İdmanSağlamlıq

Federasiya prezidenti zalların açılmasını tələb edir: Bu cür laqeydlik əsəb gərginliyi yaradır

Fariz Abdullayev: Azərbaycanın sağlam gələcəyi naminə idman zallarının açılması və məşqlərin bərpa olunmasına icazə verilməlidir

“Artıq 1 ilə yaxındır ki, bütün dünyanı təhdid edən koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tətbiq olunan karantin rejiminə uyğun olaraq idman zallarının fəaliyyəti də qadağan edilib. Hərçənd ki, dünyanın əksər ölkələrində karantin rejimi tətbiq edilsə də, bir çox hallarda bu məhdudiyyətlər idman zallarına şamil olunmayıb”.

Bu sözləri Fanat.Az-a açıqlamasında Beynəlxalq Real Aykido Federasiyasının vitse-prezidenti, Qafqaz Real Aykido Federasiyası və Azərbaycan Real Aykido İdman Klubunun prezidenti, 5 qat Beynəlxalq seminar təmsilçisi, 5-ci DAN qara kəmər ustası Fariz Abdullayev deyib.

F.Abdullayevin sözlərinə görə, sözügedən məhdudiyyətlər məşqçi və idmançılarımıza maddi və mənəvi cəhətdən, həmçinin sağlamlığın qorunması baxımından ciddi zərər vursa da, müəyyən edilmiş qaydalara ciddi əməl edilməsi üçün həm federasiya daxilində, həm də sosial şəbəkələrdə geniş təbliğat və izahat işləri aparmaqdan çəkinməyiblər:

“Bu müddət ərzində, əksər klublarımızı və illərlə hazırladığımız idmançıların bir qismini itirsək də, tezliklə karantin rejimi qaydalarına əməl etməklə, idman zallarının fəaliyyətinə də icazə veriləcəyinə ümid edirdik. Lakin Nazirlər Kabineti yanında Operativ Qərargah sonuncu qərarları ilə sərt karantin rejimində bəzi yumşaldılmalara gedərək, vətəndaşların sıx təmasda olduğu məktəblərin, baxçaların, supermarketlərin, bərbərxanaların, çay evlərinin, kafelərin və digər ticarət-iaşə obyektlərinin fəaliyyətinə icazə versə də, nədənsə idman zalları yada düşməyib, bu da idman ictimaiyyətinin haqlı etirazına gətirib çıxarıb. Heç kəsə sirr deyil ki, idman vətəndaşların həm psixoloji, həm də fiziki durumlarını yüksək səviyyədə saxlamaları üçün ən yaxşı vasitələrdən biridir. Bu səbəbdən idman zallarının fəaliyyətinin bərpa olunması haqqında qərar verilməməsi təəssüf hissi doğurur, idman ictimaiyyətinin tələblərinə bu cür laqeydlik əsəb gərginliyi yaradır və ciddi narazılıqla qarşılanır. Ona görə ki, pandemiya dövründə bir çox ölkələrdə, məsələn, Türkiyə, Rusiya, Ukrayna, Tayland, Serbiya və digər ölkələrdə idman zallarının fəaliyyəti, ümumiyyətlə, qadağan edilməyib”.

F.Abdullayev onu da əlavə edib ki, Beynəlxalq Real Aykido Federasiyası adından məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha məktubla da müraciət ediblər:

“Çünki artıq federasiya üzvlərinin, eləcə də azyaşlı idmançılarımızın valideynlərinin də səbri tükənib və demək olar ki, hər gün federasiya rəhbərliyinə məşqlərin nə vaxt bərpa ediləcəyi ilə bağlı müraciət ünvanlayırlar. Onu da qeyd edim ki, digər federasiya rəhbərləri ilə söhbət edəndə, onların da həmin çətinliklərlə üzləşdiyi və bu məsələdə eyni fikirdə olduqları ortaya çıxır. Ona görə ki, Azərbaycan idman ictimaiyyətinin yeganə tələbi Azərbaycan bayrağını yüksək zirvələrə qaldıran, beynəlxalq arenalarda dalğalandıran idmançıların hazırlanmasına şərait yaradılmasıdır. Azərbaycanın sağlam gələcəyi naminə idman zallarının açılması və məşqlərin bərpa olunmasına icazə verilməlidir. Allah Azərbaycanımızı qorusun!”

Bənzər yazılar

Back to top button