Cəmiyyət

Suriyadan repatriasiya olunan 16 Azərbaycan vətəndaşı qohumlarına təhvil verilib

Ötən ilin son aylarında Suriyadan repatriasiya olunaraq ölkəmizə qaytarılan daha 16 Azərbaycan vətəndaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində bir müddət sosial reabilitasiya xidməti ilə təmin edilərək, qohumlarına təhvil veriliblər.

Nazirlikdən verilən məlumata görə, onlardan 3-ü qadın, 13-ü uşaqdır.

Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqu həmin şəxslərin yaşadıqları icmaya reinteqrasiyasına və sosial reabilitasiyasına dəstək üçün onların yerləşdirildikləri ailələrə səfərlər edib.

Hər bir repatriant ilə qiymətləndirmə aparılıb və fərdi müdaxilə planı əsasında onların sosial reabilitasiyası ilə yanaşı, səhiyyə, təhsil, məşğulluq və digər zəruri xidmətlərlə təmin edilməsinə dəstək göstərilib.

Həmin ailələrin psixoloji vəziyyətinin monitorinqi prosesi də aparılır və bu proses bitdikdən sonra psixoloji yardıma ehtiyacı olan uşaqlar, ailə üzvləri ayrı-ayrılıqda konsultasiyaya cəlb ediləcəklər.

Ümumilikdə Sosial Xidmətlər Agentliyi hazırda 400-dən çox repatriantla sosial reabilitasiya işi aparır.

Bənzər yazılar

Back to top button