AnalitikaManşetSiyasət

Zəngəzur dəhlizi Tehranı niyə dəli edir?- İranın özündən çıxması və blefi…

11 ay əvvəl ordumuzun müzəffər yürüşü Xankəndinin qapılarına dayanarkən, gecə saatlarında üçtərəfli bəyanatın imzalanmasından sonra yəqin ki, heç kim İranla Azərbaycanın münasibətlərinin bu qədər kəskinləşəcəyinə, hətta qırmızı xətti keçəcəyinə inana bilməzdi. Bəlkə də heç bunu ağlına gətirən belə, yox idi. Əksinə, çoxumuz düşünürdük ki, İran nəhayət ki, öz sərhədlərinin işğaldan azad olmasına bizim qədər olmasa da, sevinəcək, işğaldan azad olunan ərazilərin bərpasında aktiv iştirak edəcək və bərpa işlərində ən böyük paya sahib olacaq.

Ancaq bu baş vermədi və İran aktiv, həm də açıq şəkildə Putinin hərbi cinayətkar olan separatçıların idarəsinə verdiyi Xankəndinin bərpasına qoşuldu və tikinti materilları ilə dolu maşınları Qarabağa yönləndirdi.

İndi isə İran rəsmi şəkildə, Ali dini lidet, müdafiə və xarici işlər naziri səviyyəsində Azərbaycanı təhdid edir. Azərbaycanla sərhəddə təlimlərə başlayan SEPAH generallarının təhdidi isə artıq bütün qırmızı xəttlərdən kənara çıxıb. Rəsmi Tehran az qala, dəli olub, özünü idarə edə bilmir və hirsindən dodaqlarını gəmirib özünü yaraladığı da uzaqdan görünür.

Bəs ABŞ və İsrailə qarşı çox soyyuqqanlı (hətta İranın öz ərazisində nüvə mərkəzləri İsrail tərəfindən vurulduqda belə, general Süleymaninin intiqamını icazəli və simvolik alanda belə) davranan Tehranı Azərbaycana qarşı bu qədər özündən çıxaran və dəli edən hansı səbəbdir?

Əslində bu ilin əvvəlində İranın sabiq xarici işlər naziri Cavad Zərifin 6-lıq formatı ilə bağlı bölgə turnesinə çıxdığı zaman İran üçün nəyinsə heç də yolunda getmədiyi aydın idi. Amma məsələnin bu qədər böyüyüb cığırından çıxacağı o zaman da gözlənilmirdi. İndiki cığırından çıxan gərginliyin bir səbəbi də, bəlkə də prezident seçkilərində islahatçıların deyil, mühafizəkarların qalib gəlməsi ilə bağlıdır. Lakin Tehranın soyuqqanılığını bu qədər itirməsi və İnqilab Keşikçiləri generallarının ard-arda Azərbaycanı açıq şəkildə təhdid etmələri və daha sonra bu xora İranın müdafiə və xarici işlər nazirlərinin də qatılması onu göstərir ki, 44 günlük müharibədən sonra Cənubu Qafqazda yaranmış yeni status-kvo və geosiyasi reallıqlar İran üçün çox həyacanlandırıcıdır və qatarın artıq yola çıxması Tehranı özündən çıxaran, hətta dəli edən səbəbdir.

İran Rusiyaya müharibə elan edir?

İranın dəli edən səbəb isə təlimlər başlarkən, Arazın o tayından bütün ağızlardan Azərbaycana qarşı təhdidlər sovrulurkən, Yeravandan səsləndirildi və bu, Soçidə Rusiya və Ermənistan prezidentlərinin görüşündən sonra baş verdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi ki, Ermənistan daha çox mövcud infrastrukturdan, yəni Yerevan-Tbilisi-Bakı-Rusiya dəmir yolundan, habelə infrastruktura demək olar ki, investisiya yatırmağa ehtiyac olmayan Yerevan-Naxçıvan-Culfadan istifadə etməyə daha çox meyllidir. Onun sözlərinə görə, Ermənistan və Naxçıvan sərhədində kiçik 1 kilometrlik hissə çəkilməlidir və bu çox vaxt aparmaz.

Daha sonra sözlərinə davam edən Qriqoryan qeyd edir ki, Azərbaycan da Ermənistanın yollarından istifadə edə biləcək. Yəni Azərbaycanın qərb bölgələri Tavuş və ya Sünikin infrastrukturlarından istifadə etməklə Naxçıvanla əlaqə saxlaya biləcəklər.

