Hadisə

Fərrux Əkbərov sahibkarlardan hər ay pul toplayırmış

Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Vergi Xidmətinə rəis müavini təyinatı diqqəti sabiq müavin Fərrux Əkbərovun fəaliyyətinə yönəldib.

Qaynarinfo xatırladır ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra edən Azər Zeynalovun sərəncamı ilə Muxtar Respublikanın Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə Nihad Məhəmmədzadə təyin edilib. Ondan əvvəl isə bu vəzifədə Fərrux Əkbərov çalışıb.

Fərrux Əkbərov bu ilin mayında işdən çıxarılıb. O, Vasif Talıbovun kadrı kimi tanınırdı. Hələ Vasif Talıbovun dönəmində Fərrux Əkbərovdan ciddi narazılıq var idi. Onun ticarət obyektlərindən qanunsuz rüsum yığması barədə iddialar səsləndirilirdi. Hətta yığdığı rüsumun konkret məbləği də açılanırdı – 300 manat.

Lakin onun bu qanunsuzluğuna göz yumulurdu. Bu isə Fərrux Əkbərovun Vasif Talıbova yaxınlığı ilə izah edilirdi.

Vasif Talıbov işdən çıxarıldıqdan sonra Naxçıvanın bütün yerli qurumlarında yoxlamalara və keçmiş Ali Məclis sədrinə yaxın olan kadrların vəzifədən götürülməsinə başlanıldı. Proses indi də davam edir. Bu ilin may ayında isə növbə Fərrux Əkbərova çatdı. Azər Zeynalovun sərəncamı ilə o da işdən çıxarıldı.

Bəzi iddialara görə, Fərrux Əkbərovun fəaliyyəti ilə bağlı araşdırmalar aparılır. Onun taleyi bu araşdırmaların nəticəsindən asılı olacaq.

Qeyd edək ki, Naxçıvan MR Dövlət Vergi Xidməti rəisinin iki müavini var.

Bənzər yazılar

Back to top button