728 x 90 ad

ELMİ KƏŞFLƏRİMİN ƏSAS MƏNBƏYİ QURANDIR…” – “Biliyi ayələrdən götürmüşəm” (Müsahibə – II HİSSƏ)

18.10.2016
ELMİ KƏŞFLƏRİMİN ƏSAS MƏNBƏYİ QURANDIR…” – “Biliyi ayələrdən götürmüşəm” (Müsahibə – II HİSSƏ)

Azərbaycanda son illər elmə münasibətin yüksək səviyyədə olmadığı heç kimə sirr deyil. Söhbət yalnız hökumətin elmin inkişafına lazımı diqqət yetirməməsindən, bu sahəyə ayrılan vəsaitlərin büdcənin “küncündə” yer almasından, cox aşağı səviyyədə olmasınadan gətmir. Razılaşaq ki, cəmiyyətimizin elmə, elm adamlarına baxışı da heç də ürəkaçan deyil. Acı bir həqiqətdir ki, cəmiyyətin böyük kəsimi bu gün adi toy müğənnisinə, bazar alverçisinə belə ömrünü elmi araşdırmalara, tədqiqatlara verən alimlərdən, bilim adamlarından daha çox diqqət yetirir, hörmət göstərir. Təbii ki, bu cür münasibət elm ictimaiyyətinə də təsirsiz ötüşmür. Bu üzdəndir ki, alimlərimizin bir qismi bu gün elmlə deyil, elmin parodiyası ilə məşğul olurlar. Digər qismi də ya pulsuzluqdan, şəraitsizlikdən apardığı tədqiqatları başa catdıra bilmir, ya da xaricdə işləməyə üz tuturlar. Nəticədə Azərbaycan elmi fundamental tədqiqatlardan uzaq düşür, dünya elminə töhfə verəcək elmi əsərlər, kəşflər ortaya çıxarmaqda çətinlik çəkir. Bəlkə də buna görədir ki, bu gün ictimaiyyətin böyük kəsimi ya Azərbaycanda kiminsə Nobel mükafatına layıq əsərlər, kəşflər ortaya çıxarmasına inanmır, ya da ümumiyyətlə bunun nə qədər ciddi bir hadisə olduğunu anlamır.
Elə nəzəriyyəsi Nobel mükafatının son mərhələsinə qədər irəliləyən Sərdar Cəlaloğluna münasibət də bunun göstəricisi oldu. Ölkədə siyasi partiya rəhbəri kimi (ADP sədri) tanınan Sərdar Cəlaloğlunun yeni nəzəriyyəsinin Nobel Komitəsində gizli səsverməyə çıxarılmasına nəinki geniş ictimaiyyət, hətta elm cameəsi belə laqeyd münasibət göstərdi.S.Cəlaloğlu “AzPolitika”ya geniş müsahibəsində bu məsələlər barəsində danışıb.

(ƏVVƏLİ BURADA)

- Bəs, nəyə görə bu nəzəriyyənizi ilk olaraq Akademiyada, Fizika İnstitutunda yerli alimlərin nüzakirəsinə çıxarmamısınız?

– Cəhd etmişəm, ancaq nəticəsiz olub. Özüm Akademiyanın prezidenti ilə görüşmüşəm. Aparıb “Mütləq Nisbilik Nəzəriyyəsi”ni şəxsən ona təqdim eləmişəm. Maddə necə əmələ gəlir, dünya necə yaranıb – bunu izah edən nəzəriyyədir. Bir saat mən onun otağında izah eləmişəm ki, bu nəzəriyyənin əhəmiyyəti nədir, biz necə böyük bir kəşf edə bilərik və s. Xahiş eləmişəm ki, nəzəri mexanika sahəsində alimləri çağırsın və mən bu nəzəriyyəni izah edim. Onlar da mənə opponentlik etsinlər. Əgər qəbul eləmirlərsə, desinlər sənin bu bildiyin düz deyil. 3 ildir vermişəm ona, heç bir cavab yoxdur.

