728 x 90 ad

“BÖYÜK ŞƏHƏRİN BALACA HACISI” – İcra, yoxsa icarə başçısı ?

28.12.2016
“BÖYÜK ŞƏHƏRİN BALACA HACISI” – İcra, yoxsa icarə başçısı ?
  A və normal ölkə . . .

İllərdir, deyirik, yazırıq, cızırıq. Amma nə fayda? İrəli getməkdənsə, dal-dala gedirik. Ölkənin bu həssas illərində məsuliyyəti ən çox daşımalı olan məmurlar öz nitqləri ilə cəmiyyətimizdə hərarəti bir qədər də artırırlar. Sanki Azərbaycan normal ölkə statusundan çıxartmaq üçün yarışa giriblər. Götürək elə, Bakı şəhərinin meri Hacıbala Abutalubovun çıxışlarını. Azərbaycana onun nitqindən və danışıq üslubundan baxaq. Əgər normal baxmaq olarsa. Əli Həsənov demiş, məsuliyyəti özləri daşıyır. Amma dəyən də ölkənin imicinə və insanların mənəvi-psixoloji gərginliyinə dəyir.

Əgər vaxtında tədbir görülmüş olsaydı, 10 milyonluq əhalinin yarısını təşkil edən kişiləri aşağılayan, “bu ölkədə bir dənə kişi var”, - deyən Hacıbala Abutalubov dərhal üzr istədilib cəzalandırılardı.

Normal reaksiya verilmiş olsaydı, “Jurnalist görəndə, qəbirdə ölü görürəm”, - deyən şəxs 3 milyon yarımlıq əhalisi olan Bakı şəhərinin meri olaraq, sakinlərin "cəzalandırılması" funksiyasını daşımazdı

Nitqləri və tutduğu vəzifəsi ilə daima ölkənin diqqətində olan və bu cür qeyri-kafi açıqlamaları ilə gündəm yaradan merlə bağlı vaxtında addım atılsaydı, Abutalubov kimi Azərbaycan dilinin qrammatikasını(Əvəzlik) kafi bilən, bir ölkənin prezidentinə “dənə” (“bir dənə kişi var, o da prezidentimizdir”) deyən şəxs, dərhal cəzasını alardı.

Bunlar azmış kimi, Hacıbala müəllim öz nitqlərinə zamanında çox ciddi diqqət yetirib sözlərinin və tutduğu postun cəmiyyətdəki əhəmiyyətinə varsaydı,   “Yerimə məndən ağıllısı təyin olsa, sevinərəm” , - deməzdi.

Bütün bunlar deyilməsəydi, təbii ki, mən də bu yazını yazmalı olmayacaqdım. 

Bu yazdıqlarım hələ təkcə 1 nəfərin - Bakının icra başçısının dedikləridir. Açıqlamaları ilə icra deyil, icarə başçısını xatırladan Hacıbala Abutalubovun etdikləri isə yaşadığınız Bakıda göz qabağındadır. Şəhərin dağılan küçələri, kanalizasiyalar, kasıbların həsrətlə baxdığı qaldırılan göydələnlər, bu nitqlərlə alçaldılan insanlar...

Ən təəssüflüsü orasıdır ki, siyahı onunla yekunlaşmır. Sabah daha da biriləri həqarət aşılayır. Birisi gün daha birisi. Və beləcə, ölkə daha da dalana dirənir.

Eeeh, nə deyim?! Əgər Bakıya təyin ediləcək ən ağıllı mer Hacıbala müəllimdirsə(öz təbirincə), hər ötən illərimizi zülmətlərimizdən dolayı şamla axtaracağıq. Artıq rəhmsiz zülmətlərdən deyil, şamsızlıqdan narahat olun. Biz, doğurdan da ziyalılarsız - cəmiyyəti işıqlandıran mətbuatsız – Şamsız qalmışıq. Rəhmət bizə, rəhmət sənə Cavidlər, Mirzə Cəlillər, Zərdabilər, Sabirlər . . .

Adamın diplomu yox, adamın adamı olar, adamı . . . 

Arzu Səyyad

AzToday.az

Ən çox oxunanlar