Dünya

ABŞ Ukraynaya “Gray Eagle” verəcək – Xüsusiyyətləri və “Bayraktar”la müqayisəsi

Bayden administrasiyası Ukraynaya Rusiyaya qarşı döyüş meydanında istifadə üçün “Hellfire” raketləri ilə silahlana bilən dörd “MQ-1C Grey Eagle” pilotsuz uçan aparatı verməyi planlaşdırır.

Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan üç nəfər bildirib.

“General Atomics” istehsalı olan pilotsuz təyyarələrin satışı hələ də Konqres tərəfindən əngəllənə bilər.

Ukrayna fevralın 24-dən müharibəyə başlayan Rusiya qüvvələrinə qarşı bir neçə növ daha kiçik mənzilli pilotsuz uçuş sistemlərindən istifadə edir. Bunlara “AeroVironment” (AVAV.O) “RQ-20 Puma AE” və Türkiyə istehsalı “Bayraktar-TB2” daxildir.

Lakin “MQ-1C Grey Eagle” texnologiyada bir sıçrayışı təmsil edir, çünki missiyasından asılı olaraq 30 və ya daha çox saata qədər uça bilir və kəşfiyyat məqsədləri üçün böyük miqdarda məlumat toplaya bilir. Daha çox tanınan “Predator” pilotsuz təyyarəsinin hərbi versiyası olan “Grey Eagle”, həmçinin səkkiz güclü “Hellfire” raketi daşıya bilər.

ABŞ rəsmisi bildirib ki, prezident Co Baydenin administrasiyası bundan sonra gözlənilən ictimai açıqlama ilə yaxın günlərdə Konqresə Ukraynaya potensial satış barədə məlumat vermək niyyətindədir.

Pilotsuz uçuş üzrə mütəxəssis Den Gettinger bildirib ki, ümumiyyətlə “MQ-1C” daha böyük təyyarədir:

“Maksimum uçuş çəkisi “Bayraktar-TB2”dən təxminən üç dəfə çoxdur, yükgötürmə qabiliyyəti, məsafəsi və dözümlülüyü baxımından mütənasib üstünlüklərə malikdir.

“MQ-1C” həmçinin, “Bayraktar-TB2”dən daha çox müxtəlif döyüş sursatları daşıya və istifadə edə bilir. “Bayraktar”lar 22 kiloqramlıq Türkiyə istehsalı olan “MAM-L” raketləri ilə təchiz olunub ki, bu da “Hellfire” çəkisinin yarısı qədərdir”.

Gettinger “General Atomics” tərəfindən edilən PUA sistemi ilə bağlı təlimlərin adətən aylar çəkdiyini, lakin bir neçə həftə ərzində təcrübəli ukraynalı texniki qulluqçuların və operatorların hazırlanması üçün şərti planın hazırlandığını bildirib.

Qeyd edək ki, “MQ-1C”nin uzunluğu 8,5 metr, qanad uzunluğu 17 metr, hündürlüyü 2,1 metr, maksimal uçuş çəkisi 1633 kiloqramdır. Saatda 250 km sürətlə hərəkət edə bilir, 8850 metr yüksəyə qalxır, 30 saat havada qalır.

Bənzər yazılar

Back to top button