Gündəm

Müharibə artıq başlayıb – Qarabağla bağlı SOS xəbərdarlıqları

Böyük sülhə aparan yolu necə açmalı? – Gündəmin sualı; Ekspertlərə görə, vəziyyət ötən ilin aprel öncəsinin eynidir; Beynəlxalq Böhran Qrupu isə güclü diplomatik səylər olmazsa, döyüşlərin qızışacağı barədə xəbərdarlıq edir; müharibəni tətikləmək kimin marağındadır?..

Cəbhə xəttindəki 25 fevral insidentindən sonra müharibə mövzusu yenidən gündəmə gəlib. Artıq baş verən erməni təxribatı ilə bağlı BMT baş katibi Antonio Quttereş, ATƏT-in Minsk Qrupu həmsədrləri, Türkiyə, İran, bir sıra digər ölkələr bəyanat verərək, narahatlıqlarını bildirib. Lakin təcrübə göstərir ki, belə bəyanatlarla “donuzu darıdan çıxarmaq” mümkün məsələ deyil.
Xüsusən də söhbət həmsədr dövlətlərdən, beynəlxalq təşkilatlardan gedir. Onlar həmişəki kimi, “tərəfləri danışıqlara çağırırıq” kimi növbətçi bəyanatlarla kifayətləndilər, işğalçını nəhayət, adı ilə çağırmağa yenə cürətlənmədilər. Bunsuz – yəni Ermənistanın işğalçı siyasətinə hüquqi qiymət verilməyincə isə, Qarabağ konflikti öz həllini tapmayacaq. Demək, sülh danışıqları da səmərə verməyəcək və müharibə həmişə qapını kəsdirəcək.
***
Zatən, o, onsuz da qapıdadır. Tanınmış politoloq və tarixçi alim, beynəlxalq miqyasda Azərbaycanın haqq işini müdafiə edən azsaylı rusiyalı ekspertlərindən biri Oleq Kuznetsov isə hesab edir ki, Qarabağda müharibə artıq başlayıb. Musavat.com-un məlumatına görə, bu barədə o, rusdilli Vesti.az saytındakı məqaləsində yazır: “Fevralın 24-25-də münaqişə zonasında vəziyyətin kəskinləşməsi və hər iki tərəfdən itkilərlə nəticələnməsi şübhə yox ki, rəsmi İrəvanın regionda situasiyanı pozmağa yönəlmiş aktiv səylərinin qanunauyğun nəticəsidir. Fevralın 20-də Azərbaycanın işğal altındakı ərazilərində ”Arsaq” terrorçu kvazidövlətə “qanunilik” verməyə yönəlmiş üzdəniraq “referendum”un keçirilməsi 30 ildir gedən erməni-Azərbaycan müharibəsinin ən yeni tarixində özünəməxsus dönüş nöqtəsi oldu”.
Analitikə görə, bu addımla İrəvan münaqişənin dinc yolla həll ümidlərini birdəfəlik basdırmış olub: “Çünki tamamilə aydındır ki, rəsmi Bakı ”Arsaq”la bağlı heç bir danışığa getməyəcək. 20 fevraldan sonra yeni müharibə artıq reallığa çevrilmiş oldu, 24-25 fevral döyüşləri isə onun xəbərçisi sayıla bilər. Bunun ardınca zorakılıq spiralı açıla-açıla gedəcək. Mahiyyət etibarilə Qarabağdakı işğalçı rejimin hərəkətləri nəticəsində situasiya ötən ilin aprel öncəsi vəziyyətinə çevrilib. Yalnız bir fərq var ki, əgər ötən il Azərbaycan yalnız işğal altındakı əraziləri azad eləmək istəyirdisə, bu il üstəlik, qondarma və terrorçu “Arsaq” dövlətinmi məhz eləmək vəzifəsi var”.
Ekspertin fikrincə, bundan sonrakı hadisələr yalnız eskalasiyanın artması istiqamətində gedə bilər: “Əgər Azərbaycan lap elə indidən terrorçu ”Arsaq” saxta dövləti ilə İŞİD arasında bərabərlik işarəsi qoymaqla təbliğat ritorikasını gücləndirsə, – hansını ki, bu yaxınlarda mən özümün bir sıra yazı və çıxışlarımda, həm də beynəlxalq auditoriya qarşısında etmişəm, – o zaman eskalasiyanın apogeyi genişmiqyaslı müharibə olacaq və dünyanın heç bir aparıcı dövləti Dağlıq Qarabağda erməni-Azərbaycan cəbhəsində döyüş əməliyyatlarına qarışmayacaq. Əks halda, onların beynəlxalq terrorçulara münasibətdə ikiüzlü “ikili standart” siyasəti çılpaqlığı ilə aydın olacaq. Azərbaycanın işi təkcə mənəvi yox, həm də hüququ nöqteyi-nəzərdən haqq işidir. Ona görə də Ermənistanla müharibədə mən Azərbaycan silahına uğur arzu edirəm”.