Əslində təlimlərin başlanması öncəsində Qriqoryanın dodaqları arasından çıxan bu cümlələr rəsmi Tehranın mövqeyidir və Qriqoryandan sonra İranın müdafiə və xarici işlər nazirləri də bunu təsdiqlədilər. Belə çıxır ki, ilin əvvəlində 6-lıq platforma ölkələrinə səfər edən Zərif də bu təkliflə çıxış edib və uzun zamandır Nikol Paşinyanın “mus-mus” edib, “Mustafa” deyə bilməməsi də bununla bağlıdır. Qriqoryanın bəyanatında diqqət çəkən digər digər məsələ isə “meyllidir” ifadəsini işlətməsidir. Bu ifadə isə onu deyir ki, Yeravan marşrut seçmək məsələsində heç də azad deyil və Rusiya və Azərbaycanın təzyiqləri qarşısında Ermənistan gücsüzdür.

Elə buna görə də İranın Yeravandakı səfiri Abbas Bədəxşan Qriqoryanın bu bəyanatından sonra Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşdü. Erməni mediasının yazdığına görə, səfir Abbas Bədəxşan Karapetyana bildirib ki, əgər Ermənistan ordusu Sünikdən (Zəngəzur) çəkilsə, İran ordusu Sünikə girəcək. Səfirin bu bəyanatı əslində Ermənistana verilən ultimatum kimi qəbul edilməlidir və səfirin Ermənistan müdafiə nazirinə söylədiyi bu sözlərin diplomatik dildən tərcüməsi belədir: Əgər Ermənistan tərəfi Zəngəzur dəhlizinə icazə versə, onda İran Zəngəzura ordu yeridərək Sünik rayonunu öz nəzarəti altına alacaq.

Bu isə artıq bütün qırmızı xəttlərin aşılması və faktiki olaraq İranın Rusiyaya meydan oxuması, daha doğrusu, müharibə elan etməsi anlamına gəlir…

Maraqlıdır ki, Ermənistanın teleqram kanalları və mətbuatında yayılan infomasiyalara görə, hələ may ayında İran Ermənistana təklif verib ki, Sünikdə İran qoşunları yerləşdirilsin. Bu isə Zərifin İranın təklifi ilə bağlı 6-lıq formatı ölkələri ilə təmasının tamamilə kəsildiyi vaxta təsadüf edir. Həmin ərəfədə isə 10-a yaxın İran generalının Yeravana gizli səfər etməsi ilə bağlı məlumat yayılmışdı.

Ermənistan çətin vəziyyətdə

Hər nə qədər bu gün İran SEPAH generalları, hətta müdafiə və xarici işlər nazirləri səviyyəsində Azərbaycanı təhdid etsə də, geosiyasi hesablamalar onu göstərir ki, İranın bu hədələri Azərbaycandan daha çox Ermənistanı çətin vəziyyətə salır və geosiyasi cəhətdən Yeravanı pat vəziyyətinə qoyur.

Hətta hadislərin inkişafının ən fantastik versiyasını ələ alarsaq və ehtimal edərsək ki, İran Zəngəzur dəhlizinin açılması təhlükəsi qarşısında Azərbaycanla müharibəyə girir və işğaldan azad olunmuş əraziləri yenidən işğal etməyə cəhd edir, bu halda belə, Ermənistan daha çox uduzan tərəf olur. Çünki İranın bu addımı bütün hallarda böyük geosiyasi qarşıdurmanın yaranmasına səbəb olacaq. Təbii ki, İranın bu addımı Rusiya da daxil olmaqla, ABŞ, Türkiyə, İsrail və hətta Fransanın İrana qarşı birləşməsinə yol açmaqla yanaşı, bölgədə böyük müharibənin alaovlanmasına səbəb olacaq. Bu müharibədə isə Azərbaycanın məğlub olacağını birmənalı şəkildə söyləmək olmaz. Çünki Azərbaycanın müttəfiqləri sırasına avtomatik olaraq Rusiya və ABŞ-da daxil olacaq və böyük dövlətlər – ABŞ, Rusiya, Türkiyə, o cümlədən İsrail İranın şimalda yeni ərazilər işğal etməsinə imkan verə bilməzlər. Bu onlar üçün geosiyasi fəlakət olar.

