Cəmiyyət

Xanım Ağaşirinova: “60, 70 yaşlı qadına küçə süpürtdürən hökumət hansı hüquqdan danışa bilər?”

“Azərbaycanda hər kəsin hüququ pozulur. Amma qadınların hüququ daha çox pozulur. Ictimai-siyasi proseslərdən tutmuş ailə-məişət olaylarına qədər hər yerdə qadun hüquq və azadlığının pozulmasına, yaxud məhdudlaşdırılmasına şahid ola bilərik” – bu sözləri müsavatçı fəal Xanım Ağaşirinova deyib.

X.Ağaşirinova hesab edir ki, Azərbaycanda insan hüquqları məhdudlaşdırılıb: “Qadınlara qarşı hər yerdə haqsızlıq baş verir. Azərbaycanın bugünkü idarəçilik sisteminin hansı prinsiplərə əsaslandığını müəyyən etmək çox çətindir. Hazırda baş verən proseslər nə Azərbaycanın Ana Yasasına, nə də beynəlxalq səviyyədə dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul olunmuş prinsiplərə uyğun gəlmir. Şərqdə qadınların seçki hüququnu tanıyan ilk demokratik respublika hesab olunan ölkəmizdə, indi nəinki qadınların seçki hüququ, heç ən adi məişət hüquqları qorunmur. 60-70 yaşında olan qadınlara küçə süpürtdürən hakimiyyət hansı hüquqdan danışa bilər? Dünyanın heç bir ölkəsində belə hala rast gəlmək olmaz. Xanımlar yaşının ahıl çağında, təqaüd alıb rahatlanmalı olduğu halda axşam-səhər küçə süpürürlər. Bunu ona görə edirlər ki, dilənçi payı kimi hökumətin verdiyi təqaüd heç onların bir ay çörəyinə çatmır. Ailədaxili zorakılıq isə ən son zirvəsinə qalxıb desək, yanılmarıq. Rəsmi statistikalara görə, ölkəmizdə hər il bağlanan nikahların 25-30 faizi boşanır. Boşanan ailələrin əksəriyyəti həm də uşaq sahibi olurlar. Azərbaycan qanunlarına görə, həm də qadınlarımızın fədakarlığını nəzərə alsaq uşaqlar ana ilə qalır. Özünü saxlamaq gücündə olmayan ana bir və ya daha çox körpə ilə taleyin ümidinə buraxılır. Ən yaxşı halda kişi 70-80 manat aliment verməklə həyatını davam edir. Qadın hansı çətinliklə üz-üzə qalır, nələrə qatlanır, heç kimi maraqlandırmır. Hesab edirəm ki, qadını taleyin qaranlıq səhrasına tənha buraxmaq onun hüququnun pozulması ilə bərabər, həm də çox ədalətsizlikdir”.

X.Ağaşirinova qadın və uşaqlar üçün hökumətin heç bir proqramının olmadığını qeyd edib: “Hökumət tənha qadın və valideyn himayəsindən məhrum olan uşaqlar üçün heç bir proqram təqdim etmir. Bu, o deməkdir ki, hökumət vətəndaşları dövlət himayəsindən məhrum etməyi qarşıya əsas məqsəd kimi qoyub. Son zamanlar qadınların cinayətkar qruplara qoşulmaları, ağır və xüsusilə ağır cinayətlər törətmələri cəmiyyətdə nizamın pozulması anlamını verir. Qadınları insan alverinin subyektinə çevirmək, onlara qarşı sui-istiadə hallarının artması ölkədəki vəziyyətin düşündüyümüzdən də ağır olduğunu göstərir. Hesab edirəm ki, sağlam və demokratik cəmiyyət qurmaq istəyiriksə, qadınlara qarşı daha nəvazişli olmalı, onların hüquqlarını qoruyub, azadlıqlarını təmin etməliyik”.

Samir Əhmədov

Bənzər yazılar

Back to top button