Cəmiyyət

Poçtalyon, iş dəftəri var? Var idi, işbazlar alıb apardı… – ARAŞDIRMA

Təhsil Nazirliyinin narazılıq yaradan qərarının pərdəarxası…

Yeni dərs ilinin başlaması ilə birgə valideynlər yeni dərdlə üzləşiblər. Belə ki, sentyabrın 22-dən ibtidai siniflərdə əyani tədrisə start verilib, lakin aradan iki həftə keçsə də, valideynlər övladlarına iş dəftəri almaqda çətinlik yaşadıqlarından gileylənirlər. Xüsusilə sosial şəbəkələrdə bununla bağlı narazılıqlarını dilə gətirənlərin sayı səngimək bilmir.

Qaynarinfo.az yaranmış problemə aydınlıq gətirməyə çalışıb.

Səbinə Əliyeva ad-soyadlı valideynin sözlərinə görə, iş dəftərlərini əldə etmək üçün xeyli əziyyət çəkməli olub: “Maraqlananda dedilər ki, onu “Azərpoçt”un şöbələrində satırlar, lakin yaxınlıqdakı poçt şöbəsinə bir neçə gün ayaq döysəm də, hər dəfə dedilər ki, satılıb qurtarıb. Sonradan eşitdim ki, başqa valideynlər də eyni əziyyəti çəkirlər. Axırda isə onu öyrəndik ki, poçt şöbələrinə iş dəftərləri gətirilir, ancaq onları “optavoy” şəkildə alıb aparırlar…”

Oxşar fikirləri həmsöhbət olduğumuz bir neçə valideyn səsləndirdi. Onlar həmin tədris vəsaitini xeyli cəhddən sonra, özü də kitab mağazalrından əldə edə bildiklərini söylədilər.

Elə bizim araşdırmalarımız nəticəsində də Bakı və Abşeron rayonu ərazisindəki əksər poçt məntqələrində iş dəftərlərinin “satılıb qurtardığı” ortaya çıxdı. Məlum oldu ki, həmin dəftərlər ayrı-ayrı işbazlar tərəfindən alınaraq məktəbli ləvazimatlarının satışı ilə məşğul olan mağazalarda satılır. Belə mağazalara “28 may” metrostansiyasının ətrafında da rast gəlmək olar, “Sədərək” və “Binə” ticarət mərkəzlərində də…

Təhsil Nazirliyinin müəmmalı mövqe dəyişikliyi…

Mövzu ilə bağlı söhbətləşdiyimiz kitabçılardan maraqlı məlumatlar əldə etdik. Onların dediklərindən belə məlum oldu ki, bir çox tədris vəsaitləri, o cümlədən, iş dəftərləri ilə bağlı problem həmişə mövcud imiş. “Biz vaxtilə bu vəsaitləri nəşriyyatlardan əldə edirdik. Düzdür, həmin vaxt da proses kiçik nöqsanlarla müşayiət edilirdi, ancaq ən azından valideynlər iş dəftərlərini vaxtında və münasib qiymətə əldə etmək baxımından problem yaşamırdılar” deyə kitabçılar bildirirlər.

Mətbuatda yazılanlardan belə aydın olur ki, hazırda isə iş dəftərləri Təhsil Texnologiyalarına Mərkəzi (TTM) tərəfindən satışa çıxarılır. Adıçəkilən qurumla “Azərpoçt” MMC arasında bağlanan müqaviləyə əsasən Azərbaycan və rus bölmələri üzrə 1-ci və 2-ci siniflər üçün iş dəftərlərinin satışı 131-i Bakıda olmaqla respublika üzrə bütün poçt şöbələrində aparılmalıdır. Lakin yeni dərs ilinin başlamasından yarım ay keçməsinə baxmayaraq, valideynlərin çoxsaylı şikayətləri bu təcrübənin özünü doğrultmadığını söyləməyə əsas verir.

Bir maraqlı nüansı da qeyd eləməyə dəyər. İş dəftərlərinin satışı nəşriyyatların nəzarətində ikən Təhsil Nazirliyi (TN) rəsmiləri fərqli mövqу sərgiləyirdi. Bildirilirdi ki, nazirlik tərəfindən müəyyən edilən dərslik komplektində iş dəftəri olmadığı üçün şagirdlərin iş dəftəri alması da qətiyyən tövsiyə edilmir. “Əgər məktəblilərə həmin vəsaitin alınmasının tövsiyə edilməsi ilə bağlı hallar varsa, Bakıda yaşayan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, digər rayon və şəhərdə yaşayanlar isə müavfiq təhsil şöbələrinə müraciət etsinlər. Bu qurumlar da məktəb direktorlarını inzibatı qaydada töhmətləndirsinlər ki, belə hallara niyə yol verirsiniz?” – bir neçə il əvvəl TN rəsmiləri KİV-ə açıqlamalarında məsələyə eynilə bu cür münasibət bildirirdilər.

