Hadisə

Polad Aslanovun xanımı koloniyada ona qarşı yeni təxribatların olduğunu bildirib

Jurnalist Polad Aslanovun xanımı 1 saylı koloniyada həyat yoldaşına qarşı yeni təxribatlar barədə bildirib.

Onun sözlərinə görə, aprelin 1-də həyat yoldaşını vurmuş məhbus yenidən təxribatlar törədir: bu məhbus onun saxlandığı kameraya girir, onu çirkin, ədəbsiz sözlərlə təhqir edir.

“Polad bilir ki, bu məhbus administrasiya ilə əməkdaşlıq edir və o, rəis müavinindən təxribatların dayandırılmasını tələb edib. Buna cavab olaraq rəis müavini Çingiz Xadıyev deyib:”Sən kişi deyilsən? Sən də onu söy, vur”. Onlar açıq-aşkar Poladı hüquqazidd əməllərə təhrik etmək istəyirlər”, – Aslanova deyib.

“Onlar yaxşı bilirlər ki, mən etiraz aksiyaları təşkil edəcəyəm, hüquq-mühafizə orqanları, dövlət rəhbərlərini tənqid edəcəyəm. Bəlkə ölkə rəhbərlərini açıq tənqid etmək kiməsə sərf edir?”, – Aslanova deyib.

O qeyd edib ki, mayın 31-də Penitensiar Xidmətə gedəcək və qurum rəhbərliyilə görüş tələb edəcək.

“Ya təxribatların arxasında Penitensiar Xidmət özü dayanır, ya da bu, daha yüksək dairələrin işidir. İstənilən halda, həyat yoldaşımın təhlükəsizliyi, sağlamlığı və həyatı üçün dövlət məsuliyyət daşıyır və mən dövlətdən bu öhdəliklərə bütün mümkün qanuni vasitələrlə, o cümlədən etiraz aksiyaları ilə əməl olunmasını tələb edəcəyəm”, – Aslanova bildirib.

O həmçinin qeyd edib ki, son vaxtlar Ombudsman Aparatı həyat yoldaşına qarşı təxribatlar barədə şikayətləri araşdırmaq istəyinə reaksiya vermir.

Xeberman.com saytın təsisçisi və rəhbəri Polad Aslanov 2019-cu ilin iyununda dövlətə xəyanət ittihamı ilə həbs edilib və 16 il müddətinə azadlıqdan məhrum olunub. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Fevralın 24-də Ali Məhkəmə onun həbs müddətini 13 ilə endirib.(Turan)

Bənzər yazılar

Back to top button