Nobel Komitəsində səsverməyə çıxarılan nəzəriyyə üçün getdim Bakı Dövlət Universitetinə. Universitetin elmi işlər üzrə prorektoru ilə görüşdüm. Ona dedim ki, mənim belə bir nəzəriyyəm var. Gəlin, bunu Sizin universitetin adından göndərək. Bilirsiniz, BDU dünya universitetlərinin siyahısında hardasa 700-800-cü yerdə dayanıb. BDU-dən bir nəfər Nobel mükafatı alarsa, bu, həmin ali təhsil ocağının reytinqini artırar . Mənə dedi ki, bizim universitet yalnız öz alimlərinin işini Nobel Komitəsinə göndərə bilər. Ancaq ardınca da bu prorektor belə bir rəy yazıb ki, Sərdar Cəlaloğlu həkim olduğuna görə, fizikadan nəyisə kəşf edə bilməz. Hətta iddia edib ki, bu işi Nobel Komitəsinə göndərmək olmaz, yoxsa biz biabır olarıq.
Bundan əlavə mətbuatda yeni nəzəriyyə kəşf etdiyim barədə məlumat verib, alimlərimizi bunun müzakirəsini təşkil etməyə çağırmışam. Ancaq heç bir reaksiya olmayıb. Başqa mən nə edə bilərəm? Ona görə də, mən məcbur olub özüm Nobel Komitəsinə müraciət etdim. Kəşfimi Nobel Komitəsinə təqdim etmək üçün qurumun Nizamnaməsinin tələbinə görə, minimum əməkhaqqının 30 mislində pul lazım idi. Həmin pulu da bankdan kredit götürüb vermişəm. Yəni, məndən asılı nə varsa etmişəm. Nəzəriyyəm də mükafatlandırmanın son mərhələsinə qədər gedib çıxıb. Ancaq nə əvvəl, nə də sonra ölkənin elmi ictimaiyyəti buna reaksiya verməyib. Bu da artıq ölkədə elmə münasibəti göstərir. Azərbaycanın ciddi elmlə məşğul olan bütün alimləri məhz bu problemlər üzündən ortaya heç bir nəticə çıxara bilmirlər. Nobel Komitəsinin Azərbaycan ofisi 20 ildir açılıb. İndiyə qədər bu komitəyə cəmi 11 elmi iş təqdim olunub. Gizli səsverməyə qədər isə iki iş gedib çıxıb, onlardan biri də mənim nəzəriyyəmdir. Ancaq reaksiya yoxdur. Mən həkiməm, bilirəm ki, can verən xəstənin nə dərmana, nə sözə reaksiyası olmur. Çünki can verir. Canvermənin birinci əlaməti də budur. Ado adlı alim var, keçmiş SSRİ məkanında 30 il can verən xəstələri müşahidə edib ki, necə olur insan ölümü soyuqqanlılıqla qarşılayır. Müəyyənləşdirib ki, can verən insanda ətrafa laqeydlik yaranır. Total laqeydlik. Yəni, nə övlad, nə pul, nə hansısa hadisə, heç bir şey can verən insanda reaksiya yaratmır. Bu gün cəmiyyətimiz də, sanki belə bir vəziyyətdədir. Heç bir hadisəyə reaksiya vermir. O cümlədən elmdə baş verənlərə. Yəni, bu, mənimlə bağlı məsələ deyil. Mən iki əsas elmi müəssisədə olmuşam. Akademiyanın prezidentinin yanına getdim, heç bir reaksiya yox. Universitetin rəhbərliyinin yanına getdim, heç bir reaksiya yox. Hətta nəzəriyyəmin Nobel Komitəsində gizli səsverməyə getməsindən sonra belə, burda bununla maraqlanan yoxdursa, nə deyim?

- Belə çıxır ki, Azərbaycanda nə isə yeni bir kəşfin, nəzəriyyənin ortaya qoyulmasının elmi ictimaiyyət üçün heç bir mənası yoxdur…

