CəmiyyətManşet

“İndiki eybəcərliklər səhiyyə sistemimizi düşündürməli deyil, silkələməlidir” – MÜSAHİBƏ

Dünya Bankının “Sağ qal, öyrən, inkişaf et” adlı Azərbaycanla bağlı hesabatında göstərilir ki, ölkədə tibb xərclərinin 78.6 faizi əhalinin öz vəsaiti hesabına maliyyələşdirilir. Bu, dünyada inkişaf etmiş digər ölkələrlə müqayisədə çox böyük fərqdir.Ümumiyyətlə, səhiyyə sistemi Azərbaycanda yaşayan insanların “yaralı yeri”dir. İnsanların öz boynuna düşən səhiyyə xərcləri (əslində rəsmən bu xərclər insanlar üçün pulsuz olsa da bu kağız üstündə belədir), keyfiyyətsiz səhiyyə xidməti, eyni zamanda maaş azlığına görə xəstələrin cibinə göz dikən tibb personalı haqda şikayətlərə sosial media və eləcə də mediada tez-tez rast gəlmək mümkündür. Bir sözlə Azərbaycan kimi ölkələrdə reallıq bundan ibarətdir ki, əgər xəstələndinsə, pulun varsa yaşayacaqsan. İqtisadçı alim Məmməd Talıblı da ASTNA-ya müsahibəsində bu məsələlər barədə danışıb.

***

– Dünya Bankının hesabatında qeyd edilir ki, ölkədə tibb xərclərinin 78.6 faizi əhalinin öz vəsaiti hesabına maliyyələşdirilir. Amma biz hər il büdcə müzakirələrində görürük ki, səhiyyə xidmətləri üçün büdcədən vəsait ayrılır. Bəs bu vəsait hara gedir?

– Azərbaycanda səhiyyə xərcləmələri ilə bağlı 2 məqamı biri-birindən ayırmaq lazımdır. Bunun birincisi, dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin qənaətbəxş səviyyədə olmamasıdır. İkincisi, ictimai vəsaitlər hesabına səhiyyə xidmətlərinə çıxış imkanların məhdud olması fonunda (icbari tibbi sığortaya keçidin hələ bu il baş tutması) vətəndaşların səhiyyəyə öz ciblərindən daha çox vəsaitin xərcləmək məcburiyyətində qalması ilə bağlıdır. Halbuki dövlət büdcəsi səhiyyə xərclərini artırmaq hesabına vətəndaşların bu yükünü öz çiyinlərinə götürməlidir. Bunu dövlət etməyəndə ölkədə yoxsulluq dərinliyi daha da dərinə işləyir. Çünki vətəndaşın ailə büdcəsində ağırlıq təşkil edən xərclər onun daha da yoxsullaşma risklərini artırır. Ailə büdcəsində ərzaq, səhiyyə xərcləri üstünlük təşkil edən ailələri yoxsulluq daha çox təhdid etmiş olur. ABŞ-da əgər bir ailə gəlirinin 35 faizindən çoxunu ərzağa xərcləyirsə, həmin ailə yoxsul ailə hesab olunur. Azərbaycanda bir neçə il öncə aparılmış tədqiqata görə, ölkədə vətəndaşların təkcə xərclədikləri pul ailə büdcələrinin 72% təşkil edir. Bura səhiyyə, təhsil, əşya satınalması və s. kimi zəruri xərclər daxil edilməmişdi.

– Ümumiyyətlə, son illər dövlət büdcəsindən səhiyyə xidməti üçün nə qədər vəsait ayrılıb?

– Maraqlı məqam budur ki, səhiyyə xərclərində postneft dövründə nisbətən sürətli artım qeydə alınıb. Neft gəlirlərinin pik mərhələsində (2006-2014) ölkəmizdə səhiyyə xərcləri ÜDM-nin 1%-dən yüksək olmadı. Halbuki Dünya Səhiyyə Təşkilatının metodolgiyasına görə, hər hansı bir ölkədə səhiyyə büdcəsi ÜDM-nin 3%-dən azdırsa, bu həmin ölkə üçün həyacan siqnalının çalınması üçün kifayətdir.

