Hadisə

Naxçıvanda fəhlələr tətili dayandırdı: “Söz verdilər…”

Xəbər verdiyimiz kimi, Naxçıvanda “Arkoz Holdinq”in yüzlərlə işçisi əməkhaqlarının ödənməməsinə etiraz olaraq tətil elan ediblər.

AZToday.az “Gündəlik Naxçıvan”a istinadla xəbər verir ki, şirkət işçilərin tələblərinin bir qismini yerinə yetirmək üçün razılaşıb.

Şirkətin tətil edən əməkdaşları bildirirlər ki, məsələ ictimailəşdikdən dərhal sonra, holdinq rəhbərliyi etirazçıları qəbul edib:

“İlk günlərdə tətil etdiyimizə görə bizi hədələyirdilər, deyirdilər ki, özünüzü öldürsəniz də xeyri yoxdur, işə çıxmayan qovulacaq. Məsələ ictimailəşən kimi tez əl-ayağa düşdülər, bizi qəbul etdilər. Dedilər ki, müvəqqəti maliyyə problemini nəzərə alıb, işə davam edək. İki aylıq maaşımızı köçürəcəklərinə söz verdilər. Digər ayın maaşını da martın sonunda verəcəklər. Biz də razılaşdıq və tətili dayandırıb, işə davam etmək qərarı verdik”.
Holdinqdən bildirilib ki, yaxın günlərdə fəhlələrin iki aylıq maaşı hesablarına köçürüləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan “Gəmiqaya Holdinq”in adı bir müddət əvvəl dəyişdirilərək “Arkoz Holdinq” olub. “Arkoz Holdinq” türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda “Gəmiqaya Holdinq”in İdarə Heyətinin sədri olub.

Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm “Gəmiqaya”, həm də “Arkoz” adlı onlarla şirkət mövcuddur.
Qeyd edək ki, Emin Uçara məxsus “Arkoz” şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir.

Bənzər yazılar

Back to top button