– Çünki Azərbaycan elmi ictimaiyyəti arasında həqiqətən elmlə məşğul olanların sayı həddən artıq azalıb. Elmi institutların, tədqiqat mərkəzlərinin idarəçiliyində həqiqi alimlər yox dərəcəsindədir. Bu problemi Prezident Administrasiyasınn rəhbəri Ramiz Mehdiyev də qaldırmışdı. Bilirsiz, bir neçə il əvvəl Ramiz Mehdiyev dedi ki, Azərbaycanda elmi dərəcələrin rüşvətlə verilməsi halları artıb, elmi işlərin əksəriyyəti plagiatdır. Bundan sonra neçə adamın elmi işi ləğv olundu. Ancaq problem yenə da qalır. Nazirlərin, deputatların az qala hamısı elmlər doktorudu. Əksəriyyətinin də elmdən, hətta hansı işi müdafiə etməsindən belə xəbəri yoxdur. Belə “elmlər doktorlarının” elmə reaksiyası necə olar? Bunu mən demirəm, Ramiz Mehdiyev deyir. Elmdə olan korrupsiya digər sahələrdəki ilə ekvivalentdir. Elmi adların verilməsi, akademiklərin seçilməsi, bunların hamısı korrupsiyadır. Heç kəs öz qabiliyyəti ilə gedib akademiyada oturmayıb. Dediyim kimi, Nemət Qasımov kimi dünya miqyaslı alim qalıb qıraqda, bir dənə elmi kəşfi olmayanlar akademik, müxbir üzv olub. Yaxud doktorluq işi köçürmə olan nə qədər professor var. İndi bu adamların elmə reaksiyası necə olmalıdır? Yəni mənim nəzəriyyəm bir müğənni qədər, bir idmançı qədər Azərbaycana xeyir gətirmir?
Başqa bir fakt deyim: rəhmətlik Ədalət Rəhimli bir maddə kəşf eləmişdi. O maddə həm kosmosda qaynaq işləri aparmağa imkan verirdi, həm də dənizin dibində. Özü də ən yüksək keyfiyyətdə. Azərbaycan hökumətinə müraciət eləmişdi ki, bunu istehsal edin. Bunun dünyada analoqu yoxdur. Xaricdən demişdilər gəl onu patentləşdirib alaq, istehsal edək. Ancaq o razılaşmamışdı ki, Azərbaycan iqtisadiyyatı zəifdir, ölkəyə xeyir versin. O adam öldü getdi, həmin o maddə də bilmirəm necə oldu. Azərbaycan ona baxmadı. Azərbaycanda belə adamlar var. Mən, bu adamlarla fəxr edirəm, bir cərgədə dururam, ona görə inanıram ki, Nobeli alacağam. Bu, ilk növbədə xalqın nailiyyətidir. Məni bu xalq yetişdirib. Sabah əgər dünya elmində mənim kosmosla bağlı nəzəriyyəm bir qanun kimi elmi ədəbiyyata düşərsə, deyəcəklər bu azərbaycanlıdı. Yəni, millətin adı dünya elmində hallanacaq. İndiyədək Azərbaycandan dunya elminə qanun verən yeganə adam olub – Mirzəcanzadə! Böyük kəşflər, ixtiralar edənlər var, ancaq qanun kimi yalnız Mirzəcanzadənin qanunları qəbul edilib. Mən də qanun vermişəm də. Demirəm ki, mən bir material kəşf eləmişəm, heyvan növü yetişdirmişəm. Mən deyirəm ki, məndən asılı olmayaraq, kainatda bu qanun mövcuddur. Mən də həmin qanunu kəşf etmişəm, nəzəriyyə kimi tədim etmişəm.

- Sərdar bəy, uzun illərdir aktiv siyasətlə məşğulsunuz. Hamı da Sizi siyasətçi, partiya rəhbəri kimi tanıyıb. Bəlkə buna görə sizin belə bir nəzəriyyə irəli sürə biləcəyinizə inanmırlar…