Azərbaycan büdcəsində səhiyyə xərcləri son iki ildə nisbətən artıb. Əvvəlki illərdə 25 milyardlıq dövlət büdcə xərclərinin 1 milyard manatını keçmirdi. Amma ilk dəfə olaraq 2019-cu ildə 1 mlrd. 42 mln manat təşkil etdi. Ötən il (2020) isə 1,4 mlrd manata yaxınlaşdı. Bu 1 il ərzində 33 faizlik artım demək idi.

Bu ilin (2021) ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1409,0 milyon manat vəsait ayrılıb. Bu isə o deməkdir ki, cari ildə hər 100 manatın təxminən 5 manatı (daha dəqiqi 4 manat 90 qəpiyi) səhiyyə xərclərinə yönələcək.

– Həmin ayrılan vəsait səhiyyəyə hansı məqsədlər üçün ayrılıb? Həmin məqsədlər yerinə yetirilibmi?

– Azərbaycanda səhiyyə xərclərinin qiymətləndirməsində səhv metod odur ki, əsas meyar kimi büdcədən səhiyyəyə ayrılan xərclərin həcminə diqqət edirlər. Bu da vacibdir. Amma bu xərclərin strukturu təhlil edilməlidir. Yəni, bu xərclərin neçə faizi yeni səhiyyə avadanlıqlarının alınmasına, səhiyyə sistemində çalışan pensonalın əməkhaqqının neçə faiz pay almasına, inzibatı xərclərə və s. Bu xərclər illər üzrə optimallaşdırılmalı idi ki, sonda pandemiyada göründüyü kimi səhiyyə sistemi yüklənməsin. Əsas diqqət yetirilməli məqam budur ki, səhiyyə büdcəsi həcm olaraq əsas götürülməsin. Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) əsas yanaşmasına görə, adambaşına düşən səhiyyə xərcləri əsas götürülür. Bizim 2003-cü ildə olan səhiyyə xərclərimiz indiki səhiyyə xərclərindən 15 dəfədən azdır. Amma nəzərə almaq lazımdır ki, indi ölkəmizin əhalisinin sayı o vaxtkından 2 milyon nəfər çoxdur. ÜST-ı isə dövlət büdcəsindən ayrılmış səhiyyə xərclərin əhali sayına bölməklə adambaşına düşəcək səhiyyə xərclərini müəyyənləşdirir. Əgər 2020-ci ilin dövlət büdcəsindən səhiyyəyə ayrılan xərcləri adambaşına bölsək, bu 136 manat edər. Bu məbləği ABŞ dollarına konvertasiya etsək, 80 dollar edər. Bu dünya ölkələri ilə müqayisədə ən aşağı göstərilərdən sayılır.

– İnsanlar səhiyyəyə il ərzində nə qədər xərc çəkirlər? Və bu digər ölkələrlə müqayisədə çoxdur yoxsa, azdır?

– Sizin yuxarıda qeyd etdiyiniz Dünya Bankının hesabatında qeyd olunur ki, Azərbaycanda tibb xərclərinin 78.6 faizini əhali öz vəsaiti hesabına həyata keçirir. Bu o deməkdir ki, ölkəmizdəki 5 manatlıq səhiyyə xərclərinin 1 manatını dövlət qarşılayır, 4 manatını isə sadə vətəndaşlar. ÜST isə tövsiyyə edir ki, ölkələr üzrə bu göstərici hər 5 dollardan 1 dollarını və 20 faizini vətəndaşlar öz üzərinə götürməlidir.

– Azərbaycandan xarici ölkələrə – İrana, Gürcüstana, Rusiyaya, Türkiyəyə, İsrailə və digər ölkələrə müalicə məqsədilə üz tuturlar. Səhiyyə xidmətlərinə əhali tərəfindən çəkilən xərclər deyəndə bunlar da nəzərə alınırmı?

