GündəmManşetSiyasət

Ceyhun Bayramov: “Ermənistan-Azərbaycan delimitasiya komissiyasına baş nazirlərin müavinləri rəhbərlik etməlidirlər”

Aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurası prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılsın. Bunu mayın 10-da xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, komissiyanın aprel ayının sonuna qədər ilk iclasının keçirilməsi planlaşdırılırdı: “Bundan sonra hələ görüş keçirilməmişdən öncə mənim Ermənistanın xarici işlər nazirilə iki dəfə telefon danışığım olub. Telefon danışıqları zamanı biz komissiyanın tərkibilə bağlı təkliflərimizi vermişik. Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərini, fərqləri nəzərə alaraq təklifimiz ondan ibarət olmuşdu ki, Azərbaycanın təklifi komissiya fərqli bir formatda təşkil edilməlidir, ona daha yüksək səviyyədə rəhbərlik olunmalıdır”.

Nazir qeyd edib ki, Azərbaycan tərəfinin təklifi Azərbaycan tərəfindən komissiyaya rəhbərlik edən şəxsin baş nazirin müavini səviyyəsində olması idi: “Onu da qeyd edərəm ki, ilk telefon danışığım zamanı Ermənistan xarici işlər naziri bunu anlayışla qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Sonradan Ermənistan tərəfi də belə bir təklifin onlar üçün məqbul olmasını qəbul etmişdir. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Ancaq qeyd etdiyimiz kimi hələ ki ilk iclas keçirilməyib. Azərbaycan tərəfi artıq aprel ayında da bu iclasın keçirilməsinə hazır idi, biz yenə də hazırıq”.

Nazir həmçinin bildirib ki, Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib: “Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər”.

Onun sözlərinə görə, daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə 6 təklifin verilməsi xəbərləri yayılmışdı: “Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz. Həmin sənəd təqdim olunan zaman Ermənistan tərəfi bunu Azərbaycanın təkliflərinə reaksiya kimi bildirmişdi”.

Nazir vurğulayıb ki, həmin 6 bənddən biri Azərbaycan tərəfi 21 fevral tarixli baza prinsiplərini nəyə görə Ermənistana mart ayının əvvəlində təqdim edib sualından ibarətdir: “Biz bəyan etmişdik ki, təkliflər vasitəçilərin köməyi ilə təqdim olunub. Bu səbəbdən bu sual onlara ünvanlansa, daha doğru olar. Növbəti bənd ondan ibarətdir ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur və hələ 1992-ci ildə Azərbaycan və Ermənistan Müstəqil Dövlətlər Birliyinə üzv olarkən bir-birinin ərazi bütövlüyünü tanıyıb. Bu, müəyyən mənada Azərbaycanın təqdim etdiyi baza prinsipinin təkrarlanmasıdır”.

Bayramov bildirib ki, növbəti bir bənd ölkə liderləri arasında imzalanan üçtərəfli bəyanatların icrasının vacibliyi qeyd olunur: “Bu da sual doğuran məqam deyil. Növbəti bənd ondan ibarətdir ki, Ermənistan tərəfi danışıqlara hazırdır və bu danışıqları təşkil etmək üçün Minsk Qrupunun həmsədrlərinə müraciət edir. Bu, o zaman baş verir ki, Ukrayna hadisələri fonunda Minsk Qrupunun həmsədrləri arasında heç bir əlaqə mövcud deyil. Demək olar ki, bu qrup iflic vəziyyətdədir”.

Nazir Qarabağda sülhməramlıların fəaliyyətilə bağlı sualı cavablandırarkən bildirib ki, sülhməramlılar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər:”Təbii ki, vaxtaşırı hansısa suallar yaranır, o suallar hələ də Qarabağda Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərin edilməsilə bağlıdır. Belə olan halda bunlar müzakirə mövzusu olur. Azərbaycan məsələlərin bu müstəvidə həllinə tərəfdardır”.

Bənzər yazılar

Back to top button