– Yox, sadəcə həmin adamlara tapşırılıb. Tapşırılıb ki, mənəvi terror edin. Yoxsa əvvəl bir maraqlanarlar ki, nə nəzəriyyədir. Ondan sonra nəsə münasibət bildirərlər. Digər tərəfdən, mən siyasətlə məşğul olsam da, heç vaxt elmdən özümü ayırmamışam. Uşaqlığımdan elmin müxtəlif sahələriylə maraqlanıram. Yazdığım məqalələrdə, apardığım tədqiqatlarda elmin ən müxtəlif sahələri, xüsusilə fundamental sahələrilə bağlı özüməməxsus ideyalarım, fikirlərim olub. Rəhmətlik Azad Mirzəcanzadə yazdığım “Mahiyyət” kitabına görə, mənə elmlər doktoru elmi adı vermək istəyirdi. Ancaq onun qarşısına şərt qoymuşdular ki, nə vaxt yazıçı Anara, Elçinə elmlər doktoru adı verərsən, Sərdar bəylə bağlı təklifinə ondan sonra baxarıq. Azad Mirzəcanzadə bu adamları başa sala bilməmişdi ki, hər kitab eyni deyil. Anar, Elçin ədəbi, Sərdar Cəlaloğlu isə elmi-nəzəri əsərlər yazır. O özü bu barədə mənə danışdı. Mən də dedim ki, mənə görə prinsiplərinizdən geri durmayın, mənə elmi titul lazım deyil. Deməyim odur ki, Azad Mirzəcanzadə kimi nəhəng elm adamı mənim elmi fikirlərimə yüksək qiymət verib. Siyasətlə məşğul olmağım, sadəcə mənim elmi ad almağıma mane olub, elmlə məşğul olmağıma deyil. Bir də ki, bizdə hökumət hələ elmin əhəmiyyətini dərk edə bilmir. Elmi şəkildə sübut olunub ki, hansı dövlət elmə 3,5 faizdən artıq pul ayırmır, o dövlətdə inkişaf yoxdur. Amerikada mühəndis-konstruktor işlərinə elm büdcəsinin 75 faizi ayrılır. Azərbaycanda isə bütövlükdə elmə dövlət büdcəsinin 0,9 faizi ayrılır. Burda nə inkişaf ola bilər? Elmli insanlar ölkənin beynidir. Beyin inkişaf eləmirsə bədənin inkişaf eləməyinin mənası yoxdur. Bu üzdən də dünyada inkişaf etmiş xalqların dövlət büdcələrindən elmə böyük ayırmalar aparılır.

Serdar celaloglu

- Belə iddialar da var ki, fizika ilə, kosmosla bağlı laboratoriya, kosmosu müşahidə aparmaq üçün müvafiq avadanlıqlar olmadan necə nəsə kəşf etmək olar? Həm də buna böyük vəsait sərf olunmalıdı…

– Bu da səhv yanaşmadır. Nəzəriyyə yaratmaq üçün laboratoriya lazım olmur. Hansısa sahədə yeni qanun irəli sürmək yalnız böyük vəsaitlər hesabına başa gəlmir. Nyutona kimsə pul verib? Və ya Arximed qanunu kəşf edəndə laboratoriyası olub? Ən böyük fizika qanunlarının kəşfi üçün laboratoriyaya ehtiyac olmayıb. Sadəcə müşahidələr, elmi təfəkkür olub, mən də müşahidələr aparmışam. Ümumiyətlə, nəticələr təcrübədən əldə edilir, yeni elmi nəzəriyyələr isə səbəblərdən əldə olunur. Təcrübə səbəb deyil, nəticədi. Məntiqdə də var. Xüsusidən ümumiyə, ümumidən xüsusiyə. Bugünkü dünyəvi elmlər, sizin dediyiniz laboratoriya elmləri xüsusidən ümumiyə istiqamətlənib. Mən fəlsəfə ilə məşğulam. Ona görə də, ən ümumi qanuni hadisələrdən, idrak hadisələrindən gəlib xüsusini tapa bilirəm. Bunu üçün də laboratoriya lazım deyil. Yəni bir var təcrübəyə əsaslanan empirik elmlər, bir də var nəzəri elmlər. Nəzəri elmlərin mənası budur ki, beyindən çıxan elm. Mən yazmamışam ki, hansısa maddə kəşf eləmişəm. Yazmışam ki, kosmik dəyişmələr haqqında nəzəriyyə vermişəm. Laboratoriya nəzər verir adama? Bəzi nəzəriyyələrin praktikada sübutu var. Mənim nəzəriyyələrimin təsdiqi təcrübədən əldə edilmiş məlumatlardı. Mənim laboratoriyam beynimdəki fikirlərimdi. Kosmosla bağlı mülahizələr, tutaq ki, ulduzların arasını ölçmürük ki, bunlar hamısı nəzəri hesablamalardı. Ulduzların əmələ gəlməsi, məhv olması, bunlar hamısı nəzəridir. Mən də nəzəriyyə vermişəm və həmin nəzəriyyə də demək olar ki, alimlər tərəfindən qəbul olunub.

