GündəmİqtisadiyyatManşet

İlham Əliyev Daşaltı kəndinin bərpası ilə bağlı görülən işlərlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Qarabağa səfəri çərçivəsində iyulun 21-də Şuşa rayonuna gəlib.

Dövlət başçısının saytının məlumatına görə, o, Daşaltı kəndinin bərpası ilə bağlı görüləcək işlərlə tanış olub, özəl investisiyalar hesabına inşa olunacaq yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlqoyma mərasimində iştirak edib.

Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına 65 hektar sahədə görüləcək işlər barədə məlumat verib. Burada 220 ailə üçün mənzil tikiləcək və əhalinin ümumi sayı 1100 nəfər olacaqdır.

Sakinlər üçün 228 ev, o cümlədən 9 ikimərtəbəli yaşayış binası, “taunhaus” tipində 66 ikimərtəbəli blok ev və 153 ikimərtəbəli fərdi yaşayış evi tikiləcək.

Kənddə eləcə də məscid, məlumat mərkəzi, qonaq evi, emalatxanalar, iaşə və ticarət obyektləri, sərgi salonu, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, poçt şöbəsi, klub-ictimai mərkəz, mehmanxana və istirahət mərkəzinin, aktiv turizm zonalarının tikintisi nəzərdə tutulur.

10 binadan ibarət mehmanxana kompleksi və istirahət mərkəzi 2,4 hektar ərazidə kənd üslubunda tikiləcək.

Evlərin və turizm obyektlərinin tikintisini “PMD Group” MMC həyata keçirəcək.

Prezident Daşaltadan Şuşa şəhərinə gedib, burada 90 çarpayılıq Şuşa şəhər xəstəxanasında və 960 şagird yerlik Şuşa şəhərindəki 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub.

Bənzər yazılar

Back to top button