İqtisadiyyatManşet

Mərkəzi Bankın qanunsuz kreditləri: Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?

“Mərkəzi Bankın banklara verdiyi kreditlər onun fəaliyyətinin ən şübhəli və müəmmalı sahələrindən biridir. Məlum olduğu kimi, Elman Rüstəmovun rəhbərliyi dövründə bankların əksəriyyəti Mərkəzi Bankdan kredit götürə bilmirdi. Bank olmayan kredit təşkilatlarına isə, ümumiyyətlə, kredit verilmirdi”.

Bunu vəkil Əkrəm Həsənov deyib. Vəkil bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir:

“İnhisarçılıq şəraitində bu dərəcə kredit faizlərinə təsir etmir. Məsələn, uçot dərəcəsinin ən aşağı səviyyəsi 2009-2010-cu illərdə olub: 2-3%. Lakin həmin dövrdə bankların kredit faizləri indikindən də yüksək idi. Halbuki, məntiqlə, tərsinə olmalı idi”.

Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bankın bu şübhəli davranışı nəticəsində 2015-ci il devalvasiyası ölkəmiz üçün çox ağrılı oldu:

“Əhaliyə və sahibkarlara verilən kreditlərin əksəriyyəti dollarla olduğu üçün. Bunun səbəbi isə o idi ki, Mərkəzi Bankdan kredit götürə bilməyən kredit təşkilatlarımız xaricdən dollar kreditləri cəlb edib öz növbəsində də kreditəri dollarla verirdilər. Bütün bunlarla yanaşı, indi məlum olub ki, Mərkəzi Bankın verdiyi kreditərin də bir qismi qanunsuz olub. Söhbət Mərkəzi Bankın “banklararası kredit” adı ilə verdiyi kreditlərdən gedir.

Məsələ burasındadır ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən, Mərkəzi Bank yalnız iki növ kredit verə bilər:

1. kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə);
2. Sonuncu instansiya kreditləri (49-cu maddə).

Qanunun 1.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilməmiş banklararası kreditlər verə bilməz.

Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 337.1-ci maddəsinə görə, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, Mərkəzi Bankın sözügedən kredit müqavilələri etibarsızdır (əhəmiyyətsizdir).

Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Buna görə də sögügedən “banklararası kredit”lərin təminatı olan girov (ipoteka) və zaminlik müqavilələri də etibarsızdır. Bu isə o deməkdir ki, məhkəmələr qanuna riayət edərək bu müqavilələri etibarsız hesab etsə, Mərkəzi Bank on milyonlarla vəsait itirə bilər. Bu pullara görə məsuliyyəti də ilk növbədə Elman Rüstəmov daşımalıdır”.

Bənzər yazılar

Back to top button