- Nobel mükafatı üçün təqdim etdiyiniz nəzəriyyənin mahiyyəti nədir? Qısa şəkildə izah edə bilərsinizmi?

– Kosmosun quruluşu ilə bağlı iki nəzəriyyə var. Biri Kepler tərəfindən irəli sürülüb. Keplerin nəzəriyyəsində 3 qanun mövcuddur. 1-si budur ki, hər bir göy cismi bəlli bir trayektoriya üzrə hərəkət edir. Həmin trayektoriya isə göy cisminin çəkisi ilə bağlıdır. Çəkisi böyük olan daha böyük trayektoriya ilə hərəkət edir. 2-ci kəşfi Sahə qanunudur ki, bu qanuna görə, hər bir göy cismi müəyyən bir trayektoriya ilə hərəkət edərkən bəlli bir sahə yaradır və buna cazibə sahəsi deyirlər. 3-sü Harmoniya qanunudur: müxtəlif trayektoriya üzrə hərəkət edən göy cismləri bir-birinə mane olmur.
Kosmosun quruluşu ilə bağlı ikinci nəzəriyyə Nyutonun Ümumdünya Cazibə qanunudur. Nyutona görə, kainatın harmoniyasının səbəbi Ümumdünya Cazibə qanunudur. Yəni ayrı-ayrı orbitlərdə hərəkət edən göy cismləri cəzbetmə gücüylə bir-birini tənzimləyir. Bu da kainatın dayanıqlığını və kainatda baş verən təkrarlanma hadisələrinin əsasını təşkil edir.
Bundan çox əvvəllər – eramızdan 4 min il əvvəl isə Heraklit demişdi ki, kainatda hər şey dəyişilir. Ancaq indiyə qədər heç bir alim bu dəyişikliyin səbəbini izah etməyib. Axı kainat necə və nə səbəbə görə dəyişilir? Bax mən də bunu kəşf etmişəm. Yəni, Nyuton və Kepler kainatda təkrarlanma qanunlarını kəşf ediblər, mən isə kainatda dəyişilmələrlə bağlı qanunu. Ona görə də nəzəriyyəmin adı “Kosmik dəyişilmələr haqqında nəzəriyyə” adlanır. Son 10 ildə aparılan araşdırmalar sübut edib ki, kainatda bir genişlənmə prosesi gedir. Amma heç kim təhlil etmir ki, genişlənmə ümumi sistemlər üzrədir, yoxsa sistemlər arasındadır. Günəş sistemindəki dayanıqlıq göstərir ki, bu proses sistemlər arasında gedir. Sistemin daxilində isə heç bir genişlənmə yoxdur. Əgər sistemlər arasında genişlənmə baş verirsə, onda onlar arasındakı cazibə qüvvəsi də azalmalıdır. Çünki məsafə ilə cazibə qüvvəsi bir-birinə tərs mütənasibdir. Sistemlərarası cazibə qüvvəsi azaldıqca, sistemlərdaxili cazibə qüvvəsi artmalıdır. Bu zaman isə sistemin dayanıqlığı pozulmalıdır. Amma biz görürük ki, sistem dayanıqlıdır. Nyutonun Ümumdünya Cazibə qanununa görə, əgər həm cismlərin cazibə qüvvəsi, həm də orbitdəki hərəkəti sabitdirsə, onların kütləsi azalmalıdır. Göy cismlərinin kütləsinin azalması onların ölçülərinin kiçilməsi deməkdir. Ümumiyyətlə, tədqiqatlar göstərir ki, yalnız göy cismləri deyil, kainatda nə mövcuddursa kiçilir. O cümlədən yerin ölçüləri, hətta günün uzunluğu belə. Bütün canlıların boyu qısalır, vaxtilə mövcud olan nəhəng heyvanların, bitkilərin yerini onlardan qat-qat kiçikləri tutur. Dağlarda da getdikcə kiçilmə, dağılma baş verir. Mənim nəzəriyyəm həm də bu kiçilmənin elmi izahını verir. Eyni zamanda nəzəriyyəm Günəşin niyə partlamasına, Yerdə niyə zəlzələlər, vulkanlar olmasına aydınlıq gətirir. Bəzi göy cismləri (astroid kimi) necə meydana gəlir? Niyə yerdə qeyri-texniki səbəblərdən aeroqəzalar olur? Bermud üçbucağında nə baş verir, dağlar, bitkilər, canlılar getdikcə niyə kiçilir və s. kimi suallar mənim nəzəriyyəmin tədqiqat sahəsinə daxildir.

