GündəmİqtisadiyyatManşet

İslahat şansı

Avtoritar, şəxsə bağlı sistemlərdə siyasi loyallıq bəsit formullarla bərqərar olur. SSRİ dağılandan sonrakı Rusiya modelində əvvəl ideya böhranı yaşandı, sistem müəyyən mənada liberallaşdı, amma bu liberalizmi həzm edə bilən institutlar olmadığı üçün sərt əl nostaljisi yarandı, cəmiyyətin özü Putini doğdu və böyütdü, yəni Putin olmasaydı, başqa bir “Putin” olacaqdı, çünki sosial tələbat məhz belə liderə idi.

Putin əvvəl ölkədə xaosu sərt əllə düzənə saldı, amma ideya təklif edə bilmədiyi üçün loyallığın pulla, korrupsiya ilə aşağıdan yuxarıya alınması yolunu seçdi. Fərqli, amma işlək bir “ictimai saziş” yarandı – sərtləşən rejim, əvəzində rejimi dəstəkləyən böyük patronlar, onların altında bir az balaca patronlar… Yəni hakimiyyətin şaquli dəstəyi korrupsiya üzərinə inşa edildi.

Paralel olaraq “böyük və güclü ölkə” ideyası yarandı, xarici düşmən obrazı gücləndirildi ki, daxili problemləri onların üzərinə atmaq asan olsun.

Cəmiyyətə də neft-qazdan, Rusiyanın sərhədsiz resurslarından pay düşməyə başladı. Özünəməxsus orta sinif yarandı, onlarla da “ictimai saziş” forması tapıldı – sayları milyonlarla ölçülən o şəxslərə siyasətə qarışmamağın əvəzində pul qazanmaq, dünyanı gəzmək, sivil dünyanın nemətlərindən maneəsiz istifadə hüququ tanındı.

Bütün bunlar Rusiyanın böyüyərək öz əzəli torpaqlarını qaytaracağı hekayəsi ilə pərçimləndi, nəticədə militarist, imperialist toplum formalaşdı.

Primitiv işğal siyasəti milli ideoloji, cəlbedici hekayəyə çevrilməyə başladı, amma Ukrayna təcavüzü bu “ictimai sazişləri” pozur, tam pozmaq üzrədir. Bu isə Putin üçün ən böyük təhlükədir. Rəsmi Kreml 20 ildən çoxdur işlək olan loyallıq sazişini pozdu – bu gün böyük, bir az balaca, onlardan da kiçik patronlar siyasi loyallıq əvəzində əldə etdikləri bütün maddi üstünlüklərdən məhrum olurlar. Hətta Kreml yeni antikorrupsiya əməliyyatlarına start verərək böyükdən lap kiçiyə bəzi patronları həbs etməklə cəmiyyətə rüşvətlə mübarizə mesajları verməyə çalışır, bu isə irili-xırdalı patronlarla anlaşmanı, sazişi pozur.

Bundan başqa milyonlarla özünəməxsus orta sinfə aid insanlarla bağlanmış sivil dünyanın nemətlərindən maneəsiz istifadə sazişi də pozulur – onlar istədikləri kimi səyahətə çıxa, internetdən maneəsiz istifadə edə, bank kartları ilə alış-veriş edə bilmirlər. Yəni xəstə və doqmatik ideyalar üzərinə qurulmuş hekayələr dağıldıqca, bəlli ictimai saziş üzərinə inşa edilmiş münasibətlər pozulduqca Kreml ağasının vəziyyəti də dəyişir.

İndi gələk bizim məmləkətə: İllərdir yazıb-danışırdıq ki, Azərbaycan hakimiyyətinin ən zəif yeri ideoloji olmamasıdır, Yeni Azərbaycan Partiyası klassik mənada ideoloji partiya deyil, sistem tək adam üzərinə inşa edilib, cəlbedici və inandırıcı hekayə quruculuğu yoxdur, siyasi loyallıq korrupsiya və büdcə xərcləri, hüquq mühafizə sisteminin yaratdığı xof üzərinə inşa edilib. Aşağıdan ta yuxarıya qədər siyasi loyallığın əsas göstəricisi maddi nemətlərə çıxış imkanları ilə ölçülürdü.

Amma son 5-6 ildə bəzi dəyişikliklər baş verdi: sistemdaxili “elita” əvvəlki illərdə olduğu kimi regionçuluq üzərinə deyil, loyal peşəkarlar üzərinə inşa edilməyə başlandı. Hakimiyyətdaxili təmizlənmə işləri sürətləndi, köhnə qafalar təmizləndi, üzərinə də 44 günlük möhtəşəm hərbi qələbə gələndən sonra prezidentin reytinqi çox yüksəldi.

Amma zəif nöqtə hələ də qalır – bu gün də hakimiyyət ideoloji deyil, hekayəsi cəlbedici və ümidverici deyil. Bu gün ölkədə sosial və iqtisadi problemlər qar uçqunu kimi artır, bu problemlərin həlli yolu isə siyasi sistemin yenidən dizayn olunmasından keçir. Prezidentin hələ də yüksək olan reytinqi ağrılı, amma labüd olan sistem islahatlarını həyata keçirmək üçün yaxşı şans yaradır – dövlət başçısı bu şansı qaçırsa, sonra əsl sistemli islahatlar üçün nə zamanı, nə də istəyi qalacaq…

Natiq Cəfərli, iqtisadçı ekspert

Bənzər yazılar

Back to top button