İqtisadiyyatManşet

Yoxsulluqdan, hüquqsuzluqdan qurtulmaq üçün xalq hansı fədakarlığı etməlidir?

Yunanıstan iqtisadi böhran keçirən zaman Avropa Birliyi göstərəcəyi 240 milyard avroluq iqtisadi yardımın müqabilində Afinadan etdiyi tələblərin sırasında minimum əmək haqqının ayda 750 avrodan 580 avroya qədər, yəni 22 faiz azaldılması, pensiya yaşının 67 yaşa qaldırılması və aztəminatlı pensiyaçılara əlavə ödənişlərin məhdudlaşdırılması vardı. Xalqına bu şərtləri rəva görməyən baş nazir Aleksis Tsipras qərar vermə hüququn vətəndaşların özünə buraxaraq Brüsselin tələbləri ilə bağlı referendum elan etdi.

Türkiyənin milli gəlirləri yeddi ildir ki, ilbə-il azalır. Son yarım ildə isə Türkiyənin milli gəlirləri aybaay azalır. Milli gəlirlərin azalmasına görə Türkiyədə yoxsulluq tüğyan edir. Son 20 ay ərzində 9 min həkim vəzifəsindən istefa edib, son bir ildə 100 nəfərdən artıq polis intihar edib. 2002-ci ildən Türkiyəyə rəhbərlik edən Rəcəb Tayyip Ərdoğan isə Qurana, Əl-Bəqərə surəsinə istinad edir və yoxsulluq içərisində boğulan xalqı səbr etməyə çağırır: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!”. Bu fikiri söyləyən Ərdoğanın yaxın ətrafı ölkədən 150 milyard dollar çıxararaq ofşor hesablara və əcnəbi ölkələrə yerləşdiriblər.

Yaponiyanın inkişaf yolunu dəyərləndirərəkən belə bir ifadə işlədilir: “Yaponlar inkişaf etmək üçün böyük bir fədakarlıq edərək mentalitetlərindən imtina etdilər”. Yapon milli ruhunun təməlində samuray dünyagörüşü dayanırdı. Samuray dünyagörüşünün əsas prinsipi döyüşçünün öz ağasına qeyd-şərtsiz sədaqəti üzərində qurulub. Yaponlar bu dünya görüşdən imtina edərək azad xalqa, seçiciyə çevrildilər. Bununla da Yaponiyada tiraniyaya son qoyuldu və iqtisadi inkişf mərhələsi başladı. İkinci dünya müharibəsində məğlub olan, ən çox dağıntıya məruz qalan Yaponiya bu gün iqtisadiyyatına görə dünyanın üçüncü böyük dövlətidir.

Azərbaycan xalqının inkişaf etmək üçün fədakarlıq etməsinin zəruriliyi haqqında yazdığım zaman fb-da dostlardan biri bu fədakarlığın nədən ibarət olmalı olduğunu soruşmuşdu. Xalqın etməli olduğu fədakarlıqla bağlı yazacağımı vəd etmişdim. Vədimə burada əməl edirəm.

Azərbaycan xalqı yoxsulluğu Yaradanın imtahanı sayan dünyagörüşdən imtina etməlidir. Yoxsulluq heç bir xalqın, o cümlədən də Azərbaycan xalqının Yaradan qarşısında imtahanı deyil, sosial ədalətsizliyin nəticəsidir. Cavabdehi isə hakimiyyətdir. Bu məntiqlə hərəkət edən xalq yoxsulluqdan da, hüquqsuzluqdan da qurtulacaq.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button