728 x 90 ad

Habil Əliyev, Mirça Rednik, Tahir Süleymanov və başqaları...

04.11.2016
Habil Əliyev, Mirça Rednik, Tahir Süleymanov və başqaları...
Bu adların üçü də sizə nəsə deyir. Amma onlardan yalnız birinin futbolla bağlılığı yoxdur. Rəhmətlik Habil Əliyev də yəqin ömründə stadiona ayaq basıb, lakin top qovmağa yox, öz sehirli kamanını dilləndirməyə, yaşıl meydanda konsertinə gələnləri ovsunlamağa.

Habil, kaman barədə bir az sonra... Mirça Rednik haqqında da yazının növbəti hissəsində... Elə Tahir Süleymanov barəsində də...

İndi qoy Katalin Tiradan yazım, “Neftçi"dən qovulan Tiradan. Rumıniyalı futbolçu əməlli-başlı kitab-dəftər oxuyurmuş, yazı-pozudan anlayışı varmış. Heyf ondan...

Ötəndəfəki köşə yazımda 80 illik təcrübəsi olan “Neftçi" klubunda top qovan futbolçulara məsləhət vermişdim. Qos-qocaman klubun adını məşhurlaşdırmaq üçün heç olmasa maşınla adam vurmağı, kimisə sillə-təpiyə qonaq etməyi məsləhət görmüşdüm. Sağ olsun, rumın Katalin, yazımın mürəkkəbini qurumağa qoymadı, “Qarabağ"la oyunda öz klubunun fanatını elə meydandaca yumruğa qonaq elədi. Hələ bu azmış kimi, qızıl-qırmızı dedi ki, elə bilmişəm “Qarabağ"ın fanatıdı.

Yazının bu yerində Habil Əliyevlə bağlı məsələni xatırlatmağın əsl zamandı. Yəqin ki, yadınıza düşər, 5-10 il öncə bir səs-küylü əhvalat olmuşdu, bu gün xalq artisti titulunu daşıyan müğənninin seks kasetinin yayıldığı deyilirdi. Həmin vaxtlar hələ əməkdar artist olan həmin müğənnini guya öz həmcinsi... Kasetə baxan Habil Əliyev də deyibmiş ki, kasetdəki cavan oğlan əməkdar artistin başına nə oyun açır, gör onun əlinə xalq artisti düşsə nə edər...

Qol vurmaq əvəzinə azarkeşin üzərinə şığıyan Katalinin qarşısına “Neftçi"nin yox, “Qarabağ"ın fanatı düşsəydi, meydanda baş verənləri təsəvvür edirsiz yəqin...

Sizi bilmirəm, amma mən Tiranın bu hərəkətlərinə görə Mirça Rednikdən yaman şübhələnirəm. Bir-iki aydan sonra bir də görəcəksiz ki, bu işin arxasından rumın məşqçinin gülərüz obrazı göründü. Mənə elə gəlir ki, “Xəzər Lənkəran"ın sabiq baş məşqçisi əzəli rəqibə zərbə vurmaq, “Neftçi"ni bütün dünyada qınaq obyektinə çevirmək üçün həmyerlisi Katalinə nəsə pıçıldayıb.

Artıq “Netçi"dən qovulan Katalin Tira Rumıniyadakı yurd-yuvasına dönməkdə olsun, sizə kimdən deyim, kimdən danışım, Tahir Süleymanovdan. İndi də “Neftçi"nin keçmiş yüksək çinli əməkdaşından bəhs etməyin vaxtıdı. “Ağ-qaralar”ın qara günləri başlayandan Tahir müəllim ağ günə çıxıb, hər gün mətbuat onun dəyərli fikirlərinə geninə-boluna yer verir. Tahir Süleymanov “Tira olayı"na da biganə qalmayıb. Meydana daxil olan azarkeşə qarşı aqressiv davranan və bunun da bədəlini ağır ödəyən rumın futbolçuya Süleymanov utanmadan hələ yol da göstərib. Adama deyərlər ki, adam, heç olmasa sən danışma. “Neftçi"də adam döyməyin ənənəsi sənin zamanında qoyulmayıbmı? İndi bədbəxt günə qalan “Neftçi"də bu gün futbolçu azarkeşin üzərinə hücum çəkib, amma sən bu klubdan un kisəsi ilə maaş daşıyanda “Neftçi"nin rəhbərlərindən biri rəqib futbolçunu al qanına bulaşdırırdı, bərk gedən futbolçun bərk gedib maşınla adam vurub öldürürdü. Əlləriniz məhkəmə və futbol hakimlərinin cibindən çıxmırdı. Sənin hələ bu mövzuda danışmağa üzün də var?

Nə isə, biz burda öz-özümüzü boşuna yoruruq, Katalin Tira isə Rumıniyada yerlisi Mirça Redniklə langet yeyir...

Etibar Cəbrayıloğlu, “Het-trik news” qəzeti

Ən çox oxunanlar