Dünya

Bayden Finlandiyanı və İsveçi dəstəkləyir, müttəfiqləri ilə müzakirələrdə NATO-nun genişlənməsində israr edir

Finlandiya və İsveç NATO-ya üzvlük üçün rəsmi müraciətlərini təqdim etdikdən bir neçə saat sonra Bayden administrasiyası hər iki ölkənin alyansa daxil olmasını dəstəkləyib. Bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib.

“İsveç və Finlandiya hər bir ölkədə demokratik proseslərdən sonra NATO üzvlüyünə nail olmaq barədə mühüm qərar qəbul ediblər”, deyə prezident Co Baydenin bəyanatında bildirilir. O qeyd edib ki, onların üzvlüyünü “tez” təsdiq etmək üçün Konqres və digər üzv ölkələrlə işləyəcək.

“NATO Avropada və Şimali Amerikada demokratik prinsiplərə ümumi sədaqətimizin və Avropada və bütün dünyada sülh və tərəqqiyə baxışımızın birləşdirdiyi 1 milyard insanın təhlükəsizliyinə zəmanət verir və mənim NATO-ya və 5-ci maddəyə sadiqliyim sarsılmazdır”, deyə Bayden qeyd edib.

“NATO-ya üzvlük barədə müraciətlərə baxıldığı müddətdə ABŞ ümumi təhlükəsizliyi təmin edəcək və təcavüzün və ya təcavüz təhlükəsinin qarşısını alacaq”, deyə prezident əlavə edib.

Günün ikinci yarısında müdafiə naziri Lloyd Ostin Pentaqonda İsveçin müdafiə naziri Peter Xultkvisti qəbul edib.

“Rusiya prezidenti Vladimir Putin dinc və demokratik Ukraynaya səbəbsiz hücum edib. Avropada İkinci Dünya Müharibəsi zamanından etibarən görünməmiş miqyasda müharibə baş verir”, deyə İsveç naziri bildirib.

Onun sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü İsveç silahlı qüvvələrinin təlim keçməsinə və operativ uyğunluğuna şərait yaradacaq. “Biz Avropanın və Şimali Amerikanın təhlükəsizliyini birlikdə müdafiə etməliyik”, deyə o qeyd edib.

Ostin ABŞ-ın İsveçin müraciətini “qətiyyətlə dəstəklədiyini” təsdiq edib. “Sizin imkanlarınız müasir, aktual və əhəmiyyətlidir və sizin alyansa qoşulmağınız bizim hamımızın daha yaxşı müdafiə olunmağımıza kömək edəcək”.

Bu zaman Amerika diplomatları Türkiyədən Finlandiya və İsveçin NATO-ya daxil olmasına etirazının nə dərəcədə ciddi olduğu barədə suala aydın cavab almağa çalışıblar.

Dövlət katibi Entoni Blinken Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə görüşüb, o, birmənalı olmayan cavablar verib. Çavuşoğlu ölkəsinin NATO-nun “açıq qapı” siyasətini dəstəklədiyini və Rusiyanın Ukraynaya hücumundan sonra Finlandiya və İsveçin alyansa qoşulmaq istəyini başa düşdüyünü təsdiq etsə də, eyni zamanda Ankaranın təhlükəsizliklə bağlı narahatlıqlarının dəqiqləşdirilməsi tələbini təkrar edib.

“… Bu namizəd ölkələrə gəlincə, onların terror təşkilatlarını dəstəkləməsi ilə bağlı bizim təhlükəsizliyə dair qanuni narahatlıqlarımız var, eyni zamanda müdafiə təyinatlı məhsulların ixracı ilə bağlı məhdudiyyətlər var… Biz onların təhlükəsizliklə bağlı narahatlıqlarını başa düşürük, amma Türkiyənin problemləri də həll edilməlidir və bu, bizim dostlarımız və müttəfiqlərimizlə, o cümlədən Birləşmiş Ştatlarla müzakirəsini davam etdirəcəyimiz məsələlərdən biridir”, deyə Çavuşoğlu bildirib.

Sonradan jurnalistlər qarşısında çıxış edən Çavuşoğlu tənqidini gücləndirib, İsveçi təkcə qadağan edilmiş Kürdistan işçi partiyasına bağlı qrupları dəstəkləməkdə deyil, həm də Türkiyənin terrorçu hesab etdiyi Suriya kürdlərinə silah tədarük etməkdə ittiham edib.

Öz növbəsində, Ağ Ev Türkiyənin narahatlıqlarının aradan qaldırıla biləcəyini ifadə edib.

“Biz əminik ki, Finlandiya və İsveç son nəticədə” NATO-ya daxil olacaq və “Türkiyənin problemlərini həll etmək olar”, deyə prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

Bayden özü də Türkiyəni Finlandiya və İsveçi dəstəkləməyə razı salmağın mümkün olacağı ilə bağlı nikbinlik ifadə edib.

Bu arada ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın hücuma başlamasından təxminən 3 ay sonra, çərşənbə günü öz bayrağını qaldırıb.

“Biz Kiyevə qayıdan həmkarlarımızın təhlükəsizliyi üçün əlavə tədbirlər gördük.

Müharibə davam edir. Rusiya qüvvələri gündən-günə Ukrayna torpaqlarına ölüm və dağıntılar səpir. Milyonlarla ukraynalı öz evlərini tərk etmək və itirdikləri yaxınlarının yasını tutmaq məcburiyyətindədirlər.

Bunun üçün biz Ukrayna xalqına və hökumətinə sadiqliyimizi təsdiq edirik və ABŞ-ın Kiyevdəki səfirliyinin missiyamızı yerinə yetirməsini səbrsizliklə gözləyirik”, deyə Blinkenin bəyanatında bildirilir.

Senat bu gün “Ukraynaya əlavə yardımlar haqqında qanun”a baxılmasını bərpa etmək üçün toplaşacaq, xəbəri Turan-ın müxbiri verib.

Ağ Ev, öz növbəsində, bu gün İsveç baş nazirini və Finlandiya prezidentini qəbul edəcək.

“Liderlər Finlandiya və İsveçin NATO üzvlüyü barədə müraciətlərini və Avropada təhlükəsizliyi, habelə bir sıra qlobal məsələlər üzrə sıx tərəfdaşlığımızın möhkəmləndirilməsini və Ukraynaya dəstəyi müzakirə edəcəklər”, deyə Ağ Ev çərşənbə günü axşam bildirib.

Bənzər yazılar

Back to top button