ManşetSiyasət

Arif Əliyev: “Dövlət media sahəsində ciddi problemlərin olduğunu anlayıb”

“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ildə 2-3 dəfə media qurumlarına pul paylayırdı. Bundan da çox mənasız qəzetlər maliyyələşirdi. Medianın İnkişafı Agentliyi də bu prinsiplə işləyəcəksə, çox effektsiz olacaq”.

Bunu “Toplum TV”yə professor, əməkdar jurnalist Qulu Məhərrəmli deyib.

Prezident İlham Əliyevin yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Təşkilatın Nizamnaməsində inzibati xətaya yol verən KİV-lər barədə inzibati tədbirlər görmək səlahiyyəti də əksini tapıb.

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev agentliyin fəaliyyətində bəzi məqamların qaranlıq qaldığını bildirib: “Qurumun yaradılmasının müsbət tərəfi odur ki, dövlət media sahəsində ciddi problemlərin olduğunu qəbul edib və indiyədək fəaliyyət göstərən bənzər qurumlar çərçivəsində bu problemlərin həll olunmadığını anlayıb. Əks təqdirdə, belə bir sənəd ortaya çıxmazdı. Amma qurumun konkret olaraq nə ilə məşğul olacağı, mediaya nə kimi faydaları verəcəyi barədə mülahizə yürütmək çətindir. Bircə məsələ aydındır ki, “KİV haqqında” Qanunun yenidən hazırlanmasına start verilib. Bu, özlüyündə yaxşı bir qərardır. Çünki qanunvericilik son bir ildə çox ciddi məhdudiyyətlərlə zənginləşdirilib. Amma yeni qanunun əsas prinsipləri nələr olacaq, Medianın İnkişafı Agentliyinin də işi əvvəlki təşkilatlar kimi, sadəcə, pul bölməkmi olacaq – bunlarla bağlı indidən danışmaq olmur. Çünki bu media sahəsində ciddi dəyişikliklərin edilməsində birinci cəhd deyil”.

A.Əliyev qurumun KİV-lər haqqında inzibati tədbirlər görəcəyi məsələsinin narahatlıq doğurduğunu ifadə edib: “İstənilən halda bu, ifadə azadlığına mənfi təsir edəcək. Digər tərəfdən burada konkret olaraq hansı inzibati tədbirlərin nəzərdə tutulduğu məlum deyil. Milli Teleradio Yayım Şurası da müəyyən inzibati tədbirlər tətbiq etmək hüququna malikdir. Burada hansı KİV-lərin nəzərdə tutulduğu qaranlıq məqam olsa da, ümumilikdə götürsək, narahatlıq doğuran bir məsələdir. Bu dövlət yanaşmasındanmı irəli gəlir, yoxsa bizim ölkəyəmi xas olan bir psixologiyadır, demək olmur. Tənzimləmə dedikdə isə sadəcə, cərimələr, məhdudiyyətlər və qadağalar yada düşür”.

Əməkdar jurnalist Qulu Məhərrəmli yeni yaradılan quruma ümidli olduğunu deyir: “Bir ildən çoxdur ki, Azərbaycanda hamı mətbuatın tənzimlənməsi, mətbuat sahəsində islahatların zəruriyyəti haqqında danışır. İndi Medianın İnkişafı Agentliyi də bu islahatlar dalğasının başlanğıcı oldu, çünki yeni yaranan qurum müəyyən ümidlər yaradır. Son illərdə media sahəsində ortaya çıxan həm ictimai, həm də dövlət qurumları çox effektsiz çalışıb və bu mənada Mətbuat Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu da gözləntiləri doğrultmayıb. Bu gün medianın qanunvericiliyində, maddi bazasında, eyni zamanda jurnalistlərin müstəqil fəaliyyətində ciddi problemlər var. İndi bəyan edilib ki, yeni qurum Azərbaycan mediasının inkişafına yardım göstərəcək, onu müasir trendlərə yaxınlaşdıracaq, media təhsilindən tutmuş yeni texnologiyaların istifadə edilməsinə qədər geniş şəkildə fəaliyyət göstərəcək. Onun nizamnaməsi deməyə əsas verir ki, qurum daha çox internet mediası sahəsində dövlət siyasətini tənzimləyən bir qurum olacaq”.

“O ki qaldı qurumun media orqanları barədə görəcəyi inzibati tədbirlərə, agentliyin təqdim edilmiş nizamnaməsində bu çalarlar özünü göstərir. Xırda inzibati cəzalar tətbiq etmək səlahiyyəti var, amma hansısa media qurumunun fəaliyyətini dayandırmaq, onu ləğv etmək yeni agentliyin funksiyalarına aid deyil. Buna Konstitutsiyaya görə, məhkəmə qərar verə bilər. Bu baxımdan düşünürəm ki, Medianın İnkişafı Agentliyi Konstitutsiyada nəzərdə tutulan söz və mətbuat azadlığı hüquqları əsasında fəaliyyət göstərməlidir və göstərəcək”, – deyə Q.Məhərrəmli əlavə edib.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli isə şəxsi “Feysbuk” hesabında yeni yaradılan agentliklə bağlı fikirlərini paylaşıb: “Qurumun nizamnaməsinə baxdıqda, hər şey var, çap mediası və onlayn media sahəsində inzibati xətaya görə medianı cəzalandırmaqdan tutmuş, bizneslə məşğul olmağa qədər. Üstəlik, mövcud qanunvericilikdə olmayan anlayışlardan da istifadələr mövcuddur: məsələn, nə “KİV haqqında”, nə “Teleradio haqqında” qanunlarda olmayan bir anlayış – audiovizual media subyektləri kimi”.

Ekspert onu da qeyd edib ki, belə bir qurum yaradılmadan öncə media ictimaiyyətində müzakirəsinin aparılması vacib idi: “Medianın fəaliyyətinə nəzarət edən mərkəzi icra hakimiyyəti qurumunu Avropa Şurasına girərkən ləğv etmişdik. İndi publik hüquqi şəxs formatında yeni bir mərkəzi icra hakimiyyəti orqanı yaradıldı. Üstəlik, qarma-qarışıq səlahiyyətlərlə, cəmiyyətdə müzakirəsi aparılmadan. Yaxşı olardı ki, belə bir qurum yaradılmadan öncə media ictiamiyyətinin müzakirəsinə çıxarıla, ehtiyaclar və mümkün addımlar müzakirə edilərdi”.

Bənzər yazılar

Back to top button