Cəmiyyət

Avtobuslar metrodan daha təhlükəlidir – Metro açılsın

“Metronun fəaliyyəti bərpa olunmasa, avtobuslarda sıxlıq problemini həll etmək mümkün olmayacaq”.

Bunu Lent.az -a açıqlamasında yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

O, karantindən əvvəlki dövrü xatırladıb: “Karantindən əvvəlki dövrü yada salın. Günün pik saatlarında hətta metronun özündə dəhşətli sıxlıq olurdu. İndi karantin olsa da, demək olar ki, qurumların əksəriyyəti fəaliyyət göstərir. Amma metro işləmir. Bu, adi problem deyil. Avtobusların sayı artırılır. Bakıda ictimai nəqliyyat kimi istifadə oluna bilən təxminən 2200 avtobus var. Amma ümumi normativlər də var. Bu sayda avtobusun hamısı xətdə olmur. Təmirdə olanı, qəzaya düşəni, sürücüsü xəstələnəni var. Hətta ideal vəziyyətdə belə 2200-dən artıq avtobus yoxdur. Ona görə də metronun fəaliyyəti bərpa olunmasa, bu problem istədiyimiz kimi həll olunmayacaq. İnsanlara çağırış edilir ki, tıxaca düşməmək üçün müxtəlif saatlarda evdən çıxsınlar. İşəgötürənlərə deyilir ki, hamı eyni vaxtda işə gəlməsin və s. Yəni, nə qədər müxtəlif variantlar fikirləşsələr də, xeyi yoxdur. Sosial məsafənin gözlənilməsi heç cür mümkün deyil”.

Ə.Hüseynov avtobuslar üçün xüsusi zolağın yaradılması məsələsinə də toxunub. Onun sözlərinə görə, xüsusi avtobus zolağını yaratmaq, onu təyinatı üzrə istifadə etmək üçün Azərbaycana bir il vaxt lazımdır.

Ekspert bildirib ki, dünya artıq pandemiyadan qorunmaq üçün fərdi mühafizəyə, fərdi qorunmaya daha çox üstünlük verir: “Kütləvi olan yerlərə də xüsusi nəzarət edirlər. Avtobusların, qapalı yerlərin dezinfeksiyası və s. aparılır. Nazirlər Kabinetinin qərarında yazılıb ki, avtobusların əl tutacaqları ən azından iki saatdan bir dezinfeksiya olunmalıdır. Dezinfeksiya aparılır, ya yox, o da məlum deyil. Həkimlərə, sanitar epidemiloqlara səslənirəm. Tərəzinin bir gözünə metronu açıb orada olacaq təhlükəni, o biri gözünə avtobusda sərnişinlərin sıfır sosial məsafə gözləmədən getdiyini qoysunlar. Çiyin-çiyinə, burun-buruna getmək daha təhlükəlidir. Ona görə də metronu açmaq lazımdır. Hətta günorta saatlarında belə avtobuslar dolu gedib-gəlir”.

Bənzər yazılar

Back to top button