728 x 90 ad

Tanınmış vəkil broyler şirkətinin sahiblərini ifşa etdi - erməni şirkətindən alınan yumurta məsələsinə aydınlıq gəldi

18.12.2016
Tanınmış vəkil broyler şirkətinin sahiblərini ifşa etdi - erməni şirkətindən alınan yumurta məsələsinə aydınlıq gəldi
Bu hakimiyyət korrupsiya ilə tək biznes mühitini məhv edib, layiqli iş adamlarını Vətənlərindən didərgin salmadı, həm də burada olan iş adamlarının əksəriyyətinin əxlaqını məhv etdi. Bu yazıda diqqətinizə çatdıracağım halın qanunun olduğu ölkədə baş verməsinə heç kim inanmaz. Bir müddət bundan əvvəl Sumqayıtda bəlaya düşmüş iş adamlarının problemini işıqlandırdıqda bir çox izləyicilər elə həmin iş adamlarının da günahsız olmadığını yazmışdılar. Əvvəllər razılaşmasam da bu günlərdə rastlaşdığım, heç bir əndazəyə sığmayan hadisə fikrimi dəyişdi. Çalışıb olanları maksimum qısa şəkildə diqqətinizə çatdıracam. Tək hakimiyyətin yox, Azərbaycandakı bəzi iş adamlarının da dəyişməsi üçün yazını maksimum paylaşmanızı xahiş edirəm.

Bu ilin may ayında Türkiyədə tanıdığım çox nüfuzlu bir şəxs bir iş adamını qəbul edib bacardığım köməkliyi göstərməmi xahiş etdi. Az sonra Bakıda “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin sahiblərindən biri Ömür Oralla görüşdə məlum oldu ki, sahibi olduğu şirkət “Siyəzən Broyler” ASC-yə göndərdiyi yumurtaların təxminən 1 milyona yaxın ABŞ dollarını ala bilmir. Təxminən 3 ay sənədlərlə mükəmməl tanış olduqdan sonra Sumqayıt İnzibati-İqtisad məhkəməsinə “Siyəzən Broyler” ASC-dən satılmış mallara görə əsas borc üzrə, icranın gecikdirilməsinə görə dəbbə pulu, malın alınmasından imtinaya görə cərimə, ödənişin gecikdirilməsinə görə faizlər üzrə – cəmi 7 199 068,03 ABŞ dolların “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin xeyrinə tutulması iddiası ilə müraciət etdik.

Az sonra bəlli oldu ki, “Siyəzən Broyler” ASC Azərbaycanın ən üst qatında təmsil olunanlara məxsusdur. Həmin şəxslərin nümayəndələri mənə müraciət edib bildirdilər ki, “Siyəzən Broyler” ASC-nin həqiqətən “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nə 3 milyon 800 min ABŞ dolları civarında borcu olmuş və son sentinə qədər özünü türk şirkətinin nümayəndəsi kimi təqdim edən Mürvət Həsənov adlı şəxsə ödənilmişdir.

Bütün maraqlı hadisələr bundan sonra bəlli oldu. Bu barədə Ömür Oralla danışdıqda bilindi ki, həqiqətən onlar Azərbaycana göndərdikləri malların ödənişinin təmin edilməsi üçün Mürvət Həsənova hər yumurta üçün bir sent vermişlər və müəyyən müddət də bu qaydada işləmişlər, ancaq 2015-ci ildən borc 3 milyon 800 min ABŞ dollarına çatdıqda M.Həsənovun xahişlərinə baxmayaraq onlar yumurta göndərməyi dayandırıb pulun tam ödənilməsini tələb etmişlər. M.Həsənov onlara bildirmişdir ki, “Siyəzən Broyler” ASC borcunu ödəməkdən imtina edir və sahibləri hakimiyyətin ən üst qatında olduğundan borcun ödənilməsi sual altındadır. İşlədikləri müddət M.Həsənov daim onlara qayğı göstərdiyindən, özünün Azərbaycanda ən dürüst iş adamı olduğuna inandırdığından onlar kirvə də olmuşlar. Buna görə də M.Həsənovun dediklərinə heç bir şübhə etməmiş, ancaq pullarını tələb etməkdə israr etmişlər. Bu müddət ərzində M.Həsənov Ömür Orala, özünün Azərbaycanda çox ciddi nüfuz sahibi olduğundan, borcların qaytarılmasına çalışacağını bildirmişdir. Bir müddət M.Həsənov onlara təxminən 2 milyon dollar göndərmiş qalan borcun isə ödənilməsinin mümkünsüz olduğunu bildirmişdir. Ömür Oral borclarını tələb etmək üçün Bakıya gələcəyini bildirdikdə M.Həsənov ona Bakıya gəlməsinin onun üçün təhlükəli olduğunu, ödədiyi pulun isə güclə öz nüfuzu, oğru dünyasının adamları ilə zorla təmin etdiyini, Azərbaycanın mafiya qanunları ilə idarə edildiyini bildirmişdir.

