Mədəniyyət

İkinci dəfə xərçəngə tutulan Əməkdar artist: “Özümü səkkizinci mərtəbədən atmaq istəyirdim” (VİDEO)

“Bu günlərdə çox oturub-düşündüm. “Niyə bu günlərimi itirdim?”, deyə öz-özümə sual verdim”.

AzToday.az xəbər verir ki, bu sözləri ikinci dəfə xərçəng xəstəliyinə tutulan, “Toppuş bacı” obrazı ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva ARB TV-də qonaq olarkən deyib.

Ağrılı-acılı günlər keçirən sənətçi kövrələrək xəstəliyinin onun əlindən hər şeyini aldığını söyləyib:

“Çox heyf ki, gözəlliyim, şarmım, hər şey onunla getdi. Köklüyümlə bağlımı deyim… Hər şey onunla getdi. Elə bil ki, insanların mənə olan ehtiyacı onunla getdi. Ən əsası isə televiziyaların mənə olan ehtiyacı getdi. Hər şeyi ona görə itirdim (ağlayır)”.

Xərçəngdən saçları tökülən T.Əliyeva qızı Zəhranın böyük stress keçirdiyini, hətta üç gün depressiyaya düşdüyünü dilə gətirib:

“Mənim üçün saç çox əhəmiyyətli idi. Onları birdən-birə kəsdirməyə əlim gəlmədi. Saçlarımı hörük etdim. Səhər duranda gördüm ki, hörüklərim yatdığım yastığın üstündədir. Ərim Röyala söylədim ki, saçlarımı keçəl etsəm, pis olmazsan ki? Dedi ki, “Bu nə danışıqdır, dəlisən? Əsla pis olmaram”.

Getdim, kimyaterapiyadan keçdim. Qayıdıb evə gələndə gördüm ki, Röyal saçını keçəl qırxdırıb.

Başımı qırxdıqdan sonra qızım Zəhra üç gün depressiyaya düşdü. Dayanmadan sual verməyə başladı ki, “Ana, saçın hanı? Ata, saçın hanı?” Başıma parik qoymaq istəyirdim. Amma sonra çalma ilə başımı bağladım. Zəhra gecə oyanıb diksinirdi.

Aldığı kimyaterapiyalardan zəifləyən Əməkdar artist canına dəfələrlə qəsd etmək istədiyini bildirib:

“Çox ağır dönəmlərdən keçib gəldim. Aprel ayında müayinə üçün həkimə gedəndə, söylədi ki, sənə yaxşı xəbərim yoxdur. Böyrək damarlarımda törəmə var. Koronavirusa görə, müalicəmi kimyaterapiya əvəzinə kimya tərkibli dərmanlar qəbul edərək davam etdirirəm.

Hər halımla ayağa qalxıb, dözüb, deyirəm yalnız irəli. Kim ki mənim kimi xərçənglə mübarizə aparır, onlara ayaqda durmağı arzu edirəm. İnanın, o qədər olub ki, özümü səkkizinci mərtəbədən pilləkənlərdən atmaq istəmişəm. O aldığım kimyaların təsirindən elə bir vəziyyətə qalırdım ki, qışqırıb Röyala deyirdim, ayaqlarımı pilləkənlərdən aşağı endir. Çünki ayaqlarımı qaldırıb, aşağı sala bilmirdim. Heç nəyə gücüm yetmirdi. Dərindən nəfəs alıb, Zəhranı gözümün önünə gətirib, güclü olmağımı özümdən tələb edirdim”. (oxu.az)

Bənzər yazılar

Back to top button