Hadisə

“Yolumuzu kəsdilər, oğlumu maşının pəncərəsindən çıxarıb döydülər”

Biləsuvar rayonu, Muğanlı kəndində yaşayan Allahverdi Rüstəmov özü və iki oğlunun digər kənd sakinləri tərəfindən döyüldüyünü iddia edir.

“Qafqazinfo”ya müraciət edən A.Rüstəmov hadisənin avqust ayında əkin sahəsinin suvarılması üstündə baş verdiyini deyib. Onun sözlərinə görə, qohumluq əlaqələri olan Abdulla Cəfərov, Xəlil Cəfərov, Ayaz Cəfərov, Aqil Cəfərov, İbrahim Hətəmov və Əlövsət Hətəmov onları kənd ərazisində döyüb, oğlu Elçinin ağır xəsarətlər almasına səbəb olublar: “Bizim onlarla əkin sahələrimiz yanaşıdır. Sahəni suvarmaq üçün texnika çağırmışdım. Amma Abdulla dedi ki, bizdən əvvəl heç kim burada suvarma işi görə bilməz. Onlarla mübahisə etməmək üçün çağırdığım texnikanı geri qaytardım. Amma Əlövsət bizə söyüş söydü. Evə qayıdanda maşınla gəlib yolumuzu kəsdilər. Abdulla bizim maşının açarını çıxardı, işıqları söndürüb dedi ki, “vurun, maşının işıqlarını söndürdüm”. Oğlum Elçin Rüstəmovu maşının pəncərəsindən çıxarıb amansızlıqla döydülər”.

A.Rüstəmov bildirib ki, hadisədən sonra oğlu ağır travma alıb: “Oğlum əvvəlcə Biləsuvar Xəstəxanasında yatdı, daha sonra Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirdik. 1 aya yaxın müalicə aldı. Hələ də düzəlməyib, çətinliklə gəzir. Kəllə-beyin travması alıb. Elçini əsas döyənlər Aqil, Əlövsət və Abdulla olub. Oğlum xəstəxanadan evə buraxılandan sonra Ayazgilin qohumları bizə gəlmişdilər. Düşündük ki, barışıq üçün gəliblər. Əksinə bizi təhdid edib getdilər”.

E.Rüstəmovun atası polisə müraciət etmələrinə baxmayaraq, cinayət işinin istintaqının ədalətli aparılmadığını da iddia edib: “Hadisə zamanı bizi 6 nəfər döysə də, cinayət işi təkcə Aqil Cəfərova qarşı açılıb. Bizi döyənlərin hamısının məsuliyyətə cəlb olunmasını istəyirik. Bununla bağlı Biləsuvar Rayon Polis Şöbəsinə bir neçə dəfə müraciət etmişik”.

Şikayətçinin bildirdiyinə görə, Xəlil Cəfərov Biləsuvar Olimpiya İdman Kompleksinin mühasibi, Ayaz Cəfərov isə Milli Ordunun kapitanıdır.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı ikinci dəfə ekspertiza təyin olunub, istintaq aparılır: “Biləsuvar rayon sakini Elçin Rüstəmov Rayon Polis Şöbəsinə müraciət edərək əkin sahəsində baş verən mübahisə zamanı həmkəndlisi Aqil Cəfərov tərəfindən döyüldüyünü bildirib. Təyin edilmiş müvafiq ekspertizanın rəyinə və ilkin araşdırmanın nəticəsinə əsasən E.Rüstəmovun sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid olan xəsarətlər aldığı müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən cinayət işi başlanılıb, müvafiq istintaq hərəkətləri davam etdirilir”.

Bənzər yazılar

Back to top button