728 x 90 ad

İslam Kərimovun siyasi varis planının olmamasının sirri

24.11.2016
İslam Kərimovun siyasi varis planının olmamasının sirri
Dekabrın 4-də Özbəkistanda prezident seçkiləri keçiriləcək. Ölkəyə 27 il fasiləsiz prezidentlik edən İslam Kərimovun bu il sentyabrın 2-də ölümündən sonra Özbəkistan siyasi qeyri-müəyyənliyə yuvarlanıb. Prezident vəzifəsini müvəqqəti olaraq baş nazir Şövkət Mirziyəyev icra etsə də, İslam Kərimovun dövründəki ictimai-siyasi sabitlik artıq yoxdur. 

4 dekabrdan sonra vəziyyətin yaxşılaşacağı da bəlli deyil. 27 il avtoritar rejimin hökm sürdüyü Özbəkistanda bu rejimi quran və idarə edən İslam Kərimovun özündən sonrakı dövr üçün siyasi varis planının yoxluğu, siyasi varisini müəyyənləşdirmədən dünyadan getməsi qeyri-müəyyənliyi  yaradan ciddi faktor sayılır. 

Politoloq Qabil Hüseynli hesab edir ki, İslam Kərimovun 27 il hakimiyyətdə olmasına rəğmən özünə siyasi varis hazırlamamasının bir neçə səbəbi var. Birinci səbəb odur ki, avtoritar liderlərdə müşahidə olunan ölümsüzlüyünə inam hissi ola bilsin, İslam Kərimovda da yaranıbmış. 

İslam Kərimov kimi avtoritar liderlər hesab edirlər ki, onlar ancaq hakimiyyət üçün yaranıblar və hakimiyyət də onların çox uzun müddət yaşamasına təminat verəcək: “İslam Kərimov da son zamanlar özünəvurğunluq xəstəliyinə tutulmuş bir şəxsiyyət idi. Ola bilsin, ölümünün baş verəcəyinə ya inanmırdı, ya da çox az inanırdı. Ona görə də siyasi varis hazırlamağa ehtiyac duymurdu”.

Image result for Qabil hüseynli

Politoloq qeyd etdi ki, İ.Kərimovun siyasi varis hazırlamamağının köklü səbəblərindən biri də o ola bilərdi ki, onun həyat yoldaşı yəhudi idi və həmin qadından dünyaya gələn iki qız övladı isə fərsiz övladlar çıxdı. Onlara siyasi hakimiyyət etibar eləmək olmazdı: “İslam Kərimov yaxşı bilirdi ki, bu qızları ölkədə mövcud olan klanlar və oliqarxlar qısa müddətdə ya hakimiyyətdən devirəcəklər, ya da öz təsirləri altına salacaqlar. Onun qızı Gülnarə haqqında dəfələrlə yayılan müxtəlif xəbərlər də sübut edir ki, bu qızları hakimiyyətə hazırlamaq və hakimiyyəti ötürmək çətin məsələ idi. Bunu çox güman ki, İslam Kərimov özü də başa düşübmüş. Kərimovun ətrafı məddahlarla dolu idi və bu məddahlardan bəziləri ona sadiq olacaqlarını və onun siyasi xəttini davam etdirəcəklərini inandıra bilmişdi. İndi prezidentliyə namizəd olan baş nazir Şövkət Mirziyəyev də onlardan biridir. Ola bilsin ki, İslam Kərimov bir müddət də yaşasaydı siyasi varis planını hazırlayacaqdı və həmin məddahlardan birini siyasi varisi olaraq seçəcəkdi. Lakin beyin qanaması və ölüm onu qəfil yaxaladı. Özbəkistandakı siyasi proseslər isə qeyri-müəyyənliklə baş-başa qaldı”. 

Q.Hüseynli qeyd etdi ki, İslam Kərimovun ölümündən sonra prezident səlahiyyətlərini icra edən  baş nazir Şövkət Mirziyəyev prezident seçkilərində qalib gələcək. Amma onun möhkəm hakimiyyət qura biləcəyi və Özbəkistanda ictimai-siyasi sabitliyi təmin edə biləcəyi ciddi suallar doğurmaqdadır. Çünki tayfa və qəbilə şüurunun hökm sürdüyü cəmiyyətdə müxtəlif oliqarxik qruplaşmalar seçkiöncəsi hərəkətə keçib: “Belə bir cəmiyyətdə demokratiyanın qurulması mümkün deyil. Çünki demokratik təsisatlar, demokratik ənənələr yoxdur. Bir neçə siyasi partiya formal olaraq mövcud olsa da hamısı iqtidaryönlüdür. Ona görə də çoxpartiyalı siyasi sistemin olmamağı da orada demokratiya qurulmasına imkan vermir. Seçki klanların mübarizəsi şəraitində keçəcək. Bu səbəbdən də möhkəm siyasi hakimiyyətin bərqərar edilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi işi hələ uzun vaxt alacaq”.  

Ən çox oxunanlar