibkarlardan fərqi o idi ki, bütün layihələrinin maliyyəsini dövlət zəmanəti altına alırdı, özünə xüsusi imtiyazlar təmin edirdi, vergi endirimi, tikinti ərazisinin ucuz alınması kimi güzəştlərdən yararlanırdı. 

 

"Big Deal" layihəsini 1975-ci ildə reallaşdırıb. 10 milyon dollara xaraba vəziyyətində olan “Commodore” otelini satın alıb və 80 milyon dollara başa gələn təmirdən sonra həmin oteli 5 il ərzində 1400-dən çox nömrəsi olan lüks bir otelə çevirib. 70-ci illərin ortalarında Nyu-York köhnə görkəmini sürətlə dəyişdiyi üçün şəhər bələdiyyəsi onun bu cəhdini müsbət qarşılayıb. Nyu-York meqapolisi o zaman yanlış idarəetmə və ictimai problemlər səbəbindən iflas etmək həddində idi. D.Tramp isə bələdiyyədən təmin etdiyi dəstəklə yanaşı, yeni inşa edilməkdə olan bu şüşə sarayın 50 faizini 100 milyon dollar qarşılığında satın alan “Hyatt” otel zənciri ilə kontrakt imzalayıb, biznesini böyüdüb. D.Tramp bu işə ümumilikdə 90 milyon dollardan çox vəsait yatırmadığı üçün bu işdən çox böyük bir qazanc təmin edib.1980-ci ilin sentyabr ayında açılan “Grand Hyatt” oteli çox qısa bir müddətdə Nyu-Yorkun ən tanınmış ünvanına çevrilib və D.Tramp "Nyu-Yorku yeniləyən adam" kimi məşhurlaşıb. Memar və dizaynerlərin hazırladıqları bürünc və şüşədən hazırlanmış dəbdəbəli bina fasadlarını D.Tramp şəxsən özü dizayn edirdi. 



1983-cü ildə D.Trampın reallaşdırdığı daha bir layihə - “Trump Towers” adlı lüks bina və əsasən varlılar üçün nəzərdə tutulmuş ticarət mərkəzi onun ən prestijli layihəsi olub. İllər sonra bu brend altında dünyanın əksər ölkələrində çoxmərtəbəli yaşayış və ofis binaları tikilib. Bir sözlə, 80-ci illərin ortalarında D.Tramp Nyu-Yorkun tarixində bu şəhərin ən böyük abadlıq layihəsini hazırlayıb. Növbəti iri layihələr 80-ci illərin sonunda reallaşıb. D.Tramp “Lufthansa” ilə birbaşa rəqabətə girərək 420 milyon dollara “Plaza” otelini satın alıb. Həmçinin öz hava yolları şirkətini qura bilmək məqsədiylə iflas etməkdə olan “Eastern Airlines” hava yollarının təyyarələrini - 37 ədəd “Boeing 727”-ni 350 milyon dollara satın alıb. 1990-cı ildə “Adantic City”də inşa etdirdiyi “Tac Mahal Otel-Kazino” ilə qumarxana işinə də girişib. Bu sıralarda 41 yaşındakı bu məşhur iş adamının sərvəti 4 milyard dollar civarında təxmin edilirdi. Lakin bir il içində D.Trampın çöküşü başlayıb. "Forbes" jurnalı D.Trampın “təsəvvür edilə bilməyəcək həcmdə tikinti borclarından” bəhs edib. Tikinti kralı özünü çox çətinə salmışdı.



Artıq ona kredit verən banklar öz şərtlərini diktə və onun xərclərinə nəzarət edirdilər. Çünki, onun illik faiz ödənişləri 120 milyon dollara çatmışdı. Onun lüks həyat tərzini ciddi şəkildə nəzarətə alınmışdı və ildə "yalnız" 350.000 dollar xərcləməsinə icazə verilirdi. Daha sonralar bu iqtisadi krizisə bir də ailə problemləri əlavə oludu. Çexoslovakiyalı atlet olan arvadı İvana Zelnikova bir ailə mübahisəsindən sonra D.Trampa xəyanət iddiası ilə boşanma davası açıb. Bundan sonra nə qədər barışmağa cəhd etsələr də, qısa müddətdən sonra 1993-cü ildə əlaqələri tamamilə pozulub və D.Tramp arvadına 15 milyon dollar təzminat ödəyərək boşanıb. D.Tramp yenə də hər kəsi təəccübləndirəcək dərəcədə tez toparlanıb, 2005-ci ilin mayında onun biznesi "Tramp Əyləncə Şirkətləri Holding" olaraq yenidən yüksəlib. Hazırda dünyanın bir çox yerlərində “Trump Towers” otelləri, ofis binaları fəaliyyət göstərir. Təsadüfi deyil ki, “Tramp evləri” Türkiyə də daxil olmaqla, əksər müsəlman ölkələrində mövcuddur. 



Donald Trampın şəxsi həyatı. 

D.Tramp alman əsilli, amerikalı iş adamı Fridrix Trampın nəvəsidir. Amerikalı iş adamı Fred Trampın 5 uşağından biridir. Mariana, Fridrix, Elizabet, Robert adında 4 bacı-qardaşı var. Donald Tramp 3 dəfə evlənib və bu evliliklərdən 3 oğlu, 2 qızı var. 1977-ci ildə atlet İvana Zelnixova ilə evlənib və Donald Tramp, İvanka Tramp və Eric Tramp adında 3 uşağı olub. 1991-ci ildə 16 illik həyat yoldaşından ayrılıb. 

Boşandıqdan sonra 2 il televiziya aparıcısı Marla Mapleslə evlənib və eyni ildə cütlüyün Tiffani adında qızı doğulub. Cütlük 1996-ci ildə ayrılmaq qərarına gəlib. D.Tramp 2005-ci ildə dizayner və model olan Melani Knaus ilə evlənib. Bu evlilikdən 2006-ci ildə Barron Tramp adında bir oğlu dünyaya gəlib. Donald Tramp ilk yoldaşından olan övladlarının biznes dünyasında iştirak etmələrini, özündən sonra şirkəti idarə edə bilmələrini istədiyi üçün onları da öz şirkətlərinə cəlb edib. 

 

Donald Tramp prezident seçildi

Donald Tramp 2012-ci ildə prezident seçkilərində namizəd olmayacağını açıqlamışdı. 2016-cı ildə isə Donald Tramp seçki şüarı kimi “Make America Great Again” (Yenidən böyük Amerika yarat) şüarından istifadə edir. Oxşar şüarı 1980-ci ildə Ronald Reyqan da seçki kampaniyalarında istifadə etmişdi. D.Tramp seçki vədlərini immiqrantlar, müsəlmanlar, təhlükəsizlik və İŞİD-lə mübarizə üzərində qurub. Onun ən populyar fikirlərindən biri də immiqrantların qarşısını almaq üçün ABŞ ilə Meksika sərhədinə bir divarın ucaldılmasıdır. 

Nəticə etibarı ilə birçoxalrını etirazına baxmyaraq Donald Tramp ABŞ-ın yeni prezidenti seçilir. Respublikaçılar Partiyasının namizədini 285 nümayəndə dəstəkləyib. Trampın rəqibi Hillari Klinton isə 218 nümayəndənin səsini qazanıb. H.Klinton seçkilərdəki məğlubiyyətini etiraf edərək, D.Trampı ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edib. 

Ən çox oxunanlar