Siyasət

Müdafiə Nazirliyi susmamalı, bunların hamısını deməlidir (ŞƏRH)

Azərbaycan Müdafiə Nazirliyi dünən baş verən təxribat barədə növbəti dəfə açıqlama yaymalıdır.

AzToday.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Müdafiə Nazirliyinin informasiya siyasətini şərh edərkən bildirib. Onun sözlərinə görə, rəsmi Bakı hadisənin təfərrüatları ilə bağlı Bakıda yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirilməlidir:

“Erməni separatçıları dünən Azərbaycan hərbçisini şəhid ediblər, sosial şəbəkənin Azərbaycan seqmentində dünən axşamdan başlayaraq qızğın müzakirələr gedir, Müdafiə Nazirliyi isə bir gün sonra təxminən səhər saat 11-də açıqlama yayıb. Davam edək. Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı erməni separatçıları ard-arda açıqlama yayırlar ki, onlar atəşkəsi pozmayıblar və guya Azərbaycan hərbçilərinə atəş açmayıblar, iddia edirlər ki, Azərbaycan tərəfi dezinformasiya yayır. Ermənilərin ard-arda yaydıqları açıqlamalar Rusiyanın informasiya məkanında geniş yayılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti isə ilk açıqlaması ilə kifayətlənib. Anlamaq lazımdır ki, informasiya savaşında dayanmaq və fasilə vermək olmaz. Haqlı olduğumuz halda bizi haqsız çıxarmağa çalışırlar. Rusiyanın və digər ölkələrin xəbər agentlikləri erməni tərəfinin açıqlamalarına istinad edirlər ki, “atəş açılmayıb”. Yalan və təxribat olduğu aşkardır. Ancaq bunu biz bilirik, əsas vəzifə ətraf aləmi buna inandırmaqdır. Çünki təxribatlar davam etsə, bölgədə yenidən müharibə ehtimalı artacaq. Ona görə də Azərbaycan Müdafiə Nazirliyi növbəti açıqlama yaymalı, hadisənin təfərrüatlarını bildirməli və öldürülən erməni terrorçuların kimliklərini bəyan etməlidir. Bunun üçün hətta Bakıda yerli və xarici mətbuat nümayəndələri üçün mətbuat konfransı keçirilməlidir. Çünki hərbçilərimizə qarşı təxribatların davam edəcəyi aşkardır, meşələrdə gizlənən terrorçuları idarə edənlər var. Bunların hamısı deyilməlidir, susmaq bizə fayda gətirməyəcək”.

Bənzər yazılar

Back to top button