Gərginlik bölgəsində isə İranın tək müttəfiqi olaraq Ermənistan çıxış edir. Bu isə Ermənistanın əsas müttəfiqləri olan Rusiya, ABŞ, Fransanın heç də xoşuna gələ bilməz və Ermənistan da İranla eyni cəbhədən çıxış etməsini heç cür izah edə bilməz. Çünki bu blokadada olan Ermənistanın həyati əhəmiyyətli mallarla təmin olunması anlamına gəlmir. Hər şeydən əvvəl dünyanın əsas paytaxtalarında siyasi gücə sahib olan erməni diasporu bundan sarsılar və çox sürətlə gücünü itirər. İranın strateji müttəfiqinə çevrilməsi isə son nəticədə Ermənistanın dövlətçiliyini itirməsi ilə nəticələnə bilər.

Təbii ki, fantastik adlandırdığımız bu ssenarinin reallaşması imkanı çox aşağıdır və böyük ehtimalla, Sünikə belə ordu yeritmək də daxil olmaqla, Tehranın havaya sovurduğu təhdidlər blefdən başqa bir şey deyil. Hər halı ilə İranın Azərbaycana qarşı hərbi əməliyyata başlaması istər daxildən, istərsə də xaricdən molla rejimin sarsılmasına yol açar və bütün bu mənfiləri Tehranda da hesablamamış deyillər.

Bütün fantastik versiyaları bir kənara qoysaq belə, bu gün Zəngəzur dəhlizi məsələsində İran “şirinin” quyruğundan tutaraq suyu bulandırmağa cəhd eləməsi belə, Ermənistanı çətin vəziyyətə salmaqdadır. Çünki Rusiya və Qərb Ermənistanın hansı oyunlardan çıxdığını görür və kimin ağzı ilə danışdığını da bilir. Hazırda “İran-Azərbaycan qarşıdurması”nda Ermənistanın “ağzına su alaraq susması” da onu göstərir ki, Yeravanda vəziyyətin onların əleyhinə dönüməsinin fərqindədirlər. Bütün hallarda bu gün yaşananlardan Azərbaycandan daha çox Ermənistanın xarici siyasəti və erməni diasporu ziyan görür.

İranın Ermənistandakı səfirinin ölkəsi adından Arşak Karapetyana ultimatum verməsi isə vəziyyətin Yeravan üçün nə qədər təhlükəli məcraya yönəlməsindən xəbər verir. Yəqin ki, səfir Abbas Bədəxşanın verdiyi ultimatumu mətbuata sızdırmaqla Yeravan əslində vəziyyətdən çıxmağa çalışır və bu, əslində Rusiyaya və ABŞ-a verilən “məni qoruyun” mesajı kimi dəyərləndirilə bilər.

Ermənistan 30 illik mübarizəsinin bəhrələrini və təməl bazasını itirir

“Erməni məsələsi” 200 ildir ki, gündəmdədir və bu 200 ilin son 30 ilində Dağlıq Qarabağı və ətraf rayonları Rusiyanın və İranın dəstəyi ilə işğal edən Ermənistanın əsas məqsədi Cənubi Qafqazın “İsriali”nə çevrilməkdi. Yəni Ermənistan istəyirdi ki, işğalçı siyasətinə rəğmən Cənubi Qafqazda böyük dövlətlərdən toxunulmazlıq statusu alsın və bundan sonra işğal ərazilərini daha genişləndirsin. Lakin dünya təkqütblü olsa belə, Rusiya ilə ABŞ arasında gedən geosiyasi savaş və nüfuz müharibəsi Ermənistanın bu məqsədə çatmasına əsas əngəl oldu. İndi isə 44 günlük müharibədən sonra yaranan status-kvodan sonra ermənilərin belə bir status alması demək olar ki, mümkün görünmür. Əksinə İranın Azərbaycana qarşı artan təhdidi sayəsində nisbətən belə bir statusu Azərbaycan qazana bilər ki, Bu da Yeravanda ayrıca həyəcan və təşviş yaradır.

İndi Yeravan İranla Azərbaycanın qarşıdurmasının ona nə qədər ziyan vurduğunun və Azərbaycanı siyasi cəhətdən istər siyasi, istərsə də hərbi cəhətdən nə qədər gücləndirdiyinin fərqindədir.

Bəs Zəngəzur dəhlizi Tehranı niyə dəli edir?