- Maraqlıdır, niyə kiçilir?

– Mən kainatın getdikcə kiçilməsinin səbəblərini araşdırmışam. Göstərmişəm ki, göy cismlərinin kütləsinin azalması cismlərin tərkibindən nəyinsə əskilməsindən asılıdır. Məsələn, Günəş kimi plazma öz kütləsini enerji şəklində itirir. Yer kimi nüvəsi plazma, kənarı bərk cismlər əvvəl vulkan püskürməsi, sonra zəlzələ baş verməsi ilə ölçüsünü kiçildir. Soyuq ulduzdursa, yəni nüvəsində plazma yoxdursa, məcburdur ki, parçalansın, özündən bir hissə ayrılsın, asteroid kimi qəlpələnsin və beləcə əvvəlki sabitliyi qorusun. Bu sabitləşdirici bir qanundur. Qısa şəkildə belə deyə bilərik: Nyuton və Keplerdən sonra mən kainatın üçüncü qanununu kəşf etmişəm. Bu, kainatdakı dəyişilmələrın hansı qanunauyğunluqlara tabe olduğu barədədir. Və bunu elmi-nəzəri şəkildə ortaya qoymuşam.

- Yəni Siz vulkan, zəlzələ kimi hadisələrin səbəbinin yerlə bağlı olmadığını, kosmik dəyişiklərlə bağlı olduğu fikrini irəli sürüsüz?

– Bəli. Mən bu hadisələrin və başqa proseslərin səbəblərini nəzəri olaraq izah eləmişəm. Biriləri də buna görə yazır ki, əgər Sərdar Cəlaloğlunun dediyi düzdürsə, desin ki, vulkan nə vaxt püskürəcək. Bu artıq qeyri-cidi yanaşmadır. Ya da elmin, nəzəriyyənin nə olduğunu bilməmək deməkdi . Sən mənə kainatın genişlənməsini dəqiq şəkildə ölçülərini ver, mən zəlzələnin saat neçədə olacağını deyim. Məgər Nyuton gedib ölçmüşdü ki, Günəşlə Yerin arasında məsafə nə qədərdi, cazibə qüvvəsi var, ya yox? Sadəcə ümumi şəkildə deyir ki, bu bundan asılıdır. Bəzi elmi biliklər var ki, onlar nəticədən alındığına görə nəticənin üzərində işləməlisən. Ya da modelləşmə aparmalısan. Mən nəzəriyyə irəli sürmüşəm, bunun üzərində işlənilərsə, praktiki əhəmiyyəti olan cox ciddi nəticələr əldə olunar.

- Nəzəriyyənizin praktiki əhəmiyyəti nədən ibarətdir?

