728 x 90 ad

Tək səndin mənə doğma, bu fani dünyamızda...

12.12.2016
Tək səndin mənə doğma, bu fani dünyamızda...
Babam Heydərə                       
 
Ulduzlar pillə-pillə
düzülsəydi səmaya,
Ay da nurun səpsəydi
kəhkəşanlı yollara.
Birər-birər qalxardım,
baş vurardım göylərə,
Səni oradan alıb,
qaytarardım geriyə...
 
Külək qadir olsaydı,
hisləri çatdırmağa,
Açaraq ürəyimi,
Verərdim tufanlara.
Coşardım, bağırardım,
göyə, külli-aləmə.
Sən də duyardın yəqin, –
darıxmışam mən necə...
 
Səsin hələ canlıdır,
ürəkdədir o vaxtdan;
Ötən günləri, əlbət,
sən də xatırlayırsan...
Çaylar çatdırsa mənə
dediyin o sözlərdən.
Bil ki, çox qiymətlidir
min diləkdən, istəkdən...
 
Mən bilmirəm hardasan, –
Harda arayım səni?!.
Buludlara möhtacam,
anlatsınlar yerini...
Əlim əlinə dəysin,
sığallayım, oxşayım.
Tək bu ana həsrətəm, –
Vüsalına yetişim...
 
Yağış niyə ağlayır? –
göz yaşı da bir ümman...
Bu suala cavabı,
ala bilsəm yağmurdan
Ay da gələrdi dilə,
söyləyərdi gizlicə –
Ruhun şaddır, yoxsa ki,
gəzir göydə eləcə?
 
Yenə öncəki təki,
qayğın mənə aşikar;
Uzaqda olsan belə,
ruhun olur mənə yar...
Danışa bilsəydilər, 
uca dağlar, zirvələr,
Səni çox sevdiyimi
həmən yetirərdilər.
 
Aramızda ağaclar,
dönüb körpü olsaydı,
Ayaqyalın, başaçıq 
gələrdim həmən 
qaçıb;
Mən heç də hər hissimi
sözə çevirəmmirəm.
Gülərdim, təbəssümüm
söyləyərdi: 
– Sevirəm..!
 
Bir gün bir qalib gündüz,
gecəni əsir alsa,
Günəş şəfəqləriylə,
zülmətə işıq salsa...
Səni bağrıma basıb,
bərk-bərk qucaqlayaram;
Nə olsa da, gözümdən
uzağa buraxmaram...
 
Tək səndin mənə doğma
bu fani dünyamızda;
Xatirən əbədidir
ürəyimdə, ruhumda...
Yenə də ümidliyəm
bitməyəcək görüşə...
Mən buna inanıram
ümman boyda sevgimlə...(modern.az)
 
Tərcümə: Mahir Qabiloğlu

Ən çox oxunanlar