Artıq hər şeyin Zəngəzur dəhlizi ətrafında baş verdiyi şübhəsizdir. İran rəsmilərinin isə açıq təhdid bəyanatlarının Putin və Ərdoğağanın Soçi görüşündən sonra pik həddə çatması heç də təsadüfi deyil. Görünür, Soçidə görüşdən susqunluqla, lakin məmnun ayrılan Türkiyə və Rusiya liderləri Zəngəzur dəhlizi ilə bağlı yekun və qəti qərarı veriblər. Yəni Sünikdə Rusiyanın nəzarəti və qoruması altında suveren
dəhliz olacaq və bu dəhliz əslində beynəlxalq tranzitdə xüsusi çəkiyə sahib olacaq.

Diqqət çəkən məsələlərdən biri də odur ki, Moskvanın tam nəzarəti altında olan revanşist Ermənistan müxalifəti davamlı olaraq Zəngəzur dəhlizi ilə bağlı səs-küy salmasına və Paşinyanı məhz bu dəhlizə görə xəyanatkar elan etməsinə baxmayaraq, son günlər tamamilə səssizlik nümayiş etdirirlər…

Bəs belə demək mümkünsə, Ermənistanın suveren ərazisində Rusiyanın nəzarəti altında dəhlizin yaradılması İranı nyə bu qədər narahat edir və Tehran Zəngəzur dəhlizini niyə sərhədlərin dəyişdirilməsi kimi dəyərləndirir? (Biz burda 30 il müddətində İranın Azərbaycan sərhədlərinin işğal olunması faktına sıfır reaksiya verməsinə toxunmuruq belə. Lakin əsas sual odur ki, Ermənistanın heç də dəyişməyən sərhədlərindən özü istədiyi kimi istifadə etməsi İranı niyə bu qədər həyacanlandırır və Tehranı dəli olmaq səviyyəsinə çatdırır?)

Əslində hər şey siyasi coğrafiyada (geosiyasət) gizlənib. Məsələ ondadır ki, 1979-cu ildə islam inqilabı baş verdikdən sonra İran bütün geosiyasi layihələrdən, transmilli dəhlizlərdən kənarda qalıb. Əgər İranda islam inqilabı olmasaydı, bu gün Türkiyə qərbdən şərqə, şərqdən qərbə gedən bütün tranzit dəhlizlərini öz əlində toplaya bilməzdi və bu tranzit dəhlizlərin böyük hissəsi məhz İrandan keçərdi. Zəngəzur dəhlizinin reallaşması əslində İranın əsas rəqibi olan Türkiyənin qərbdə və şərqdə əsas oyunçuya çevrilməsi anlamına gəlir və bu hazırda Rusiya ilə Türkiyəni geosiyasi əməkdaşlığının əsasını təşkil edir.

Zəngəzur dəhlizi həm də blokadada olan İranın “Bir kəmər, Bir yol” layihəsinə olan ümidlərini də boşa çıxarır. Çünki artıq “Bir kəmər, Bir yol” layihəsinin Zəngəzur dəhlizinə önəm verdiyi ortadadır. Bu regionun böyüklü-kiçikli bütün oyunçularının – istər Rusiyanın, istər Avropanın, istərsə də Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyənin siyasi-iqtisadi maraqlarını tam təmin edir. (Ermənistanın Zəngəzur
dəhlizinə qarşı çıxmasının tək səbəbi cəfəng və ermənbi xalqı üçün məhvedici olan milli konsepsiyadır. Gürcüstan isə sırf ərazi bütövlüyünə Rusiya tərəfindən qəsd olunduğu üçün hələlik prosesdən kənarda qalmağa üstünlük verir).

Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi isə İranın geosiyasi vəziyyətini onsuz da ağırlaşdırıb. Şərq istiqamətindən də İranın “Bir kəmər, Bir yol” layihəsindən bəhrələnməsi artıq böyük sual altındadır. Bu yaxınlarda İranın Şanxay Azadlıq Təşkilatına (ŞƏT) tam hüquqlu üzv olmasında da əsas məqsəd “Bir kəmər, Bir yol” layihəsindən yararlanmaq daha effektli yararlanamq idi. Lakin indi belə çıxır ki, Zəngəzur dəhlizinə görə indi İran Avropaya çıxış əldə etmək üçün Türkiyəyə möhtac olacaq. Onun bütün geosiyasi maraqlarını tapdalayan, daha doğrusu İranda baş verən islam inqilabı nəticəsində ələ keçirən və bundan bəhrənənən Türkiyəyə möhac olmaq isə Tehranı ayrıca özündən çıxarır.

