Hadisə

AzTV-nin adı keçən qalmaqallı məhkəmə işi: “O, günahsızdır, amma hakim… ” (VİDEO)

“”CBC Sport”un əməkdaşı Yusif Şəfiyevin 7 il 6 ay azadlıqdan məhrum edilməsi hüquqi nihilizmdir”.

Hit.az xəbər verir ki, onun yaxınları belə düşünür.

Yusif Şəfiyev Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə təqsirli bilinir. İttiham aktına görə, o AZTV-nin əməkdaşı Vəfa Ağabalayevadan hədə-qorxu yolu ilə pul tələb edib. Yusif Şəfiyevin yaxınları isə onun sifarişlə həbs olunduğunu deyir. Sifarişçi kimi AzTV-nin rəhbəri Rövşən Məmmədovun adı çəkilir. Yusif Şəfiyevin atası, telejurnalist Nadir Şəfiyev bu olayla bağlı ölkə mediasına müraciət edib.

“Oğlum Yusif Şəfiyevlə bağlı qondarma məhkəmənin çıxardığı sifarişli hökmü dərc edən hörmətli KİV nümayəndələri – imkan varsa həqiqəti də yayımlayın. Qarşı tərəfin də mövqeyini işıqlandırın. Aztv sədri Rövşən Məmmədov və müxbiri Vəfa Ağabalayevanın birgə tərtib etdiyi oyundan hər kəsin xəbəri olsun”, – deyə telejurnalist bəyan edib.

