İqtisadiyyat

Ekspert: “Eskpress avtobuslar sonrakı dövrlərdə də fəaliyyət göstərməlidir”

Karantin rejimi ərzində paytaxtda metronun bağlanması səbəbilə sərnişin axınında yarana biləcək çətinlikləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ekspress marşrut xətləri istifadəyə verildi. İlk öncə 2, daha sonra isə 5 ekspres xətt təşkil edilib. Hazırda ümumilikdə paytaxtda 7 ekspress marşrut xətti fəaliyyət göstərir.

Nəqliyyat üzrə ekspert Hüseyn Abdullayev hesab edir ki, karantin dövründən sonra da bu tip ekspress avtobusların fəaliyyəti təmin edilməlidir:

“Ekspress avtobusların fəaliyyəti xüsusilə metronun işləmədiyi dövrdə lazımlı idi. Düşünürəm ki, metro fəaliyyətini bərpa edəndən sonra da ilkin mərhələdə həmin avtobuslara ehtiyac ola bilər. Eyni zamanda, sonrakı dövrlərdə də paytaxtda bu tip marşrutlar fəaliyyət göstərməlidir. Əsasən də, şəhər mərkəzindən uzaqda yerləşən Mərdəkan, Binə, Lökbatan kimi qəsəbələrdə ekspress avtobuslara ehtiyac var. Səhər saatlarında həmin qəsəbələrində yaşayan insanların əksəriyyəti yaşadıqları yerdən şəhər mərkəzinə üz tutur. Bu zaman onlara bir marşrut xətti üzrə ortada yerləşən dayanacaqlardan minmək sərf eləmir. Çünki avtobus artıq ilk dayanacaqda sərnişinlə dolur və demək olar ki, hamı şəhər mərkəzində düşür. Odur ki, belə uzun məsafələrdə ekspress avtobus xətlərinin təşkili məqsədəuyğundur. Məsələn, səhər vaxtı Mərdəkandan minib şəhər mərkəzində düşməli olan sərnişinə Ramanada dayanmaq sərf eləmir. Nəticədə həmin sərnişin vaxt itirmiş olur. Hesab edirəm ki, uzun məsafəli sərnişindaşımada böyük tutumlu avtobuslar ekspress avtobus funksiyasını daşıya bilər və bu çox müsbət addım olar. Gələcəkdə əhalisi çox olan qəsəbələrdən hansının ərazisindən dəmir yolu xətti keçməsə, orda mütləq ekspress avtobus xətləri istismara verilməlidir”.

Qeyd edək ki, mayın 4-də keçirilən Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli metronun fəaliyyəti bərpa olunduqdan sonra ekspress avtobusların işləyib-işləməməsi məsələsinə baxılacağını bildirib. V.Kərimli qeyd edib ki, ekspress avtobuslar günün pik saatlarında fəaliyyət göstərə bilər.

Mənbə: sfera.az

Bənzər yazılar

Back to top button