ManşetSiyasət

Ukraynadakı səfirimiz girov götürülməyib! – “İtkin səfir” Bakıdadır

Azərbaycan vətəndaşları dəhşətli müharibənin ortasında qaldıqları halda böyük elçimiz Elmira Axundova hamıdan qabaq Kiyevdən qaçıb

Müharibə çox ağır və çətin prosesdir. Həmin dövrdə insanların əsl siması, iç üzü, vətənpərvərliyi, dövlətə sadiq olub-olmamaları ortaya çıxır. Ukraynada baş verən müharibə də həm işğala qalan ölkədəki, həm də digər ölkələrin vətəndaşlarının durumunu və mövqeyini üzə çıxarır. AzToday.az xəbər verir ki, bu müharibədə xaricdəki soydaşlarımızın mütəşəkkillik baxımından vəziyyəti, habelə Azərbaycanı xarici ölkələrdə təmsil edən bəzi diplomatik nümayəndələrimizin və diasporumuzla işləyən rəsmi qurumların fəaliyyətsizliyi üzə çıxdı. Məsələn, başlayaq elə ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, keçmiş deputat Elmira Axundovadan. Təəssüf ki,

MÜHARİBƏNİN BİRİNCİ GÜNÜNDƏN SONRA ELMİRA AXUNDOVA İLƏ ƏLAQƏ KƏSİLDİ.

Ona görə ki, fevralın 24-də son dəfə görüntülənən xanım səfir nədənsə günlərlə üzə çıxmadı. Hətta sosial şəbəkələrdə belə bir müzakirə gedir ki, Azərbaycanın Kiyevdə oturan səfiri Elmira Axundovadır, yoxsa Qüdsi Osmanov. Amma nə yazıq ki, Ukrayna kimi böyük bir dövlətdə ölkəmizi təmsil edən Elmira Axundovadır, Qüdsi Osmanov Moldovadakı səfirimizdir. Sadəcə Elmira xanım “öz xanımlığına salıb” Rusiya prezidenti V.Putin müharibə başlayan gündən Ukraynadan yoxa çıxıb. Halbuki bir çox ölkələrin səfirləri həmin dövrdə vətəndaşlarının qayğısına qalıb. Hətta Ermənistan səfirliyi və digər diplomatik nümayəndələri yalnız müharibənin 10-cu günündə Kiyevi tərk etməkdən danışırlar.

Elmira Axundova da digər səfirlər kimi, hərbi əməliyyatlara başlayan gündən Ukraynadakı vəziyyət soydaşlarımızın və vətəndaşlarımızın durumu barədə məlumat verməliydi. Bu, baş vermədi. Əvəzində bu ölkədə daimi yaşayan və ya təhsil alan 7 nəfər soydaşımızın ölüm xəbərini eşitdik. Hətta günlərlə təxliyə olunmayan bir nəfər körpə də həmin etinasızlığın qurbanı olub. Yenə də Azərbaycanın dövlət büdcəsinin pulları hesabına fəaliyyət göstərən Kiyevdəki diplomatik nümayəndəliyimizdən səs çıxmadı.

Əlqərəz, cəbhədə döyüşən ukraynalı və rusiyalı əsgərlərin itkin düşməsi prosesindən xeyli qabaq səfirimiz Elmira Axundovanın “itkin düşməsi” xəbəri yayıldı. Düz 1 həftədir nəinki Ukraynadakı soydaşlarımız,

BÜTÜN AZƏRBAYCAN “İTKİN SƏFİR”İ AXTARIRDI.

Az qalmışdıq ki, Elmira xanımın girov götürülməsi haqda versiyalara inanaq və onun necə azad edilməsi barədə fikirləşək…

Nəhayət, ötən gün Elmira xanım mediaya çıxaraq Bakıda olduğunu, onun rəhbərlik etdiyi Azərbaycanın diplomatik nümayəndəliyində isə hələ də kişilərin (???) qaldığını bildirib. Bəs niyə neçə gündür Ukrayna səfriliyindəki kişilərin nə işlə məşğul olduğunu heç kim görmür? Mediada yer alan xəbərlərdən görünən odur ki, bəlkə də keçmiş sovet respublikalarından ən hazırlıqsızı elə bizim səfriliyimiz olub, vətəndaşlarımız hələ də Xarkovda və digər şəhərlərdə zirzəmilərdə, sığınacaqlarda qalıblar. Ümumiyyətlə, Ukraynada 50-70 min arasında soydaşımızın təxliyə üçün gözlədiyi barədə xəbərlər gəlir. Belə ki, təkcə Moldova-Rumıniya deyil, Ukrayna-Polşa sərhədindəki düşərgələrdə də minlərlə soydaşımız Vətənə qayıtmaq üçün gözləyir.

DİGƏR “İTKİN”İMİZ İSƏ DİASPOR KOMİTƏSİNİN SƏDRİ FUAD MURADOVDUR.

Çünki tez-tez Diasporla İş üzrə Dövlət Komitəsinin yaratdığı koordinasiya şuaraları vasitəsilə diasporlarımız arasında əlaqələrin gücləndirilməsindən danışan Fuad Muradovun illərlə heç bir iş görmədiyi ortaya çıxdı. Müharibə göstərdi ki, Komitə sədrinin fəaliyyətsizliyi ucbatından Ukraynada diaspiorumuzla əlaqələr düzgün qurulmayıb və bərbad vəziyyətdədir.

Elə olmasaydı, belə çətin dövrdə həmin ölkədə böyük diaspora malik olduğumuz halda çoxsaylı azərbaycanlılar bu qədər əziyyət çəkməzdi. Hazırda Moldovadan keçməklə Rumıniyadan ölkəmizə gətirilən soydaşlarımıza ən böyük dəstəyi Rumıniya və Moldovadakı səfriliklərimiz göstərir. Moldovadakı səfirin açıqlamalarından da məlum olur ki, Ukraynada yaşayan azərbaycanlılar diasporlaşma prosesindən keçməyib. Bütün bunların günahı da Elmira Axundova başda omaqla, Ukraynadakı səfirliyimiz və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, digər keçmiş deputatımız Fuad Muradovun yarıtmaz fəaliyyətlərinin nəticəsidir…

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button