Siyasət

Səfir konqres rəhbərliyi ilə görüşdü: Ukraynada yaşayan azərbaycanlıların problemləri müzakirə olundu

Səfir Ukraynada konqres rəhbərliyi ilə görüşdü: Ukraynada yaşayan azərbaycanlıların problemləri müzakirə olundu

Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfir Seymur Mərdəliyev Kiyev Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvlərini qəbul edib.

Səfirlikdə baş tutan görüşdə diaspor təşkilatları arasında birgə fəaliyyətin vacibliyini vurğulayan Seymur Mərdəliyev qeyd edib ki, vətəndaşlarımızı narahat edən problemlər aşkarlanıb və onların həlli istiqamətində işlər aparılır.

Ukraynanın yaxın gələcəkdə Avropa Birliyinə üzv qəbul edilməsindən sonra miqrasiya qanunvericiliyinin sərtləşəcəyinin gözlənildiyini deyən Seymur Mərdəliyev qeyd edib ki, buna görə, soydaşlarımız Ukraynada qanuni yaşamaq və işləmək məsələlərini zamanında həll etməyə çalışmalıdır.

Ukraynanın müharibə vəziyyətində olduğu üçün soydaşlarımızın hərbi vəziyyətin şərtlərinə uyğun davranmasının vacibliyini vurğulayan səfir azərbaycanlıların can güvənliyinin qorunmaaının vacibliyini bildirib. Onun sözlərinə görə, diaspora təşkilatları bu istiqamətdə soydaşlarımız arasında daha çox iş aparmalıdır.

Qarabağda keçirilən uğurlu antiterror əməliyyatlarından danışan Seymur Mərdəliyev ermənilərin xaricdə yaşayan azərbaycanlılara qarşı gözlənilən təxribatları ilə bağlı xəbərdarlıq etməklə yanaşı soydaşlarımızın diqqətli olmasını tövsiyyə edib.

İclasda çıxış edən idarə heyətinin üzvləri yeni təyin olunmuş səfirə şərəfli və çətin işdə uğurlar arzulamaqla yanaşı Kiyevdə Azərbaycanlılar Konqresinin gələcək fəaliyyət istiqaməti barədə məlumat veriblər. Bildirilib ki, müharibənin ilk günlərindən Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin rəhbərliyi və Diaspor Komitəsinin koordinasiyası ilə vətəndaşlarımızın təxliyəsi təşkil olunub. Həmçinin, Kiyev şəhərinin əhalisi və digər bölgələrdə müharibədən zərərçəkən Ukrayna vətəndaşlarının zəruri tələbatlarını ödəmək üçün humanitar aksiyalar təşkil olunub.

Yeri gəlmişkən qeyd edək ki, Oleq Krapivinin etdiyi humanitar yardım Buça, İrpen, Nikolayev və digər şəhər rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Hazırda konqres döyüş bölgələrində mülki insanların humanitar ehtiyacları ilə yanaşı Ukrayna ordusuna da yardımlar təşkil etməkdə davam edir.

Görüşün sonunda Azərbaycanın qələbələrinin əsasını qoyan ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.

Bənzər yazılar

Back to top button