– Bu nəzəriyyə indiyədək elmin izah edə bilmədiyi bir çox məsələlərə aydınlıq gətirir. Əlbəttə, insan kainatda baş verən dəyişikliklərin qarşısını ala bilməz. Ancaq bu dəyişiklikləri öyrənməklə, bəşəriyyətin ziyan çəkdiyi bir çox hadisələrin nə zaman baş verməsini əvvəlcədən proqnozlaşdrmaq olar. Zəlzələlər, vulkanlar, günəşdə partlayışlar olur, yerdə bioloji aktivlik dəyişilir və sair. Bunların təsirlərini qabaqcadan proqnozlaşdırmaqla, öyrənməklə tədbir görmək, ciddi ziyanlardan, kütləvi ölümlərdən qaçmaq olar. Mənim nəzəriyyəm bunu müəyyənləşdirməyin yolunu göstərir. Və yaxud da yerin istilik balansının dəyişilməsinin, buzlaqların əriməsinin və sair səblərini izah edir.
Həmçinin neçə illərdir mübahisə gedir, “Bermud üçbucağı”ndakı hadisələr niyə baş verir. Qəflətən baş verən təyyarə qəzalarının səbəbləri qaranlıq qalır. Mənim nəzəriyyəm bunların izahını tapmağa imkan verir.
Digər bir praktiki əhəmiyyəti bioloji aləmdə baş verən dəyişikliklərin öyrənilməsi ilə bağlıdır. Qeyd etdiyim kimi, bu gün həm bitkilərin aləmi, həm canlıların, o cümlədən insanların ölçüləri kiçilir. Eyni zamanda dağlarda getdikcə kiçilmə-dağılma baş verir. Bunun öyrənilməsinin çox ciddi elmi əhəmiyyəti var. Bu dağların kiçilməsi nəticəsində bitki aləminin yayılması məhdudlaşmağa başlayıb. Bunun əsasında insanların da, heyvanların da yaşam sahəsi getdikcə daralmağa başlayıb.
Başqa bir əhəmiyyəti bu gün çox geniş müzakirə olunan kürəsəl istiləşmənin səbəbləri ilə bağlıdır. Alimlərin hamısının diqqəti havanın çirklənməsindədir. Amma kürəsəl istiləşmənin baza səbəblərindən biri yerin ölçülərinin kiçilməsidir. Yerin ölçülərinin kiçilməsi nəticəsində meridianlar kiçilir. Onda yerin istilik balansı şimala doğru hərəkət edəcək. Bunun nəticəsində buzlaqlar əriyəcək, içməli su ehtiyatı azalacaq, təbii fəlakətlər artacaq. Yəni, mən kürəsəl istiləşmənin kosmik dəyişiklərlə, yerin ölçülərinin kiçilməsilə bağlı olduğunu sübut etmişəm. İndiyədək bu fikri heç kəs verməyib. Mənim nəzəriyyəm imkan verir ki, insanlar bu dəyişikliklərə, necə deyərlər, hazırlaşsın. Bunun üçün bizə təbii ki, bəzi ciddi astronomik ölçmələr aparmaq lazımdır. Məsələn, biz deyirik kainat genişlənir. Genişlənmənin intensivliyi, xarakteri öyrənilməlidir. Gələcəkdə riyazi modelləşdirmə mümkün olsa, bunun əsasında qapalı sistemlərdə kiçilmələrin gedişatını riyazi modelləşdirə bilsək, biz çox dəqiq şəkildə zəlzələnin də, vulkanın da nə vaxt, harda baş verəcəyini müəyyən edə bilərik…

- Yəni sizin fikrinizcə bunu modelləşdirmək olar?

– Siz kosmosda baş verən bir dəyişilməninin dinamikasını dəqiq müəyyən edərsinizsə, onda bunu modelləşdirmək problem olmayacaq.

- Sizcə, bu dəyişilmənin dinamikası sabitdir? Düşünürsünüz ki, dəyişilmənin sürətində bir qanunauyğunluq var?

– Dəyişilmə müxtəlif sürətlərdə ola bilməz. Bunun üçün o dəyişilməni zəruri edən paradiqmalar dəyişilməlidir. Biz bilirik ki, Quranda da deyir ki, Yerdə hər şeyi nəsə hərəkət elətdirir. Bəs ulduzları nə hərəkət elətdirir? Hərəkətverici qüvvə nədir? Məsələn, Günəşi hərəkətə gətirən nədir? Bunun haqqında düşünürsən?