Ancaq qəribədir ki, iş dəftərlərinin satışı iki qurum – TN ilə TTM-in nəzarətinə keçdikdən sonra nazirlik nümayəndələrinin məsələyə baxışı da dəyişib. İndi onlar bu vəsaiti şagirdlərə, müəllimlərə, valideynlərə açıq şəkildə tövsiyə etməyə başlayıblar.

Maraqlıdır, görəsən, bu fikir dəyişikliyinin səbəbi nədir?!..

Bir yanlış qərarın ortaya çıxardığı üç acı gerçək

Mövzu ilə bağlı söhbətləşdiyimiz kitabçılardan bunu da anladıq ki, elə valideynlər kimi onlar da yaranmış yeni situasiyadan narazıdırlar. Həmsöhbətlərimizin dediklərindən belə məlum olur ki, iş dəftərləri ilə bağlı məlum qərar özəl biznesə ciddi zərbə vurur.

“Dünyanın hər yerində kitab dükanlarının əsas gəliri tədris ədəbiyyatının satışından formalaşır. Azərbaycan kimi kitab bazarının zəif, alıcı kütləsinin az olduğu ölkələrdə isə tədris ədəbiyyatının satışı ikiqat əhəmiyyət daşıyır. Konkret olaraq iş dəftərlərinin satışı ilə bağlı yeni qayda bizi çıxılmaz vəziyyətdə qoyub. Əlac ona qalıb ki, bu vəsaiti ya möhtəkirlərdən əldə edək, ya da piratçılardan… Möhtəkirlər deyəndə “Azərpoçt” şöbələrindən iş dəftərlərini kütləvi şəkildə əldə edib bizə təklif eləyənləri nəzərdə tuturuq. Piratçılar da iş başındadırlar. Əlacsız qalanda onlara üz tutmaqdan başqa yol qalmır” – kitab satışı ilə məşğul olan bir neçə şəxsdən eşitdiklərimiz bunlardır.

Bir sözlə, belə məlum olur ki, iş dəftərlərinin “Azərpoçt”la satışı təcrübəsi fiasko olmaqla yanaşı, əlavə problemlər də ortaya çıxarıb. Yəni bir tərəfdən valideynlərin bu vəsaitlərə əlçatanlığı azalıb, digər tərəfdən isə həm möhtəkirlər üçün yeni meydan açılıb, həm də piratçılardan ötrü “qaz vurub qazan doldurmaq ” fürsəti yaranıb.

Yeri gəlmişkən:

İqtisadçı ekspertlər də iş dəftərlərinin satışının iki dövlət qurumu – Təhsil Nazirliyi və “Azərpoçt” tərəfindən həyata keçirilməsini bazar iqtisadiyyatı şəraitində anlaşılmaz qərar kimi qiymətləndirir və bunun azad biznes fəaliyyətinin məhdudlaşdırılması olaraq dəyərləndirirlər. Onlar hətta elektrik enerjisi, su, qaz kimi məhsulların satışına məsul olan səhmdar cəmiyyətlərin belə özəlləşdirilməsinin zaman-zaman gündəmə gəldiyi bir vaxtda daha sadə məsələlərdə müəyyən dövlət orqanlarının inhisarçı təşəbbüslərini yolverilməz sayırlar.

Düzdür, TN rəsmiləri konkret olaraq iş dəftərləri məsələsində həlledici rolu hazırkı şəraitdə bir qeyri-hökumət təşkilatının (TTYM-in) oynadığını söyləyə bilərlər. Lakin unutmayaq ki, indiki Təhsil naziri bu posta məhz həmin QHT-nin rəhbərliyindən gətirilib…

Bəs qarşı tərəflər nə deyir?

Qaynarinfo mövzu ilə bağlı qarşı tərəflərin də mövqeyini öyrənməyə çalışıb.

Azərbaycan dili üzrə iş dəftərlərinin müəllifi, “Altun kitab” nəşrlər evinin direktoru Rafiq İsmayılov saytımıza açıqlamasında bildirib ki, yaranmış problem haqqında heç nə deyə bilməz: “Mən bu tədris vəsaitinin sadəcə müəllifiyəm, onun məzmununa görə məsuliyyət daşıyıram. Əgər sizin də məhz məzmunla bağlı hansısa iradınız, sualınız varsa yalnız onu cavablandıra bilərəm. Digər məsələlərlə bağlı danışmaq isə məsuliyyətimdən və səlahiyyətimdən kənardır”.

Bənzər yazılar

Back to top button