728 x 90 ad

Əliyev vaxtından əvvəl seçkilər keçirəcəyinə işarə edib (TƏHLİL)

10.10.2016
Əliyev vaxtından əvvəl seçkilər keçirəcəyinə işarə edib (TƏHLİL)

Anti-qərb ritorikasına baxmayaraq, Azərbaycanın bundan sonra da Avropa məkanına inteqrasiya etməkdən başqa yolu qalmır

Azərbaycan prezidenti İlham Əliyev üstüörtülü şəkildə bu ilin sonuna qədər keçirilə biləcək növbədənkənar prezident seçkilərinə hazırlığa start verib.

Oktyabrın 7-də hökumətin bu ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasının giriş hissəsində Əliyev sərt şəkildə Qərbə hücum edib, bir sıra iradlar, o cümlədən Azərbaycana, islam dünyasına, ərəb qaçqınlara münasibətdə ikili standartlar tətbiq etmək və s. ittihamlar irəli sürüb.

Onun giriş nitqinin mövzusunun 9 ayın acınacaqlı yekunları haqqında deyəcək sözü olmayan hökumətin iclasının mövzusu ilə heç bir əlaqəsi yox idi, dünya demokratiyasına Azərbaycanda rejimin hazırki inkişaf mərhələsində məsafə saxlamağa, inteqrasiya prosesinə deyil, əməkdaşlıq elementləri ilə kifayətlənməyə üstünlük verdiyi haqqında bir növ mesaj olub.

Təcrübə göstərir ki, onun qeyri-məhdud hakimiyyəti üçün yol açan 2008-ci il prezident seçkilərindən başlayaraq, Əliyev əhəmiyyətli seçkilər və referendumlar ərəfəsində Qərb institutlarının səsvermənin müşahidəsində və yekunlaşdırılmasında iştirakını, habelə müxalifətə və vətəndaş cəmiyyətinə dəstəyini minimuma endirmək məqsədilə Qərbin tənqidini gücləndirir. Yaxın 7 il üçün onun hakimiyyətini legitimləşdirən və ona böyük səlahiyyətlər və məsuliyyət verən 26 sentyabr referendumundan öncə də belə olub.

Əliyevin belə izolyasionist mövqeyi, ilk baxışda qəribə də görünsə, qarşı beynəlxalq demokratiya düşərgəsində anlayışla qarşılanır, yalnız yumşaq və formal şəkildə prosesin qeyri-demokratikliyinə təəccüb ifadə edilir. Bu, sonuncu referendum ərəfəsində və ondan sonra özünü xüsusilə açıq-aşkar göstərib, bu da onu göstərir ki, bu addım Qərbdə razılaşdırılmış ciddi struktur dəyişikliklərinə və siyasi-iqtisadi dəyişikliklərə yol açır. (İyulun 18-də konstitusiyaya prezidentin səlahiyyətlərini genişləndirən dəyişikliklər haqqında referendum elan edildikdən dərhal sonra ABŞ və onun müttəfiqləri tərəfindən sistemdə islahatlar aparılması tələbi ilə Əliyevə göstərilən güclü təzyiqin dayanması faktı da buna dəlalət edir).

Bu davranış xətti, şübhəsiz, qarşıda duran prezident seçkilərində də davam edəcək və seçkilər prosesi özü müxtəlif hakimiyyət və müxalifət qruplarının siyasi yarışı deyil, praktiki olaraq, texniki prosedur olacaq. Əliyevin Qərb əleyhinə bəyanatlarına və müxalif səsləri yatırmasına baxmayaraq, onun prezident vəzifəsində fəaliyyəti Qərbi qane edir. Hakimiyyətdə olduğu müddət ərazində o, Avropa ilə mühüm iqtisadi bağlar qurub, Avropa İttifaqının strateji energetika, boru kəməri, nəqliyyat layihələrini dəstəkləyib, Qərbi Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevirib. Energetika sahəsinin Azərbaycan üçün əsas sahə olduğunu nəzərə alsaq, Əliyevin anti-Qərb ritorikasına baxmayaraq, Azərbaycanın artıq məhz haraya inteqrasiya etdiyini görmək çətin deyil.

Sirr deyil ki, tərəflər Azərbaycanda postsovet sistemdə islahatların davam etdirilməsi və yaxın gələcəkdə start götürməli olan böyük islahatlar paketinin hazırlanması üzrə intensiv işlər aparır. Mahiyyətcə referendum da, onun ardınca gələn seçkilər də tərəflərin razılaşdırdığı islahatlar proqramının tərkib hissəsidir. Əliyev və Qərb tərəfdaşları hələlik gələcək dəyişiklikləri açıqlamırlar, dəyişikliklərlə bağlı zəif konturlar formalaşdıra biləcək məlumatlar sızdırmaqla kifayətlənirlər. Əliyevin ötən 9 ayın yekunlarını çıxartmayan müşavirənin yekunlarına həsr olunmuş çıxışını buna aid etmək olar. Prezident bu yekun hissəni ilk növbədə kənd təsərrüfatı sahəsində gələcək layihələrə həsr edib. Çıxışdan görünürdü ki, söhbət hər bir aqrar sahənin inkişafı üzrə ayrı-ayrı genişmiqyaslı layihələrdən gedir. Bu ərəfədə Avropa İttifaqı xüsusi istehsalçıların inkişafına dəstək proqramını həyata keçirməyə başlayıb.

Mahiyyətcə energetika sektorunun ölkə iqtisadiyyatına təsirinin uzun müddətdə azaldılması şəraitində Azərbaycanın qeyri-neft sahəsində islahatlar rejim üçün qaçılmaz olur və demək olar ki, 1994-cü ildə imzalanmış Əsrin Müqaviləsi layihəsinin həyata keçirilməsinə başladıqdan sonra Azərbaycanın Qərblə inteqrasiyasının əhəmiyyətinə görə ikinci proqramına çevrilir. Praktiki olaraq, Əliyev hökumətin iclasında Azərbaycan iqtisadiyyatının ağır vəziyyətdə olduğunu etiraf edib, bu dəfə bütün parametrlərə görə vəziyyətin acınacaqlı görünüşünü ortaya qoyan statistika rəqəmləri ilə jonqyorluq etmək taktikasından yayınıb.

Anti-qərb ritorikasına baxmayaraq, Azərbaycanın bundan sonra da Avropa məkanına inteqrasiya etməkdən başqa yolu qalmır. Əvvəl də deyildiyi kimi, beynəlxalq maliyyə institutları ilə Azərbaycanda islahatların dəstəklənməsi üzrə intensiv danışıqlar da buna dəlalət edir. Ölkənin, irəli gələcək bütün siyasi nəticələri ilə dünya və ilk növbədə Qərb iqtisadiyyatına inteqrasiyasının prinsipial məsələləri üzrə bu danışıqlar artıq yekun mərhələyə qədəm qoyub.

Turan İnformasiya Agentliyi

Ən çox oxunanlar