728 x 90 ad

Palmali bəyanat yaydı: Mübariz Mənsimov FHN-ə sualtı qayıq hədiyyə etdi

09.01.2017
Palmali bəyanat yaydı: Mübariz Mənsimov FHN-ə sualtı qayıq hədiyyə etdi
«Palmali» Şirkətlər Qrupu və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əldə olunmuş razılığa əsasən «Palmali» Şirkətlər Qrupuna məxsus «DeepFlight DF-302  Super Falcon» sualtı qayığının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə bağışlanması həyata keçirilib.

«Palmali» Şirkətlər Qrupu uzun illərdir ki, Azərbaycan Respublikasında müxtəlif sahələrdə öz fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında reallaşan çevik iqtisadi kursu daim dəstəkləyən «Palmali» Şirkətlər Qrupu ölkə iqtisadiyyatına davamlı dəstək verməkdən qürür duyur. Azərbaycanda həyata keçirilən hər bir layihə «Palmali» Şirkətlər Qrupu üçün prioritetlər siyahısında yer alır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əldə olunmuş bu razılıq «Palmali» Şirkətlər Qrupunun Azərbaycan dövlətinə və rəhbərliyinə bəslədiyi xüsusi münasibətinin daha bir bariz nümunəsdir. 

«Palmali»  Şirkətlər Qrupu tərəfindən göstərilən bu təşəbbüs həm də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin çoxşaxəli və uğurlu fəaliyyətinə verilən yüksək qiymətdir. Adıçəkilən sualtı qayığın Xəzər dənizində baş vermiş son faciə nəticəsində itkin düşən nefçilərin axtarışına da tövhə verəcəyinə «Palmali» Şirkətlər Qrupu tərəfindən böyük ümid bəslənir. «Palmali»  Şirkətlər Qrupu fürsətdən istifadə edərək son dərəcə məsuliyyətli vəzifələrini peşəkarlıqla yerinə yetirərək Azərbaycan xalqına layiqli xidmət göstərdiklərinə görə Fövqəladə Hallar Nazirliyinin bütün kollektivinə təşəkkür edir. 

«Palmali» öz fəaliyyəti və imkanları çərçivəsində Azərbaycanın hər sahədə inkişafı və tərəqqisi üçün bundan sonra da eyni əzm və istəklə çalışmalarını davam etdirəcəkdir. 
Razılaşma predmeti olan «DeepFlight DF-302 Super Falcon» sualtı qayığı 2014-cü ildə istifadəyə verilmişdir. Qayığın uzunluğu  6.3 metr, eni  2.7 metr (qanadları yığılmaqla – 1.4 metr), hündürlüyü 1.6 metr təşkil edir. Saatda 11.2 kilometr qət edə bilən «DeepFlight DF-302 Super Falcon» üç sürət rejiminə malikdir və rahat idarəolunması ilə seçilir. Qanadları və sürəti hesabına dərinliyə doğru hərəkət edən bu qayıq çevik manevr qabiliyyəti sayəsində ən mürəkkəb ərazilərdə əməliyyatların həyata keçirilməsi imkanını yaradır.


Ən çox oxunanlar