Hadisə

Azərbaycan Müdafiə Nazirliyində yeni istehkamçı batalyonlar formalaşdırılıb

Azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin aparılması üçün Müdafiə Nazirliyində yeni istehkamçı və mühəndis-istehkamçı batalyonlar formalaşdırılıb. Bu barədə dünənki mətbuat konfransında prezident İlham Əliyev bildirib.

Bundan başqa, 2021-ci ildə Dövlət Minatəmizləmə Agentliyinə işin səmərəli təşkili, müasir avadanlıqların, o cümlədən distant xarakterli robotların və minatəmizləyən maşınların alınması üçün 100 mln. manat ayrılacaq.

“Yəni, biz bu işlə maksimum məşğul olmağa çalışacağıq. Birinci istiqamət Müdafiə Nazirliyi, ikinci istiqamət Minatəmizləmə Agentliyidir”, deyə Əliyev bildirib.

Bu yaxınlarda Türkiyədən müasir texnika alınıb, o, artıq gətirilib.

Türkiyə Müdafiə Nazirliyi artıq ərazilərin minalardan təmizlənməsində iştirak etmək və bizim istehkamçılara treninqlər keçirilməsi üçün 100-dən çox mütəxəssis göndərib. “Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrupu da iştirak edir. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun əsas fəaliyyəti rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə bağlıdır, lakin onlar burada da iştirak edirlər”, deyə Əliyev qeyd edib.

Bununla yanaşı, minatəmizləmə sahəsində təcrübəsi olan bir neçə şirkətlə danışıqlar aparılır.

Azərbaycan şirkətləri də bu prosesə cəlb ediləcək.

İşlərin aparılması metodologiyasına gəlincə, “ilk növbədə, haranın və necə minalardan təmizlənməli olması barədə beynəlxalq təcrübə var. Buraya kommunikasiyalar, yaşayış məntəqələri və kənd təsərrüfatı fəaliyyəti üçün yerlər aiddir. Yeri gəlmişkən deməliyəm ki, biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətinə artıq başlamışıq, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Belə ki, biz geniş beynəlxalq əməkdaşlığa hazırıq. Mən bilirəm ki, hazırda müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Lakin bir sıra başqa məsələlərdə olduğu kimi, burada da iki əsas amil var – keyfiyyət və qiymət”, deyə Əliyev bildirib.

Bənzər yazılar

Back to top button