Hadisə

Avropa Məhkəməsi Azərbaycanı 50 min manat cərimələdi

Mayın 25-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 7 ərizə üzrə 3 qərarını elan edib.

Yeniavaz.com xəbər verir ki, qərarlar mahiyyəti üzrə deyil, hökumətin təqdim etdiyi təktərəfli bəyannamə və dostca anlaşmalar əsasında çıxarılıb.

Hümeyir Əhmədovun Azərbaycana qarşı iddiası ölkədən çıxışına hüquq mühafizə orqanları tərəfindən qadağa qoyulması ilə bağlı olub. Bu işdə tərəflər dostca anlaşıblar. Anlaşmaya əsasən, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 5000, xərc və məsrəflərə görə isə 1000 avro ödəməlidir. Ərizəçini AİHM qarşısında vəkil Ağaveyis Şahverdi təmsil edib.

“Yehova Şahidləri” dini icmasının 5 nəfər üzvü iddia ediblər ki, onların şəxsi həyata hörmət, dini etiqad azadlığı, toplaşmaq azadlığı və ayrıseçkiliyin qadağan olunması hüquqlarına müdaxilə baş verib. Ərizənin kommunikasiyası zamanı hökumət mənəvi zərərə və xərclərə görə ərizəçilərin hər birinə 3000 avro ödəməyi təklif edib.

Qərara görə, ərizəçilərin hər birinə 3 min avro (cəmi 15 min avro) ödənilməlidir. Ərizəçiləri əcnəbi hüquqşunaslar təmsil edib.
Hüseynov və Mirqasımova Azərbaycana qarşı AİHM qarşısında mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddiasını qaldırıblar. Anlaşmaya əsasən, hökumət ərizəçilərlə bağlı yerli məhkəmələrin qərarlarının icrasını təmin etməli və birinci ərizəçiyə 2350, ikinci ərizəçiyə isə 3850 avro mənəvi zərər və xərclərin əvəzini ödəməlidir. Ərizəçiləri AİHM-də vəkil Tural Hacıbəyli və Muxtar Mustafayev təmsil edib.

Qeyd edək ki, tətbiq edilən bütün cərimələrin cəmi 27 200 (təxminən 50 000 AZN) avro təşkil edib.

Bənzər yazılar

Back to top button