Hadisə

14 nəfərlik erməni silahlı dəstəsinin üzvlərinin məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Azərbaycanda terror-təxribat və digər cinayət əməlləri törədən 14 nəfərlik erməni silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək. Cinayət işi üzrə hazırlıq iclası iyunun 16-sı saat 10.00-a təyin edilib.

Hərbi Prokurorluğun məlumatına görə, məhkəmə qarşısına dəstə üzvləri Serobyan Geğam Samveloviç, Avakyan Qraç Arzumanoviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asertyan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Komiyeviç, Sedrakyan Romik Misakini, Minosyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç, Karapetyan Yuri Tiqranoviç çıxarılacaq.

Məlumatda deyilir ki, 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatla döyüş əməliyyatları dayandırıldıqdan sonra Azərbaycanın ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə mövqe tutaraq Azərbaycanın hərbi qulluqçularına və mülki şəxslərə qarşı terror-təxribat və digər cinayət əməlləri törədən erməni silahlı dəstələri Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilən anti-terror əməliyyatı nəticəsində tərksilah edilərək ələ keçirilib.

Dəstə üzvləri barəsində Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bənzər yazılar

Back to top button