- Mən Allaha inanıram və ona görə də İlahi qüvvə deyirəm…

– Ay sağ ol, İlahi qüvvə. O qüvvə stabil qüvvədir. Bir mənbədən olduğuna görə, başqa bir qüvvənin ona təsir etmək imkanı yoxdur. Yəni kainatın genişlənməsi də sabit hadisədir, kainatda baş verən hadisələr də sabit hadisələrdir. Ümumiyyətlə, kainatda 2 cür hadisə var: təkrarlanan hadisələr və bir də dəyişilən hadisələr. Dəyişilmə və təkrarlanma. Kainatın genişlənməsi təkrarlanmadır. Bir də var dəyişilmələr. Təkrarlanmalar dəyişən hadisələrin səbəbi kimi çıxış edir. Dəyişilmə nəticədi. Yəni kosmosda gedən proseslər sabitdir. Bu proseslər nəticəsində yerdə dəyişikliklər baş verir. Bu dəyişilmələrdə biz həmin sabit prosesləri öyrənməklə hesablaya bilərik. Sadəcə bunun üçün daha nəhəng elmi tədqiqatlar lazımdır. Kosmosun genişlənməsi ilə bağlı mülahizələr yenidir. Gələcəkdə dəqiq müəyyənləşdirəcəklər ki, bu genişlənmənin intensivliyi necədir, perspektivi necədir və s. Bunlar artıq riyaziyyatçıların, riyazi modelləşdirmə ilə məşğul olanların işidir. Əminəm ki, bu cür hesablamalar aparmaqla, zəlzələlərin də, vulkanların da, günəş partlayışlarının zamanı və yerini proqnozlaşdırmaq mümkün olacaq.

- Sərdar bəy, Sizin bu nəzəriyyələri yaratmaqda əsas mənbə nə olub?

– Qurani-Kərim. Biliyi Qurandan almışam, ayələrdən götürmüşəm. Sonra ayə əsasında düşünməyə başlamışam. Və ayın yerə təsiri, dənizlərin qabarması-çəkilməsi hadisəsindən yola çıxaraq bütünlükdə kosmosda dəyişikliklərin səbəbini özüm üçün aşkarlamışam, onu qanun şəklinə, düstur şəklinə salmışam və hazırlayıb Nobel Komitəsinə göndərmişəm, vəssalam.
Bir var təcrübə. Təcrübə dediyim kimi son nəticələr haqqındadı. Bir də ali başlanğıc. Ali başlanğıc təcrübədə dərk olunan deyil. Ali başlanğıcla bağlı biliklər Qurandadı, Tövratdadı, İncildədi. Mənim 2 nəzəriyyəm Qurandan, biri Tövratdan götürülüb. Tövratdan əldə etdiyim biliklərlə üzvi maddənin əmələ gəlməsi ilə bağlı nəzəriyyəni müəyyənləşdirmişəm. Kosmik dəyişikliklərlə bağlı və Mütləq Nisbilik nəzəriyyəsini Qurandan əldə etdiyim biliklər əsasında hazırlamışam.

- Nəzəriyyənizlə bağlı Azərbaycanda münasibət ürəkaçan olmadı. Gələcəkdə bunula bağlı nə fikirləşirsiniz?

– Mən nə qədər etinasızlıq, nə qədər mənəvi terror olur-olsun, Allahın mənə verdiyi biliyi çatdırmaq istiqamətində fəaliyyətimi davam etdirəcəyəm. Bunu özümə bir borc bilirəm. Artıq iki nəzəriyyəm Ümumdünya Bilik Bankına daxil olub. Bir nəzəriyyəmi Nobel Komitəsi də mənim işim kimi qəbul edib və müzakirəyə çıxarıb. Minlərlə alimin ekspertizasından keçib. Bu mənim nəzəriyyələrimə dünyanın tanınmış alimlərinin nə qədər böyük önəm verdiyini göstərir. Əminəm ki, yaxın gələcəkdə bu nəzəriyyələrimə görə Nobel mükafatını da əldə edəcəyəm. Çünki “Nobel”in Əsasnaməsinə görə, mənim təqdim etdiyim kimi nəzəriyyələr – hansı ki, praktiki işlər deyil – bir neçə ildən sonra da mükafata layiq görülə bilər. Səbəbi də budur ki, belə elmi nəzəriyyələri praktiki sınaqdan keçirirlər. Təcrübələr özünü doğrultsa, mükafatlandırma məsələsinə yenidən baxırlar. Bu təcrübələr ən müasir elmi laboratoriyalarda, tədqiqat mərkəzlərində aparılır. Şübhə etmirəm ki, belə tədqiqatlar mənim nəzəriyyələrimin əhəmiyyətini ortaya çıxaracaq. Hazırda digər nəzəriyyələrim üzərində işləyirəm. Bu nəzəriyyələrimin gec-tez Azərbaycana Nobel gətirəcəyinə şübhə emirəm.

Ən çox oxunanlar