ManşetSiyasət

Rusiyanın Qarabağda daha çox qalmaq “planları var”

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Dağlıq Qarabağda 2020-ci il 9 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.

Dağlıq Qarabağda qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir. Bunu AzadlıqRadiosu-nun Ermənistan xidmətinə ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Ötən il Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli atəşkəs bəyanatında Rusiya hərbçilərinin regionda beş il müddətinə qalması nəzərdə tutulur. Bu müddətin başa çatmasına altı ay qalmış tərəflərdən hər hansı biri onun xitam verilməsini istəməsə, müddət avtomatik uzadılır.

Azərbaycanın dörd ildən sonra Dağlıq Qarabağda Rusiya sülhməramlılarından imtina edəcəyi halda masada ssenari varmı? Qriqoryan bu suala cavabında deyib ki, bu məsələ gündəmdədir və rusiyalı həmkarları ilə müzakirə olunur. Onlar hadisələrin belə mümkün inkişafı halında addımları necə razılaşdırmağı götür-qoy edirlər.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, onlar Rusiyanın Dağlıq Qarabağda 2020-ci il 9 noyabr sazişinin müddəti bitəndən sonra qalması üçün hər şeyi edəcəklər.

“9 noyabr bəyanatı uzunmüddətli qalmanı nəzərdə tutur. Ancaq Azərbaycan razılaşmasa, cəhdlərimizi birləşdirib problemin həlli yolunu tapmağa çalışacağıq. Ancaq bu gün Artsaxda (Qarabağda) baş verənlər, orada qurulan infrastruktur Rusiyanın orada daha çox qalma planlarının olduğunu göstərir”, – Qriqoryan deyib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. 9 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb

Tənqidçilər Rusiya hərbçilərinin ölkə ərazisinə yerləşdirilməsinə birbaşa suverenliyin pozulması kimi dəyərləndiriblər. Son bir ildə bu kontingetin fəaliyyəti ilə bağlı rəsmi səviyyədə də tənqid səslənib. Azərbaycan Müdafiə Nazirliyi bu kontingentin öz funksiyalarını yerinə yetirməməsindən narahatlığını bildirib. Ancaq Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində sülhməramlıların vəziyyətin sabitləşməsi üzrə fəaliyyətini yüksək qiymətləndirdiyini deyib.

Bənzər yazılar

Back to top button