Mədəniyyət

Van Damm ilə eyni filmə çəkilən azərbaycanlı aktyor – “Fantastik” adam

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyada məşhur olan, amma azərbaycanlı kimliyindən çox adamın xəbərsiz qaldığı, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs klassik dünya kinosunun məşhur simalarından biridir. Aktyor Cahangir Qaffaridən bəhs edirik.

Cahangir Qaffari, ya da digər səhnə adlarıyla Con Foster, Conni Qaffari – güney azərbaycalı aktyor və rejissordur.

Cahangir Qaffari 1942-ci ildə Tehranda azərbaycanlı ailəsində doğulub. 1960-cı illərdə bacısını görmək üçün gəldiyi İstanbulda tale üzünə gülür və “Yeşilçam”ın qapıları üzünə açılır. 1960-80-ci illərdə fantastik və qeyri-peşəkar filmlərdə çəkilir, daha sonra ölkəsinə qayıdır.

Türkiyədə “qeyri-ciddi filmlərin oyunçusu” kimi adını kino tarixinə yazdırıb. Qısa müddət sonra ABŞ-a üz tutan aktyor burada özünə “Con Foster” və “Conni Qaffari” kimi səhnə adları götürür.

“Hundra”, “Yellow Hair and the Fortress of Gold” və “La cruz de Iberia” filmlərinin istehsalçısıdır.

Qaffarinin macəraları

Cahangir Qaffarinin 1970-ci illər türk kinosundakı sərgüzəştləri olduqca zəngindir. Həmin illərdə rol aldığı filmlər qəribə idi: istər tamaşaçı auditoriyası, istərsə də tənqidçilər tərəfindən həmin filmlər birmənalı qarşılanmırdı. Rol aldığı qeyri-ciddi ssenarilər onun haqda belə təəssürat yaratmışdı ki, o bunu əyləncə və maraq xatirinə edir.

Təkcə əyləncə üçün yox, kino sahəsindəki dostlarına yardım etmək, habelə “super qəhrəman” kimi obrazları canlandırmaq istəyinə görə də gələn təklifləri qəbul edirdi.

Tənqidçilərin fikrincə, Cahangir Qaffari onun istedadını üzə çıxara biləcək doğru ssenarilərə çəkilsəydi, daha böyük uğurlara imza ata bilərdi. Amma bunu heç vaxt etmədi.

Qəribə adam

1960-cı illərin axırlarından 1980-ci ilərin sonuna qədər bir-birindən fantastik, əcaib filmlərdə bir-birindən fantastik, əcaib və qeyri-ciddi obrazları canlandırıb. Türkiyədə qısa müddətdə bir neçə filmdə oynadıqdan sonra dərhal ölkəsinə qayıtmışdı. Amma onun peşəkarlığına şübhə etməyənlər də vardı. Tənqidçilərə görə, Cahangir Qaffari bir dönəmə öz möhrünü vurmuş filmlərin baş rollarında oynamaq üçün dövrünün ən məşhur aktyorları ilə rəqabətdə qalib gəlmişdi.

Türk tamaşaçısı Cahangir Qaffarini bir zamanlar canlandırdığı “Zaqor”, “Cəngavər Leopold” və “Lord Cefri” obrazları ilə xatırlayır. Yəni, haqqında nə qədər ziddiyyətli danışılsa da, aktyor bir zamanların ən sevilənlərindən biri idi.

Tamaşaçılar onu saqqallı, qanun tanımayan, öz əli-öz başı olan kovboy obrazlarında görməyə adət etmişdilər. Canlandırdığı obrazlara xarakterik xüsusiyyətlər qazandırmağı da bacarırdı. Tənqidçilərə görə, Cahangir Qaffari möhtəşəm aktyordur, istedadlıdır, lakin onun uğurlarına kölgə salan dublyaj işinin qeyri-peşəkar qurulması idi. Yəni, Cahangir Qaffari də bir çoxları kimi dublyajın qurbanı olanlardan biridir. Məsələn, Cüneyt Arkın kimi.

Bir çox filmlərdə mənfi qəhrəmanları canlandıran Qaffarinin “pis adam qəhqəhəsi” qeyri-peşəkar dublyaj işinə görə gülüş obyektinə çevrilmişdi. Hələ də bu qəribə qəhqəhələrə gülənlər az deyil. Hər nə qədər qəribə qarşılansa da, Cahangir Qaffarinin kino dünyasında özünəxas bir duruşu var. Nostalji bir dövrün xarakteri kimi çox sevilir.

Van Dammla eyni səhnədə

Qaffarinin Türkiyədən sonra Amerika sərgüzəştləri başlayır. Okeanın o tayında Con Foster və Con Qaffari adlarıyla filmlər çəkməyə çalışır. Hətta 1988-ci ildə Hollivud “ulduzu” Jan-Klod Van Dammın baş rolunu oynadığı “Qan yarışı” adlı bir filmdə kiçik bir rol alır. Lakin bununla məhdudlaşmır və öz filmlərini özü çəkmək qərarı verir.

1983-cü ildə “Hundra”, 1984-cü ildə “Yellow Hair and the Fortress of Gold”, 1990-cı ildə “La cruz de Iberia” filmlərini ərsəyə gətirir. Bu filmlərin çəkilməsi isə kino çevrələrində “istedadsız” kimi ad çıxarmış Azərbaycan əsilli aktyorun karyerasının sonuna təsadüf edirdi.

Sosial şəbəkələrdə paylaşılan filmlərinə yazılan şərhələrdə də tamaşaçıları Cahangir Qaffariyə “nostalgiya dövrünün aktyoru” kimi rəğbət bəslədiklərini gizlətmirlər. Karyerası ərzində İran, Türkiyə və ABŞ-da 70-ə yaxın filmdə rol alıb.

Cahangir Qaffari İstanbulda olarkən, məşhur aktrisa Gülsüm Kamu ilə evlənib. Amma bu da kino karyerası kimi uzun çəkməyib.

Müəllif: Mənsur Rəğbətoğlu

Bənzər yazılar

Back to top button