– Bu təkcə səhiyyə sistemimizin keyfiyyətini sual altına salmır. Bu həm də özündə monetar risk deməkdir. Yəni ölkəmizdən xaricə valyuta axını deməkdir. Həmin ölkələr səhiyyə turizmindən qazandıqları halda, biz bundan uduzuruq. Siz İsrailin adını çəkdiniz… Bir müqayisə edim. Son illərdə İsrailə gedən xəstələrin arasında onkoloji xəstəliklər birmənalı olaraq üstünlük təşkil edir. Azərbaycanda son illərdə ağır patologiyalı xəstəliklər arasında ən yüksək dinamik onkoloji xəstələrin ağlagəlməz sürətlə artmasındadır. Bunun səbəbi istehlak etdiyimiz keyfiyyətsiz qidalardan başlamış, genməhsullu məhsullara, pozulmuş ekoloji balansdan başlamış, tullantıların miqdarının artmasına qədər çoxsaylı səbəblər var. Azərbaycanda onkoloji xəstələrin sayı 50 min nəfər civarındadır. İsraillə bizim ölkə əhalisinin sayı təxminən eynidir. Niyə təxminən deyirəm? İsraildə 8,8 mln. nəfər əhali yaşayır. Azərbaycanda isə 10 milyon nəfər qeydə alınıb. Amma faktik yaşayan insan sayı 7-8 milyon nəfər arasındadır. İsraildə 2019-cu ildə cəmi 109 nəfər onkoloji xəstə olub. Onun 104 nəfəri qeyri-yəhudi, cəmi 3 nəfər yəhudi millətindən olub. Azərbaycanda yüzlərlə yox, minlərlə yox, on minlərlə insan onkoloji xəstəlikdən əziyyət çəkir. Bu bizim səhiyyə sistemimizi düşündürməli deyil, silkələməlidir.

Yeri gəlmişkən, dövlət büdcəsindən 2021-ci il üçün Milli Onkologiya Mərkəzinə 45,6 milyon manat vəsait ayrılıb.

– Ümumiyyətlə, Azərbaycanda səhiyyə xidməti pulsuz idi. İndi isə İcbari Tibbi sığorta fəaliyyətə başlayıb. Maraqlıdır ki, belə olduğu halda insanlar niyə səhiyyə xidmətləri üçün xərc çəkməli olurlar?

– İcbari Tibbi Sığortaya keçid görün neçə il pilot layihələrlə başımızı qatdı. Cəmi 4 rayonda neçə il lokallaşdıq. Ölkə miqyaslı icbari tibbi sığortaya keçidin baş tutmaması müalicəyə tabe xəstəlikləri ağır patologiyalarla müşahidə olundu. Kimlər ki, hansısa mərhəmətə və H. Əliyev Fonduna müraciət edib, dəstək ala bildisə, bu problemi qismən həll etdi. Kim ki, bunlara əlçatanlığı olmadı, onlar daşınan və daşınmaz əmlakını təcili satmaqla başlarının çarəsini tapdılar. Bu yolla görün neçə min ailə yoxsulluğa yuvarlanmış oldu. Səhiyyə reformaları bahalı və çevik qərarlar tələb edən sahədir. Hər gecikən reformalar itirilmiş insan taleyi deməkdir. Tikinti işləri, iqtisadiyyat, təsərrüfatların idarə edilməsi isə belə deyil. Ona görə səhiyyə sisteminə rəhbərlik edən şəxsin portreti tamam fərqli olmalıdır. Azərbaycan səhiyyə sistemi görün neçə illərini öz sahəsindən uzaq, məsuliyyət hissi yerində olmayan və korrupsioner bir nazirin ayaqları altında inildədi…

– Azərbaycanda səhiyyə xidmətinin fəaliyyətinin yaxşılaşdırılması və eyni zamanda insanları məmnun etməsi üçün nə etmək lazımdır?

– Səhiyyə reformalarına start verilməlidir. Davam etməlidir, demirəm. Məhz başlamalıdır! Əvvəlki sistemdən fərqli olaraq davamlı, sistemli və peşəkar səviyyədə islahatlara start verməlidir. Heç şübhəsiz ki, hökumətin səhiyyə xərclərinə zəif münasibətinin kökündə duran amil kimi onun sadəcə bir vətəndaşın tibb xərcləri deyildir. Çoxsaylı empirik tədqiqatlar sübut edib ki, səhiyyə xərclərinin həcmi ilə orta ömür müddəti arasında qarşılıqlı sıx olan müsbət bir əlaqə var. Hansı ölkədə ki, səhiyyə xərcləri yüksəkdir, orada həyat davamlılığı keyfiyyəti yüksəlir, harada ki, səhiyyə xərcləri aşağı səviyyədədir, orada orta ömür müddəti qısalır. Səhiyyə xərcləri və reformaları həm də vətəndaşının neçə il yaşamasına verdiyin bir reaksiyadır: siz vətəndaşınızın ömrünü qısaltmaq, yoxsa uzatmaq istəyirsiz?

Bənzər yazılar

Back to top button