İqtisadiyyat

AZAL-ın xroniki inhisarçılığı – Rəsmi rəqəmlərin dili ilə

Quru sərhədləri bağlı saxlamaqla hava nəqliyyatını inkişaf etdirmək tezisi içiboş və mənasızdır

Azərbaycanda bu ilin yanvar-iyun aylarında hava nəqliyyatından 2 milyon 464 min nəfər istifadə edib, 2022-ci ilin 6 ayında bu göstərici 1 milyon 634 min nəfər təşkil edirdi – deməli, sərnişindaşıma 1,5 dəfə artıb.

Rəsmi məlumatlara görə hava nəqliyyatı ilə sərnişindaşımanın yarısından çoxunu, 50,18%-ni AZAL həyata keçirib, yerdə qalan 49,82%-i isə müxtəlif xarici şirkətlərin payına düşüb. Amma, xarici şirkətlərin bir çoxu öz reyslərini AZAL-la birgə həyata keçiriblər, yəni o reyslərdə də AZAL-ın payı var – ən çox sərnişin “Turkish Airlines”, “Utair”, “Aeroflot”, “FlyDubai” və “WizzAir” aviaşirkətləri tərəfindən daşınıb.

Bundan başqa, qiymətin formalaşmasına təsir göstərən yerüstü xidmətlər də AZAL-ın nəzarətindədir, onlar xarici şirkətləri yerüstü xidmət qiymətlərini diktə edirlər, bu isə biletlərin baha olmasına birbaşa təsir göstərir.

Qonşu Gürcüstanda 2022-ci ildə hava limanlarından 4,4 mln. sərnişin istifadə edib – Gürcüstanda quru sərhədlər həmişə açıq olub, amma təyyarələrdən istifadə edənlərin sayı 2021-ci ilə görə 78% artıb – deməli, quru sərhədləri bağlı saxlamaqla hava nəqliyyatını inkişaf etdirmək tezisi içiboş və mənasızdır.

Gələk Gürcüstanda şirkətlərin bazar payına: Gürcüstan bazarında 41 avia-şirkət 60-dan çox istiqamət üzrə uçuşlar həyata keçirirlər. Birdən düşünərsiz ki, bu ölkənin dövlət şirkəti olan “Georgian Airways” da yəqin böyük bazar payına malikdir – etməyin, yanılarsız, “Georgian Airways” şirkətinin sərnişindaşımada bazar payı cəmi 3%-dir, 1-ci yerdə 12,9%-lə “Wizz Air” şirkətidir. Hətta AZAL belə bazarda 5%-lə “Georgian Airways” şirkətindən öndədir. Gürcüstan hava limanlarında yerüstü xidmətləri özəl şirkətlər həyata keçirir, yəni bu sahə dövlət şirkətinin əlində deyil.

Rəsmi rəqəmlərlə 50%-dən çox birbaşa bazar payına malik AZAL inhisarçıdır, mən yox ha, qanun belə deyir – “Antiinhisar fəaliyyəti haqqında” qanunun 4-cü maddəsində yazılıb ki, bazarda payı 35%-dən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur və ona qarşı qanun işə düşür. Bəs yaxşı AZAL-a qarşı bu qanun nədən işləmir?! Qanunla dövlət AZAL-ın qiymətqoyma siyasətinə müdaxilə edə, tənzimləyə bilər, amma etmir.

P.S. Növbəti yazıda, “sərhəddi bağlayıb daxili turizmi inkişaf etdiririk”, kimi mənasız, içiboş, ziyanlı tezisi rəsmi rəqəmlərlə neçə çürüdüyü haqqında yazacam.

Natiq Cəfərli, REAL təmsilçisi, iqtisadçı-ekspert

Bənzər yazılar

Back to top button