Onun vəkili İlqar Rüstəmov isə HİT.az-a bildirib ki, müdafiə etdiyi şəxsin işi məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmayıb. Vəkil fikirlərini Yusif Şəfiyevin təqsirsiz olduğunu sübut edən vəsatətlərin təmin olunmaması ilə izah edib: “Məhkəmə istintaqı zamanı Yusif Şəfiyevin təqsirsiz olduğunu sübut edən çox sayda vəsatətlər təqdim etmişik. Lakin həmin vəsatətlər təmin olunmayıb. Məsələn, vəsatətlərdən biri vəkil sorğusu nəticəsində Baş Dövlət Yol Polisi İdarəsindən alınmış arayışdır. Həmin arayış sübut edir ki, Yusif Şəfiyevin guya Vəfa Ağabalayevadan hədə-qorxu yolu ilə aldığı avtomobil elə adıçəkilən xanımın istifadəsində olub. O, 11.06.2019-cu il tarixdə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü, 10.05.2019-cu il tarixdə həmin məcəllənin 327.2-ci, 11.07.2019-cu il tarixdə 329.1-ci, 03.12.2019-cu il tarixdə isə 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub. Bu arayış birmənalı şəkildə sübut edir ki, həmin dövrlərdə avtomobil Vəfa Ağabalayevanın istifadəsində olub. Halbuki o, ifadəsində bunun əksini deyib.
Vəsatətlərdə həmçinin Yusif Şəfiyevin zərərçəkmiş şəxslə qeyri-rəsmi ər-arvad münasibətində olduğu, onların bir evdə kirayə yaşadıqları, həmin mənzili Yusifin tapdığını, 2019-cu ilin iyul ayınadək kirayə haqqını Yusifin ödədiyini, ittihamda qeyd edilən avtomobilin hər ikisinin pulu hesabına alındığı, avtomobildən şərikli istifadə etdikləri, kirayədə yaşadıqları mənzilə artıq xərc çəkməmək üçün Yusifə məxsus mənzili təmir etdirdikləri, təmirdən sonra mənzilə məişət texnikalarının “Kontakte Home” mağazalar şəbəkəsindən kreditlə alınması, bunların hər birində məqsədin hər iki şəxsin gələcəkdə birgə təsərrüfat aparmaq olduğunu sübut edən faktlar əks olunmuşdu. Amma heç biri təmin olunmadı”.
Vəkil qeyd edib ki, hakim hər iki şəxs arasında olan münasibətlərə dair obyektiv ifadə verə biləcək şəxslərin məhkəməyə dəvət edilərək əlavə şahid qismində dindirilməsinə dair vəsatəti də təmin etməyib. “Əvəzində hər iki şəxsin münasibətinə heç bir aidiyyatı olmayan evi təmir etmiş usta, qızı ilə ifadəsi ziddiyyət təşkil edən Vəfanın anası şahid qismində dindirilib. Yeri gəlmişkən, şahid qismində ifadə verən usta Yusifin qanunsuz heç bir hərəkətinin olmadığını bildirib. Bir məqamı da qeyd edim. Biz vəsatət vermişdik ki, anten məlumatları çıxarılsın. Bu, zərərçəkmişin yalanlarını ortaya çıxaracaqdı. Amma bu vəsatət də təmin edilmədi”, – deyə İlqar Rüstəmov bildirib.
Vəkil əlavə edib ki, Yusif Şəfiyevin zəzərçəkmişdən hədə-qorxu yolu ilə pul tələb etməsinə dair də hər hansı fakt yoxdur. Onun sözlərinə görə, məhkəmə prosesində şahid qismində dindirilmiş şəxslər də bildirib ki, Yusif Şəfiyevin Vəfa Ağabalayevadan hədə-qorxu yolu ilə pul tələb etdiyinin birbaşa şahidi olmayıblar.
İlqar Rüstəmov bir maraqlı faktı da diqqətə çatdırıb. Vəkil bildirib ki, Vəfa Ağabalayeva məhkəmədə Yusif Şəfiyevlə bağlı cinayət işinin yüksək dairələrin xüsusi nəzarətində olduğunu deyib.“Bildirdi ki, bu iş Prezident Adminstrasiyasının nəzarətindədir. Ona sual verdim ki, məhkəmələr icra orqanlarına tabe olmadığı, qərar qəbul etməkdə müstəqil olduqları halda cinayət işinin Prezident Adminstrasiyasının nəzarətində olmasını necə izah edərdiniz? Lakin hakim bu sual cavab verilməsinə şərait yaratmadı”, – vəkil əlavə edib.
İlqar Rüstəmov sonda qeyd edib ki, Yusif Şəfiyevin azadlığa çıxması üçün bütün hüquqi vasitələrdən istifadə ediləcək. Hazırda müdafiə tərəfi məhkəmənin hökmündən apellyasiya şikayəti verməyə hazırlaşır.
Olayda AzTV-nin sədri Rövşən Məmmədovun adı hallandığına görə, onunla da əlaqə saxlamağa cəhd etdik. Lakin AzTV sədrinin istifadəsində olan mobil nömrəyə dəfələrlə zəng etsək də, telefonu açmadı.
Bu baxımdan, AzTV-nin Sosial Media və İctimaiyyətlə əlaqələr Şöbəsinə müraciət etdik. Oradan verilən açıqlamanı təqdim edirik:
“Yusif Şəfiyev AzTV-nin deyil, məhz zərərçəkən Vəfa Ağabalayevanın şəxsi müraciəti əsasında həbs edilib. Təbii ki, Yusif Şəfiyevin AzTV-nin xanım jurnalistini intim görüntüləri ilə şantaj etməsinə, bir qadın əməkdaşın şərəf və ləyaqətinin alçaldılmasına qurumun rəhbərliyi də biganə qala bilməzdi və sədr dəfələrlə qarşı tərəfi etdiyi əməllərdən geri addım atmağa, xüsusən də şəxsi münasibətlər zəminində yaşanan problemdə AzTV-nin adını hallandırmamağa çağırıb.
Lakin Yusif Şəfiyev həmin müraciətlərə də məhəl qoymayaraq intim videoları məqsədyönlü şəkildə sosial şəbəkələrdə “aztvxana” adı altında yaymaqda davam edib. Bununla belə, qurum qarşı tərəfə yalnız xəbərdarlıq edib və bu barədə hüquq mühafizə orqanlarına müraciət etməyib. Bir daha qeyd edirik ki, zərərçəkən Vəfa Ağabalayeva şəxsən hüquq mühafizə orqanlarına müraciət edərək məsələni məhkəmə yolu ilə həllinə çalışıb. Yekun qərarı isə məhkəmə verib. O üzdən baş vermiş hadisədə kimisə və ya konkret olaraq AzTv sədrinin adını hallandırmaq sadəcə məsuliyyətsizlikdən və günahı kiminsə üstünə atmaqdan başqa bir şey deyil”.

Bənzər yazılar

Back to top button