DünyaManşetSiyasət

Qərbin Putinlə ən böyük səhvi: Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ…

ReAL İdarə Heyətinin üzvü, tanınmış iqtisadçı ekspert Natiq Cəfərli Rusiya – Ukrayna müharibəsi ilə bağlı ilginc məqamlar açıqlayıb.

AzToday.az xəbər verir ki, Natiq Cəfərli Qərb ölkələrinin Rusiyanı analiz etməklə bağlı ciddi problemlərinin olduğunu bildirib.

“Qərbin Rusiyanı analiz etməklə bağlı ciddi problemləri var: Müharibə başlayandan bəri (hətta müharibədən öncə də) ən çox yayılan tezislərdən biri o idi ki, Rusiya hərbçilərin itkilərinə, iqtisadi çətinliklərə görə çox tez bir zamanda çökəcək, orta statistik rus vətəndaşı insan itkilərinə və iqtisadi çətinliklərə görə ayağa, etiraza qalxıb Putin rejimini devirəcək – çox yanlış analiz və gözləntidir. Bu haqda dəfələrlə yazmışam, publik danışmışam, Rusiya yaranandan bəri bütün hakimiyyətləri insan həyatını heçə sayıblar, onlar üçün əsgər-zabit ölümləri faciə deyil də, ancaq statistikadır. İqtisadiyyata gəldikdə isə orta statistik rus deyir ki, ac olaram, amma torpaqlarımı qaytararam, yoxsul olaram, amma İmperiyamızı quraq – yəni, bu gün müharibəni başlayan, aparan “kollektiv” Putindir, o rus cəmiyyətinin, orta statistil rusiyalının sözçüsü, onların arzularının ifadəçisidir.

Ukrayna və Qərb mətbuatı həm də müharibəni başqa cür təqdim edir, sanki artıq Ukrayna tam qələbə qazanır, lap az qalıb, hər gün Arestoviç milli “valeriyanka”, ölkədaxili sakitləşdirici “həb” rolunda çıxış edir, hər şeyin yaxşı olduğunu-olacağını söyləyir. Amma…

2022-ci il fevralın 24-nə qədər Rusiya Ukraynaın 7% torpağını işğal etmişdi – bura Krım və iki qondarma “respublikanın” əlində olan ərazilər daxil idi. Həmin günə işğal olunan torpaqların ümumi sahəsi 43.300 km2 idi (Azərbaycanın yarısı qədər), bu günə, müharibədən 3 ay keçəndən sonra Rusiyanın işğal etdiyi ərazinin həcmi 125.570 km2-dir, Rusiya Ukrayna ərazisinin 20,8%-ni işğal edib – bu ərazi Macarıstanin, Bolqarıstanın ərazisindən böyükdür.

Bu gün Qərb hələ də düşünür ki, Rusiya Ukraynada 30, 40, 50, 100 min itki versə, müharibə dayana bilər – məncə, səhv analizdir. Rusiyanı müharibəyə son verməyə vadar edən tək məsələ tutduğu ərazilərin böyük bir qismindən vurulub-çıxarılması ola bilər – məhz bu faktor, torpaq itkisi orta statistik rusiyalıya təsir edə bilər. Əgər yaxın 2 ay ərzində Ukrayna ordusu Xerson və Zaparojye viyalətlərinin ərazisini işğalçı Rusiya ordusundan təmizləyə bilməsə, Rusiyada heç bir daxili etiraz olmayacaq, çünki əsrlərdir İmperiya düşüncəsi ilə zəhərlənən toplum ölkələrinin “uğur hekayəsini” rifahda, azad yaşamaqda deyil də, torpaq almaqda görür…”

Bənzər yazılar

Back to top button