Əslində isə İranın əsas məqsədi “Bir kəmər, Bir yol” layihəsini İran körfəzindən öz ərazisindən keçirməklə Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxarmaqdır. Lakin bu marşurut daha bahalı oloduğu üçün Zəngəzur dəhlizinin daha cəlb edicidir və İran körfəzindən Qara dənizə arzu edilən marşrut heç də Rusiyanın geopolitik maraqlarına uyğun deyil. Bu mənada Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında olması İran üçün ayrıca bir problemdir və Zəngəzur dəhlizinin reallaşması doğrudanda sanksiyalar şəraitində çətin iqtisadi problemlərlə üz-üzə olan İran üçün geosiyasi fəlakətə açılan qapı kimi görünür. Yəni bu dəhlizin açılması İranın ən qorxulu röyasına çevrilib.

Digər tərəfdən isə Zəngəzur dəhlizinin açılması sanksiya şəraitində gündən günə iqtisadi vəziyyəti korlanan İranın Azərbaycan və Ermənistan bazarlarını itirilməsi demək olacaq. Çünki dəhlizin açılması ilə daha keyfiyyətsiz İran malları regiona daha çox ayaq açacaq Türkiyə, Rusiya, Çin və digər ölkələrin malları ilə rəqabət apara bilməyəcək və ucuz olsa belə, İran üçün daxili bazar kimi olan Ermənistan və Azərbaycan bazarları birdəfəlik itiriləcək. Qeyd etməliyik ki, mühafizəkarların hakimiyyətə gəlməsi səbəbindən sanksiyaların daha da sərtləşəcəyi gözlənilir və bu bazarların əldən çıxması da İran üçün böyük və əvəzolunmaz itki olacaq.

Bütün bunlar isə İran yönətimini sözün həqiqi mənasında dəli edir. İran faktiki olaraq həm şərqdə, həm də şimalda geosiyasi fəlakətlə üzləşməkdədir və indi şimaldakı fəlakəti sadəcə blef edərək önləməyə çalışır…

Bir neçə kəlmə də İranın Arazın o tayında keçirdiyi təlim barədə

Açığı İranın Arazın o tayında İranın keçirdiyi və “Xeybər fatehləri” adını verdiyi təlimlər hər kəsi təəccübləndirir. İlk öncə qeyd edim ki, bu təlimlər təkcə Azərbaycana qarşı gözdağı deyil. İranın özünün də dediyi kimi, təlimlər həm də İsrailə göz dağı vermək üçün həyata keçirilir. Lakin sətir altında bu təlimlər həm də Türkiyə və Pakistana, həmçinin Rusiya və Ermənistana da gö dağı vermək anlamına gəlir. Lakin ortada bir gözdağı kimi nəticə varmı?

Hər şeydən əvvəl təəccüb doğuran məsələ isə odur ki, 44 günlük müharibədə son texnoloji yenilikləri tətbiq edib qalib gələn Azərbaycanı belə bir kənara qoyaq, dünyanın ən böyük ordularına sahib ölkələrə göz dağı verməyə çalışan İranın təlim üçün cəmlədiyi silah və texnikalar ötən əsrin 60-70-cı illərinə aid olan və çoxdan cəbbəxanalardan qaldırılan ABŞ və Rusiya istehsalı silahlardır və bu silahlar Şah İranı tərəfindən tədarük olunub. Bu silahlar Azərbaycanın belə, masir silahlarına qarşı tamamilə acizdir. O zaman sual olunur: Ağızlarından köpük tökülən mollaların və SEPAH genarallarının bu qədər xərc və əziyyət çəkməsinə lüzum vardımı? Bu təlimlər onların gözdağı oldu, yoxsa biabırçılığı?..

Azərbaycan tərəfinin isə İranın bu “gözdağına” cavabı çox simvolik oldu. Azərbaycanın Müdafiə Nazirliyi sadəcə İranla sərhəddə hərbi holikopterləri havaya qaldırmaqla kifayətləndi və məncə bu elə gözdağı idi…

Azər Qaramanlı
“Poliqon” İnformasiya Agentliyinin (pia.az) baş redaktoru

Bənzər yazılar

Back to top button