Hadisə

Naxçıvandan Bakıya səyahət: Sosial məsafə, sıxlıq və cavabsız COVİD testi

Dünyada koronavirus pandemiyası başladığından bəri yeni tələblər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Maska taxmaq, spirtlə əlləri dezinfeksiya etmək, sosial məsafə saxlamaq və s.

Dünyada epidemiyanın ən çox yayıldığı yerlərdən biri şübhəsiz ki, hava limanlarıdır. Çünki hər gün yüzlərlə, minlərlə insan eyni yerdən keçərək bir yerdən başqa yerə gedir. Bu səbəbdən tədbirlərin ciddi şəkildə alınmalı olduğu yerlərdən ən başlıcası məhz hava limanları olmalıdır.

Bəs bizdə vəziyyət necədir?

Operativ Qərargah iyunun 18-dən başlayaraq Bakı-Naxçıvan-Bakı istiqamətində uçuşlara icazə verilməsi ilə bağlı qərar qəbul etdi və həftədə 2 dəfə olmaqla “Embraer 190” tipli təyyarələrlə sərnişinlərin daşınmasına başlanıldı. 106 yerlik bu kiçik təyyarədə hər reysdə 100 sərnişinin getməsinə icazə verilir.

Naxçıvandan Bakıya gələn sərnişinlərdən biri Qaynarinfo-ya açıqlamasında vəziyyəti belə şərh edib:

“Aeroport daxilində yerə yapışdırılmış sosial məsafəni gözləyin işarələrindən gözləmə salonlarında yanaşı oturmağa icazə verilməməsinə qədər hər cür tədbir alınıb. Bəs 100 nəfərin kiçik təyyarədə və bir nəfəslik məsafədə 1 saat boyunca əyləşməsi necə? Hansı qaydaya uyğundur?

Yaxud da maskanın ağızdan çıxarılmaması qaydasını elə özlərinin pozması kimi. Təklif etdikləri şirələr o qədər dadlıdır ki, insan içməmək üçün özünü güclə saxlayır. İçmək üçün də məcbur maskanı çıxartmalı olursan”.

Vətəndaşın sözlərinə görə, digər ən vacib məsələ isə sərnişinin virus daşıyıcısı olub olmamasıdır:

“AZAL-ın rəsmi saytında da bu barədə xüsusi tələb yerləşdirilib. İstənilən yerdən, o cümlədən Naxçıvandan Bakıya gələn sərnişinlər uçuşdan 48 saat əvvəl COVİD-19 testi verməli və nəticəyə uyğun olaraq aeroport binasına buraxılmalıdırlar. Amma sərnişinlərə testin nəticəsi yaxşı halda Bakıya gəlib çatdıqdan sonra göndərilir. Artıq 2 gündür Bakıdayam və hələ də nəticəni gözləyirəm. Eyni mənzərə Bakı aeroportunda da müşahidə edilir. Sərnişinlər yenidən test götürülərək aeroportdan buraxılır. Yenə də nəticə bəlli olmadan. Kimi aldadırıq? Dünyanı, yoxsa özümüzü?”

Bənzər yazılar

Back to top button