Image result for Cəbhəboyu atəş
***
Bu arada mənzil-qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu (BBQ) 2017-ci ildə dünyanı təhdid edə biləcək böhranlardan söz açan hesabatını açıqlayıb. Hesabatda dünyanın ən narahat bölgələrindən biri kimi Qarabağ münaqişəsi bölgəsindəki vəziyyətdən də bəhs edilir (Virtualaz.org). Sənəd müəllifləri ötən ilin aprel hadisələrini xatırladaraq, Dağlıq Qarabağda gərginliyin qaldığını, 2017-ci ildə bu gərginliyin artma təhlükəsinin böyük olduğunu vurğulayırlar. BBQ bildirir ki, diplomatik cəhdlər olmasa, 2017-ci ildə Qarabağda döyüşlərin qızışacaq və bundan daha çox dinc əhalinin əziyyət çəkəcək, düşmənçilik tələfatlarla nəticələnəcək, insanlar öz ev-eşiklərini tərk etməli olacaq.
Image result for Cəbhəboyu atəş
Hesabatda hər iki tərəfin silahlandığını, həm Azərbaycan, həm də Ermənistanın bir-birinin ərazisini dağıda biləcək silahlara malik olduğunu qeyd edilir. “Son hadisələr hər iki tərəfin qarşıdurmaya hazır olduğunu göstərir”, – deyə analitiklər xəbərdarlıq edir. Onların fikrincə, Bakı da, İrəvan da, döyüşlərə başlasalar, güclü regional təzyiqlə üzləşəcəklərini bilirlər. “Amma hər iki tərəf düşmənçiliyin öz xeyrinə olacağını düşünər. Bakı diplomatik səylərin nəticə vermədiyini görərsə, durumu dəyişməyə yenidən can ata, İrəvan aprel döyüşlərindəki uğursuzluğun başlanğıc olmadığını nümayiş etdirməyə çalışa bilər” – sənəddə vurğulanır.
BBQ ekspertlərinə görə, Qarabağ probleminin yeganə həll yolu güzəştli danışıqlardır. “Lakin hər iki tərəfdə müharibə ritorikasının üstünlük təşkil etməsi, ən başlıcası isə, hər iki ölkədə bir-biri ilə əlaqəsi olmayan nəsillərin yetişməsi, yəni xalqlar arasında ünsiyyətin olmaması sülhün əsas əngəlləridir” – müəlliflər qeyd edir.
Hesabatda habelə Minsk Qrupu həmsədrlərinin münaqişənin nizamlanması prosesində xeyli zəifliyi bildirilir. BBQ Minsk Qrupunda “sükanı” Moskvanın ələ aldığını, 2016-cı ilin aprel döyüşlərindən sonra atəşkəsə Rusiyanın nail olduğunu xatırladır və digər həmsədrlərin Kremlin liderliyinə qarşı çıxmadıqlarını, özlərinin isə problemə biganə yanaşdıqlarını qeyd edir. “Yeni ABŞ administrasiyası Qarabağ məsələsi ilə hələ ki maraqlanmayıb. Fransanın da başı prezident seçkilərinə qarışıb. AB-nin təsiri isə güclü olsa da, məhduddur” – təşkilat bildirir. “Amma Moskvanın da Bakı və İrəvan üzərində nüfuzunun həddi var. Digər tərəfdən, Qarabağ probleminin tam həllinin Moskvanın maraqlarına uyğun olub-olmaması sual altındadır” – qurum hesabatında bildirir.
***
Beləcə, beynəlxalq səviyyəli ekspertlər də Dağlıq Qarabağ ətrafındakı situasiyanın partlayış xarakterli olması haqda SOS siqnalları verməkdədirlər. Məntiqlə heç bir dövlətin marağında olmayan böyük müharibədən qaçmağın tək yol isə böyük sülhə aparan yolu bir an öncə açmaqdır. Bu isə müstəsna olaraq, işğalçının 1 nömrəli strateji müttəfiqi Rusiyadan asılıdır.(musavat.com)

Bənzər yazılar

Back to top button