Siyasət

Erməni təxribatları: Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi niyə susur? (ŞƏRH)

“Şuşa bəyannaməsindən sonra belə bir Monitorinq Mərkəzinə ehtiyac yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə son günlər Qarabağdakı qanunsuz erməni dəstələrinin Ağdam və iki dəfə Şuşa şəhərini atəşə tutmasına baxmayaraq, prosesə nəzarət etməli olan Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin hadisəyə reaksiya verməyərək susmaqda davam etməsinə münasibət bildirərkən deyib. Həmsöhbətimizin fikrincə, baş verən təxribatlara rəğmən, Ağdamda yerləşən Birgə Monitorinq Mərkəzinin reaksiya verməməsi həmin mərkəzin fəaliyyətsizliyindən irəli gəlir:

“Xüsusən də orada rusların olması fonunda bu fəaliyyətsizlik gözlənilən idi. Monitorinq Mərkəzi sıradan bir qurumdur. Ona görə də həmin mərkəzin işinin effektiv olmayacağını əvvəldən də görürdük”.

Politoloq qeyd etdi ki, Monitorinq Mərkəzinin prosesi nizamlamaq üçün hər hansı tədbir mexanizmləri yoxdur:

“Ona görə də Monitorinq Mərkəzinin yaranmış vəziyyətdə hansı addım atıb-atmadığı artıq maraqlı deyil. Azərbaycanın bu qurumdan hər hansı bir müsbət gözləntiləri yoxdur. Sadəcə olaraq, burada Türkiyə hərbçilərinin olması Azərbaycanın maraqlarına cavab verir. 10 Noyabr bəyannaməsinin 4-cü bəndi yerinə yetirilsəydi, erməni silahlı birləşmələri Qarabağdan çıxarılsaydı, Monitorinq Mərkəzinə də ehtiyac olmazdı. Erməni silahlılarının həmin ərazidə qalması isə atəşkəsin mütəmadi pozulması deməkdir”.

M. Əsədullazadə bildirdi ki, yaranmış durumda Monitorinq Mərkəzi növbəti dövrlərdə də atəşkəsin pozulmasının qarşısını almayacaq:

“Proses Rusiya tərəfindən təhrik olunur. Monitorinq Mərkəzi də, görünür, Rusiyanın əlindədir. Ümumiyyətlə, düşünürəm ki, Şuşa bəyannaməsindən sonra belə bir birgə Monitorinq Mərkəzinə ehtiyac yoxdur. Bu, Azərbaycan üçün əlavə xərcdir. Azərbaycan bunlara son qoymaq üçün qanunsuz erməni birləşmələrinə qarşı antiterror əməliyyatına başlamalıdır”.

Bənzər yazılar

Back to top button