İqtisadiyyat

Koronavirusun biznesə verdiyi əvəzsiz dərs… – Marketinq direktoru

“Karantin bizdən tələb etdi ki, verdiyimiz qərarları bir az sürətləndirək”.

Bunu Qaynarinfo-ya açıqlamasında “Bizim market”in marketinq direktoru Pərviz Əzimov gələcəkdə hər hansı bir pandemiyanın mənfi nəticələrindən biznesi sığortalamaq üçün istifadə ediləcək üsullardan danışarkən deyib.

Pərviz Əzimov qeyd edib ki, ölkəmizdə olan bizneslərin 95%-i ənənəvi biznes modellərdir:

“Ənənəvi biznes modeli nədir? Bizim bizneslər rəqəmsallaşmayıb. Rəqəmsallaşması kifayət qədər ləngiyir. Pandemiya dövründə göründü ki, əslində, bizneslərin sürətli şəkildə rəqəmsallaşmağa ehtiyac var. Əsaslandırsaq, mağazaların bir hisəsinin bağlandığı vaxtlarda ticarət dövriyyəsi kifayət qədər artmağa başladı. Bir çox mütəxəsislər deyirdi ki, şirkətlər ticarət tərəfini gücləndirməli və ticarəti ciddi bir satış kanalı kimi görməlidir. Necə xarici ölkələrdə ciddi ticarət nümunələri var, bizdə də eyni zamanda bununla bağlı işlər görülməlidir. Amma sahibkarlar, iş adamları bir çox hallarda bunu ikinci plan kimi görürdülər və ticarəti ciddiyə almırdılar. Pandemiya dövrü göstərdi ki, ölkə biznesinin rəqəmsallaşmasına ehtiyacı var. Hansılar ki, qismən ticarətin qurulmasında müəyyən addımlar atmışdı, həmin şirkətlər pandemiya böhranından kifayət qədər yaxşı çıxdılar. Əvvəlki qədər satış edə bilməsələr də, heç bir satış edə bilməyən şirkətlərlə müqayisədə elektron ticarəti olan şirkətlər çox ziyana düşmədilər. Azərbaycanda şirkətlər tanyıram ki, heç bir mağaza işləməyən vaxtlarda normalda olan dövriyyənin 60-70% -i qədər dövriyyələri oldu. İkinci məsələ isə bundan ibarətdir ki, Azərbaycan biznesində çox ciddi bürokratik problemlər var. Bu problemlərdə qərarların qəbul edilməsində gecikmələr yaranıb. Karantin dövrü göstərdi ki, bu ləngimə şirkəri geriyə slan əsas səbəblərdən biridir. Karantin bizdən tələb etdi ki, biz verdiyimiz qərarları bir az sürətləndirməliyik. Məsələn, Operativ Qərargah elan edir ki, iki gün sonra evdən çıxmaq qadağandır. Şirkətlər məcbur oldu ki, qərarları sürətləndirsinlər. Hər hansı kampaniyanın keçirilməsinə 10 gün ərzində qərar verməyə çalışan şirkətlər bu dönəmdə bir saata qərar verdilər”.

Pərviz Əzimov bildirib ki, Azərbaycan şirkətləri bu kimi halların yaşanacağı dövrlər üçün qismən də olsa, özlərini toparlaya bildilər:

“Şirkətlər indidən növbəti ola biləcək hadisələrlə bağlı hazırlıqlara başlayıblar. Azərbaycanda 2014-2015-ci il ildə də neftin ucuzlaşması, 2 dəfə dolların qalxması zamanı da şirkətlər dərs çıxarmışdı. Heç bir işə yaramayan əməkdaşlar, boş yerə əmək haqqı alanları çıxarıb daha sanballı işçiləri cəlb etmişdilər. İndi də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün daha ağıllı və çevik əməkdaşları işə cəlb eləməyə məcburdurlar. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycan şirkətləri öz xərclərini daha dəqiq hesablamağa başladılar. Yəqin ki, bu şirkətlər xərclərini daha doğru optimallaşdırmağı bacarsalar, onlar bu vəziyyətdən qismən sığortalı çıxacaqlar”.

Bənzər yazılar

Back to top button