Digər

Ermənistan ordusunun itkiləri nə qədərdir?

44 günlük savaşdan sonra ordusu darmadağın olan Ermənistan 10 noyabr anlaşmasını imzalamaq zorunda qaldı. Savaş müddətində real vəziyyətdən xəbərsiz olan erməni cəmiyyəti qarşılaşdığı gerçəkliklərdən, 30 ildə haqqında mif yaradılmış erməni ordusunun darmadağın edilməsindən şoka düşdü. Məğlubiyyətin səbəbkarı kimi ittiham edilən Paşinyan hökumətinə qarşı 10 noyabrdan sonra 17 partiyanın başlatdığı hazırda da davam etməkdə olan etiraz aksiyalarına cəmiyyətin dəstəyi isə yetərli deyil. Üzləşdiyi hərbi məğlubiyyət və acınacaqlı sosial-iqtisadi duruma baxmayaraq indi erməni cəmiyyətini narahat edən əsas məsələ əsir və itkin düşənlərin taleyi ilə bağlı məsələdir.

Ermənilər özləri də dövlətlərinin baş tutmadığını etiraf edərək, onun qurumları arasında yalnız ordunun istisna təşkil etdiyini qeyd edirdilər. Ermənistan ordusunun rəsmən yaranması 28 yanvar 1992-ci il kimi qeyd olunsa da, onun nüvəsi daha əvvəldən-1989-cu ildən yaranmağa başlamışdı. Belə ki, hələ 1990-cı ilin yanvarında SSRİ mərkəzi televiziyasının Zaman xəbərlər proqramında zirehli texnika ilə silahlanmış erməni dəstələrinin Naxçıvana hücuma hazırlaşması barədə Yerevandan reportaj yayınlamışdı. “Hərbi balansın” məlumatında Ermənistan ordusunda qeydiyatda 44800 hərbçi ilə bərabər “Qarabağ Müdafiə Ordusu” adlanan qruplaşmada 20000 nəfər olmaqla, cəmi 64800 nəfər şəxsi heyət olduğu bildirilir. Bununla yanaşı savaş dövründə cəbhə bölgəsində erməni ordusunun 40 mindən artıq hərbçisi döyüşə qatılıb və darmadağın edilərək ciddi itkilərə məruz qalıb. İlk dövrdən itkilərlə bağlı rəqəm verməyəcəyini bəyan edən Ermənistan hakimiyyəti hələ də real rəqəmləri açıqlamır.

Amma zaman keçdikcə bəzi rəqəmlər üzə çıxır. 10 noyabrdan sonra ilk məlumatında Ermənistanın Müdafiə Nazirliyi 2 min nəfər itki olduğunu bildirəndə səhiyyə nazirliyi 3500 meyitin qeydiyyatdan keçdiyini bəyan etdi. Ondan bir müddət sonra Ermənistanda hərbi qulluqçuların sığortalanma fondu rəhbərlərindən biri savaş zamanı 4500 erməni hərbçinin öldüyünü, 5 min nəfərin 1-ci qrup, 6 min nəfərin isə 2-ci qrup əlil olduğunu açıqladı. 3-cü qrup əlillərlə bağlı məlumat ümumiyyətlə verilmədi. Nəzəri baxımdan qruplar arasında rəqəmlər yaxın olduğundan 3-cü qrup əlil sayının 5-6 min olacağı təxmin edilir. Yanvar ayının sonlarında Ermənistan MN-nin itkilərlə bağlı açıqladığı rəqəmə görə həlak olanların sayı 4000-ə yaxın oldu. Amma Ermənistanda müxalifət və bir çox ekspertlər həlak olanların sayının 5 mindən çox olduğunu bildirir. Bundan başqa heç yerdə qeydiyyatdan keçməyib Qarabağakı döyüşlərə qatılıb məhv edilən yüzlərlə könüllü xaricdən gətirilən çoxsaylı muzdlular haqqında məlumatlara rast gəlinmir.

