Hadisə

Generalın azadlığı üçün 30 milyon manat yığılıb! – “MTN işi”ndə böyük iddia

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qaynarinfo xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən açıq məhkəmə prosesində yenə mətbuat nümayəndələrinin iştirakına icazə verilməyib.

Aprelin 12-də keçirilən proses iş üzrə zərərçəkən İbrahim Zeynalovun həbs edilərək hədə-qorxu ilə ondan 10 milyon dollar tələb olunması, Mövlam Şıxəliyev və Yasin Məmmədov vasitəsi ilə 8 milyon dollar alınması epizodu üzrə şahidlər dindirilib.

Şahid Teyyub Məmmədov bildirib ki, 2009-cu ilin iyun-iyul ayında İbrahim Zeynalovun oğlu İlkin Zeynalov ondan borca pul istəyib. O da İlkinin atası İbrahim Zeynalovun MTN-dən həbsdən buraxılması məqsədilə tələb olunan pulun toplanmasına kömək etmək üçün mal-qarasını satıb. Əldə etdiyi 14 min manat pulu özünün yaşadığı Neftçalanın Mirzəqurbanlı kəndindəki evində İlkin Zeynalova verib.

Bu epizod üzrə şahid qismində ifadə verən Abdulxalıq Manafov deyib ki, 2009-cu ilin iyun-iyul aylarında İlkin Zeynalovun xahişi ilə atası İbrahim Zeynalovun MTN-dən həbsdən buraxılması üçün Neftçalada ona 10 min manat pul verib. Şahid Namiq Nəcəfovun da ifadəsi digər iki şahidin ifadəsindən fərqlənməyib. Deyib ki, dostu İlkin Zeynalovun atası qanunsuz həbs olunandan sonra Bakı şəhərində onunla görüşüb. Həmin görüşdə İlkinə 10 min manat pul verib.

Növbəti şahid Qacar Əzizov olub. O, digər zərərçəkən Elşən Mədətovun dostudur. Qacar Əzizov Elşən Mədətovdan “Texnikabank”dakı əmanətinin hədə-qorxu ilə alınması epizodu üzrə ifadə verib. Deyib ki, 2008-ci ildə Vüsal Ələkbərov Elşən Mədətovu MTN-ə çağırıb. Ona “Texnikabank”ın Bakı filialında 677 min avro məbləğində əmanəti olduğunu və filialın rəhbərliyi ilə əlbir olub bankı taladığını bildirib. Deyib ki, 300 min dollar verməsə, həbs ediləcək. Elşən Mədətov da qanunsuz həbsdən yaxa qurtarmaq üçün hədə-qorxu ilə ondan tələb olunan pulu toplamağa başlayıb. Həmin vaxt şahid Elşən Mədətova ilkin olaraq 45 min dollar, sonradan isə 15 min dollar əlavə pul verib. Şahid deyib ki, Elşən Mədətov ümumilikdə 260 min dollar toplaya bilib. Bankda əmanət kimi saxladığı 677 min avro da ona qaytarılmayıb. Şahid deyib ki, Elşən Mədətov bu günə qədər ona 60 min dollar borcunu qaytara bilməyib.

Məhkəmədə Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevin də şahid qismində dindirilməsi gündəmə gəlib. Zərərçəkən Zaur Əliyev bununla bağlı vəsatətlə çıxış edib:

“Mövlam Şıxəliyev MTN-də rəhbər vəzifədə işlədiyi 10 il ərzində başına topladığı mütəşəkkil cinayətkar quldur dəstəsinin üzvləri ilə birgə mütəmadi olaraq Azərbaycan vətəndaşlarının başına müsibətlər açıblar. Vəzifədə olarkən quldurluq, hədə-qorxu gəlməklə soyğunçuluq, böyük sərvət əldə etmək məqsədilə cinayətlər törədiblər. Bu adamlar rüşvət almayıblar. Sırf dövlətin gücündən istifadə edib Azərbaycan vətəndaşlarını girov götürməklə quldurluq edib, mal-mülklərini əllərindən alıblar. Özlərinin qanunsuz əməllərinə don geydirmək üçün uydurma ittiham aktı tərtib edərək cinayət işi başlayıblar. Həmin cinayət işi əsasında da mal-mülklərini əllərindən aldıqları bizilərinin barəsində məhkəmələrdə qondarma, saxta hökm çıxarılmasına nail olublar. Hələ bundan sonra da biz zərərçəkənlərdən əl çəkməyiblər. 2 avqust 2009-cu ildə zərərçəkən İbrahim Zeynalovdan 4 hektar torpağını Mövlam Şıxəliyevlə Yasin Məmmədov əlindən alıb. Yasin torpağı 3 qadının adına keçirib. Mövlam Şıxəliyev isə oğlu Elgünü göndərib, torpağı onun adına keçirib”.

Hakim vəsatətin məhkəmə prosesin sonunda müzakirə ediləcəyini bildirməklə baxılmamış saxladığını elan edib. Bu isə zərərçəkənlərin etirazına səbəb olub.

Zərərçəkən Elvar Əliyev olduqca ciddi bir ittiham səsləndirib. Hakimə Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul yığıldığını deyib:

“Hörmətli hakim, mən “Sədərək” bazarında işləyirəm. Bazarda Mövlam Şıxəliyevin şərikləri var. Onlar orada ətraflarında olan sahibkarlardan pul yığırlar. Deyirlər ki, Mövlam Şıxəliyevin azad edilməsi üçün 30 milyon manat pul verilməldir. Sizə sual edirəm: həmin pul bizim ziyanımızın ödənilməsi üçündür, yoxsa rüşvət verib Mövlam Şıxəliyevin azad edilməsi üçün? Xahiş edirəm sualıma cavab verin”.

Hakim Elbəy Allahverdiyev suala cavab verməkdə çətinlik çəkdiyini deyib. Mövlam Şıxəliyev isə deyilənlərə istehza ilə gülməklə reaksiya verib.

Zərərçəkən şəxs Əfsəl Həsənəliyev hakimin Elgün Şıxəliyevlə bağlı vəsatəti təmin etməməsinə əsəbi rekasiya verib:

“Bu cinayətkarları indiyə qədər gizlədən, havadarlıq edən Zakir Qaralov, Rüstəm Usubov olub. İndi də siz onları himayə edirsiz. Cinayət məsuliyyətindən yayındırırsız, buna çalışırsız. Niyə vəsatəti təmin etmirsiz? Niyə qaydaları pozursuz? Bilirsiz ki, bu cinayəti bu adamlar dövlət məmurlarının köməyi ilə törədiblər. Siz Mövlam Şıxəliyevin də rəhbərlərindən olduğu mütəşəkkil cinayətkar quldur dəstəni himayə etməyə girişmisiz. Bu adamlar xalqı dövlətdən narazı salan adamlardır. Mənə niyə danışmağa imkan vermirsiz? Bizə qarşı cinayətlər haqda danışmaq istəyirəm. Siz isə imkan vermirsiz. Məni intihara sürükləyirsiz. İmkan verin sözümüzü deyək. Vəsatətlərimizi təmin edin. Vaxtilə Gəncə Ağır Cinayətlərə Məhkəməsində də hakim Kəramət Əliyev sizin kimi bizə qarşı cinayətlərə şəriklik etdi. Eldar Mahmudov işdən çıxarılandan sonra Kəramət Əliyev qapıma gəlib uşaq kimi hönkürüb ağladı. Məndə onun səs yazıları, videosu da var. Sizi də Kəramət Əliyevin durumunda görmək istəmirəm. Bu mütəşəkkil cinayətkar dəstənin üzvünə çevrilməyin. Biz də intihara sürükləməyin!”

Hakim Elbəy Allahverdiyev Əfsəl Həsənəliyevin çıxışını davam etdirməsinə imkan verməyib və prosesin aprelin 19-na qədər təxirə salındığını açıqlayıb.

Bənzər yazılar

Back to top button