Buna inandığından Türkiyədə tanınmış bir hüquqşünasla məsləhətləşdikdə isə mənə müraciət etmək tövsiyyə olunmuşdur. Bunları biləndən sonra “Siyəzən Broyler” ASC-ni təmsil edən şəxslərlə anlaşdıq ki, belə olan halda bizim onlara heç bir iradımız yoxdur, ancaq onlar bu barədə rəsmi strukturlara ödəniş sənədlərini təqdim etsinlər. Belə də oldu. Həmin şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət etdilər. Bundan dərhal sonra M.Həsənov Ömür Orala müraciət edərək borcu tam ödəyəcəyini, buna görə istənilən yerdə və vaxtda onunla görüşüb problemləri həll etməyə, borcu tam qaytarmağa hazır olduğunu bildirir. Ömür Oral isə baş verənlərdən sonra ona heç inanmadığını və ancaq vəkilinin yanında görüşə biləcəyini bildirir. Dəfələrlə danışıldıqdan sonra, Ömür Oral bacardığı qədər borclarından keçir və son olaraq qərara alınır ki, o, qaldırdığı iddiadan çəkilir və M.Həsənov “Siyəzən Broyler” ASC-yə olan 894 min ABŞ dolları və özünün şəxsi şirkətinə aldığı yumurtalara görə 527 min ABŞ dolllar borcunu, ümumilikdə 1 mln 427min ABŞ dollarını 15 dekabr 2016-cı ilə qədər tam ödəyir. Bu barədə son olaraq mənim ofisimdə M.Həsənov göz yaşları tökərək borcu 1 milyon 300 min ABŞ dollarına qədər endirdi və bu barədə videoçəkiliş aparılmaqla borc müqaviləsini imzaladı. Bu müddət ərzində onun hansı cildlərə girməsi məni, cürbəcür insanlar görmüş birisini də dəhşətə gətirmişdi. Onun etdiklərinin az qismini diqqətinizə çatdırım. M.Həsənov özü şəxsən mənə “Aslan müəllim, siz Azərbaycanda tək kişisiniz, sizin üçün mən canımdan belə keçməyə hazıram” deyə-deyə, söz arası “Aslan müəllim, mən sizə istədiyiniz məbləği verəcəm, siz bu işdən keçin, mən Ömürlə olan problemi özüm həll edəcəm” təklifini də edirdi. Baxışlarımı görən kimi “bax buna görə hamı sizinlə hesablaşır” deyə dərhal düzəliş edirdi. Bundan sonra kimləri üstümə salmadı ki, mən ona 300 min ABŞ dollar verirəm bu işdən vaz keçsin. Bu təkliflərə uyub müraciət edən hörmət etdiyim şəxslər belə oldu. Öz şəriki Mamed adlı şəxslə Türkiyəyə gedib Ömür Oralı şantaj etdi, vergi orqanlarına müraciətlər imzaladı. Bundan sonra rəsmi strukturlara “Aslan İsmayılov Ömür Oraldan 200 min alıb problemin həll olunmasına əngəl törədir“ və s. və i.a. Çox böyük nüfuz sahiblərindən biri də mənə “Aslan müəllim, Ömür verdiyi 200 mini Mürvət də sizə ödəməyə hazırdır“ dedikdə artıq məcbur olub həmin dəqiqə Ömürə zəng edib dediklərini təkrarladım. Ömür Oral elə həmin an “o sözü deyən kişi ilə məni üzləşdirin“ cavabından sonra həmin şəxs bir iki günə problemin həll olunacağını bildirdi.
Bundan sonra bu yazının əsas məqsədi olan fikirləri M.Həsənov və vəzifələrindən istifadə edib onun arxasında durub, həqiqi iş adamlarına “Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin mallarını almayın deyənlərə, həmin iş adamlarına basqı təşkil edənlərə bir daha anladıram. Məni özünüzlə səhv salmayın! Məni təhdid etməklə də özünüzü yormayın. Bildiyim qədər M.Həsənov keçmiş MTN-çi dostlarından əldə etdikləri cihazlar vasitəsi ilə hər şeyi yazır və çəkir. Əgər onunla mənim aramda olan söhbətlərə arxalanırsınızsa istədiyiniz kimi istifadə edin. Orada dediklərimi buradan da təkrarlayıram. Bu ölkənin hüquq mühafizə orqanları, məhkəmələri və digər vəzifəli şəxsləri hamını rəzil günə saldığını Mürvətlə söhbətdən başqa həmişə demişəm və yenə deyirəm.
“Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” isə öz mükəmməl işi ilə Türkiyədə ən böyük yumurta istehsal edən şirkətdir, Azərbaycandan başqa 14 ölkəyə də mal ixrac edir. Şirkətin sahiblərindən biri, Türkiyədə nüfuzlu iş adamlarından sayılan Ömür Oral Türkiyə ixracatçılar Məclisinin Su və Heyvan mənşəli məhsullar birliyinin İdarə heyətinin üzvüdür. Azərbaycana gəldikdə isə həqiqətən Azərbaycanda quşçuluğun inkişafının məhz bu şirkətlə bağlı olduğunu bu sahədə çalışanların hamısı bilir. Azərbaycanda hər il tuğyan edən quş qripinin də qarşısını öz işi ilə məhz bu şirkət almışdır. Bu problemdən sonra 2015-ci ilin iyun ayından Azərbaycanla əməkdaşlığı kəsiblər. Adı çəkilən şirkətin ermənilərə məxsus olması isə daha maraqlı söhbətdir. Bunu M.Həsənov heç vaxt bilə bilməzdi. Məhz kirvə olduqlarına görə Ömür Oral özü Mürvətə demişdi ki, ermənilərə məxsus, indi dəqiq deməyəcəm 5%, yaxud 15%-i faktiki olaraq alsalar da rəsmiləşdirə bilmirlər. M.Həsənov hamıdan yaxşı bilir ki, pay sahibi Raffi Bozaçiyan 3 ilə yaxındır ki, İstanbulun Amerikan xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan nə də vərəsələri rəsmiləşdirə bilmir.

“Siyəzən Broyler” ASC-nin sahiblərinin adlarını çəkməməyim ehtiyat etməyimlə yox, həqiqətən pulların M.Həsənova tam ödənildiyinə əminliyimlə bağlıdır.

P.S. Həqiqətən insan murdarlığının sərhədləri yoxdur.

Aslan İsmayılov, tanınmış hüquqşunas

Ən çox oxunanlar