Bundan başqa ermənilərin real tkiləri gizlətmək üçün rəqəmlərlə manipulyasiyasına da diqqət etmək lazım. Belə ki, onlar silahlı qüvvələrini Ermənistan ordusu və “Qarabağ ordusu” adı ilə iki yerə bölərək itkiləri ayrıləqda göstərirlər. Bunun siyasi mənası ilə yanaşı, həm də Ermənistan ordusunun itkilərini azaltma niyyəti var. Göstərilən cəhdlərə baxmayaraq mahiyyət eynidir. Çünki necə ola bilər ki, 2 milyonluq Ermənistanın ordusu 44800 nəfərdən, real olaraq Qarabağda yaşayan 60 minlik ermənilərin silahlı qüvvəsi 20 min nəfər təşkil edir. Adətən orduların ölkə əhalisinin 1%-i səviyyəsində şəxsi heyətə malik olması qəbul edilir. Ermənistanda bu nisbət 2,2% olduğu halda, Qarabağda bu rəqəm 33,3 % təşkil edir. Təbii ki, bu mümkün olan məsələ deyil. Sadəcə, Ermənistan Qarabağda saxladığı ordunu Qarabağ Müdafiə Ordusu adı ilə sənədləşdirir. Digər tərəfdən nəzərə alınmalıdır ki, 2016-cı il aprel savaşında həlak olan erməni hərbçilər arasında Qarabağlıların sayı bir neçə nəfər idi.

44 günlük savaşda isə səngərə göndərilən Qarabağ ermənilərinin əksəriyyəti özbaşına mövqelərini tərk edib ailələrini Ermənistana aparmaqla məşğul olub. Bununla bağlı hələ o dövr Ermənistan cəmiyətində ciddi narazılıqların olduğu da məlumdur. Ona görə də Ermənistanın Qarabağda yerləşdirdiyi yerli və Ermənistan ermənilərindən təşkil olunan “Qarabağ Müdafiə Ordusu” adlanan, silahlı qüvvələrinin itkilərini də Ermənistan ordusunun rəqəmlərinə əlavə etməliyik. Həlak olanlarla bağlı separatçıların açıqladığı son rəqəm 2624 nəfərdir. Bundan başqa həm Ermənistanda, həm də Qarabağda minlərlə erməni aksiyalar keçirib itkin hesab edilən yaxınları barədə məlumat istəyir. Buraya Ermənistan hərbi prokurorluğunun 11 min nəfərə yaxın fərari ilə bağlı açıqladığı rəqəmi də əlavə etsək dəhşətli mənzərə alınır. Belə ki, Ermənistanda və Qarabağda həlak olanlarla bağlı etiraf edilən rəsmi rəqəm 7000-ə yaxındır. Amma Ermənistan rəhbərliyi son rəqəmləri rəsmi olaraq açıqlamayacaqlarını da söyləyir. İndi əldə olunan rəsmi rəqəmlərə görə 44 günlük savaşda həlak olan erməni hərbçilərinin sayı 4000+2624=6624 nəfər. Əvvəl qeyd etdiyimiz kimi bu rəqəmə məhv edilən könüllülər və beynəlxalq muzdlu terrorçuların itkiləri daxil deyil. Yuxarıda verilən rəqəmlərə görə Ermənistanda qeydiyatdan keçən yaralı sayı (16000 nəfər) həlak olanların nisbəti təxminən 1/3 olduğuna görə cəmi yaralı sayı 6624×3=19872 nəfər olur. Buraya “Qarabağ Müdafiə Ordusu” adlanan birləşmənin sayı açıqlanmayan yaralıları daxil deyil.

64800 nəfər şəxsi heyətə malik Ermənistan ordusunun itkilərini əks etdirən həlak olan, yaralanan və fərarilərlə bağlı rəqəmləri toplasaq 6624+19872+11000=37496 nəfər edər. Bu hələ Ermənistanın indiyədək verdiyi rəsmi rəqəmlərə istinad edilərək yuvarlaq hesablanmış statistikadır. Qeyri rəsmi rəqəm isə təbii ki, daha çoxdur. Bu rəqəmin üzərinə sayı minlərlə ifadə olunub, axtarışları hələ də davam edən itkinləri və meyidləri tanına bilinməyən yüzlərlə əsgərin Metsamorda soyuducularda saxlandığını da əlavə etsək alınan rəqəmin miqyası erməni ordusu üçün fəlakət sayıla bilər. Ölən, yaralanan və fərarilərin sayı 40000 civarında cəmləşir.

Açıqlanan rəqəmlərdən görünür ki, Ermənistan ordusunun şəxsi heyəti və hərbi texnikasının 2/3 hissəsi məhv edilib və ya xəsarət alıb. Yəni erməni faşizminin kilsədən sonra ən çox tapındığı qurum olan erməni ordusu dağıdılıb.

Oqtay Qasımov, eks-prezident Əbülfəz Elçibəyin köməkçisi

Turan.az

Bənzər yazılar

Back to top button