728 x 90 ad

Ölkə gündəmini hansı siyasi texnologiya ilə dəyişirlər...

11.01.2017
Ölkə gündəmini hansı siyasi texnologiya ilə dəyişirlər...

“Elə düşüncə formalaşıb ki, ciddi məsələlərdən danışmağın elə də faydası olmur”


Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda xüsusi bir siyasi texnologiya mövcuddur; gündəmin dəyişdirilməsi texnologiyası. Bu nədən ibarətdir; əsasən iqtisadi gərginlik, bahalıq və ya siyasi böhranla bağlı məsələlər müzakirə olunduğu vaxt gözlənilmədən ortalığa tamamilə fərqli, şəxsi, ailə-məişət münasibətləri fonunda bütün təbəqədən olan insanların həssas yanaşdığı mövzular ortalığa atılır və ya qalmaqallı bəyanatlar açıqlanır. 

Bununla da bir anda mətbuatda, sosial şəbəkələrdə bütün diqqət həmin olaya yönəlir, gündəm əsasən ondan ibarət olur. Bundan əvvəl əsas müzakirə obyekti olan daha vacib məsələ isə ikinci plana keçməli olur, bəzən isə unudulur. Bəs ölkə gündəmini bir anda dəyişə bilən texnologiyalar kimlər tərəfindən və necə hazırlanır?

Mövzu ilə əlaqədar “Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, bu cür texnologiyalar əsasən siyasi texnologiya adlanır: “Siyasi texnologiyalar dünyanın hər yerində hazırlanır və dövriyyəyə buraxılır. Bu texnologiyalar vasitəsilə həm gündəm formalaşdırılır, həm də ictimai şüura təsir etmək imkanları əldə edilir. Bu, Qərb ölkələrində çox zaman əks düşərgələrdə olan siyasi partiyalar arasında baş verir. Amma təəssüflər olsun ki, bizim ölkədə siyasi gündəm bəzən siyasi konyuktura yaratmaq, diqqəti daha çox buna yönəltmək və nəticə etibarı ilə qışqırıb-bağıran problemlərdən bir növ yayınma üsulu kimi istifadə edilir. Bu onunla əlaqədardır ki, iqtidaryönlü media daha çox üstünlük təşkil edir və müstəqil media ilə müqayisədə daha böyük potensiala, resurslara malikdir. Əlbəttə ki, burada jurnalistin öz peşəsinə vicdanla yanaşması da əsas rol oynayır. Jurnalist siyasi konyukturaya uymamalı və iqtidarpərəst olsa belə, iqtidarın daha da populyarlaşması və onun cəmiyyətdə reytinqinin artması üçün cəmiyyətdəki əsas çatışmamazlıqların üzərinə yeriməyi bacarmalıdır”. 

Image result for Sosioloq Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bu cür texnologiyalar mövcud olsa da, cəmiyyət bəzən özü ucuz olaylara daha çox maraq göstərir: “Əhali indi elə vəziyyətdədir ki, daha ciddi məsələlər barədə düşünməyə  tənbəllik edir. Ya da elə düşüncə formalaşıb ki, ciddi məsələlərdən danışmağın elə də faydası olmur. Ona görə də bəzən insanlar öz-özlərini aldadır, nə iləsə başını qatmağa çalışır. Məsələn, bugünlərdə ölkə gündəmini dəyişən 10 yaşlı Nurayla bağlı məsələnin bu qədər şişirdilməsinin, sağdan-soldan baxılmasının elə də mənası yox idi. Bu məsələdə sadəcə bir ahəng prinsipi ilə yanaşmaq lazım idi. Və Nuray məsələsinə həddindən artıq diqqət olunması adamı şübhələndirdi. Sanki kimsə qəsdən o məsələnin tirajlanmasını istəyirdi”.

Sosioloqun sözlərinə görə, bu cür texnologiyalarla bağlı xaricdə təhsil alıb, formalaşıb, ölkəyə gələrək öz xidmətlərini təklif edən insanlar var: “Son vaxtlarda bu cür texnologiyalara çox məruz qaldıq. Buna da artıq vərdiş etmək lazımdır. Bu hər hansı bir qeyri-adi göstərici deyil. Lakin qeyd etdiyim kimi, digər tərəfdən, bu, bir simptom ola bilər, əhali belə informasiyalara daha da həssaslaşıb. Əhalinin informasiya mədəniyyəti formalaşarsa dövlətçilik, tərəqqi və sairə naminə daha keyfiyyətli, daha lazımli informasiyalarla işləyəcək. Yəni bu prosesləri özbaşına buraxmağın özü də düzgün deyil”.
Xalidə GƏRAY

Ən çox oxunanlar