Hadisə

Polis İdarəsinə çağrılan dindar saxlanıldı?

26 noyabr 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş, 7 nəfərin ölümü, 4 nəfərin yaralanması və onlarla şəxsin həbs olunması ilə nəticələnən silahlı qarşıdurmadan sonra dindarların həbsi davam edir.

Azərbaycan Respublikası Daxili işlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğu hadisənin “respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi” kimi qiymətləndirib. Hər iki qurumun verdiyi rəsmi məlumata görə, həbs edilən şəxslər Taleh Bağırov, Elman Ağayev, Zülfüqar Mikayılov və Əbülfəz Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi» adlı hərəkat yaratmışlar, Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər. Həmçinin, Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublikanın əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə etmiş, bununla bağlı tərəfdarlarına göstərişlər vermiş və əhaliyə çağırış vərəqələri paylayıblar. Dövlət qurumlarının iddialarına görə, silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.

Hər iki qurumun rəsmi məlumatına görə, həmin şəxslərin tutulması məqsədilə, 2015-ci il noyabrın 26-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılmış, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü öldürülüb (daha bir nəfər hadisədən sonra Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib)[9]. Daha bir neçə nəfər yaralanıb. Toqquşma nəticəsində iki polis əməkdaşı – polis serjantı Vüqar Əyyub oğlu Nəsibov və polis serjantı İsmayıl Rəsul oğlu Tağıyev öldürülüb. Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülmüşdür. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.

Nardaran hadisələrindən sonra dindarların saxlanılması davam edir. Saxlanılanlardan biri də keçmiş OMON-çu, siyasi fəal, Azərbaycan Liberal Demokrat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Balaş Əliyevdir.

Ailə üzvlərinin verdiyi məlumata görə, Balaş Əliyev noybarın 27-də Sabunçu rayon Polis İdarəsinə çağrılıb. Lakin indiyə kimi ondan xəbər ala bilməyiblər.

Qeyd edək ki, Balaş Əliyev 1995-ci ilin mart ayında baş verən OMON hadisələrində zamanı dövlət çevrilişində cəhddə ittiham olunaraq həbs olunub. Siyasi fəaliyyəti ilə yanaşı din və mənəviyyat məsələləri ilə bağlı sosial şəbəkələrdə fəallıq edir.

Bənzər yazılar

Back to top button