Digər

Həbs edilən Mirdaməd Əzizov kimdir? – Özünü general kimi təqdim edirdi

Xəbər verdiyimiz kimi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə Mirdaməd Əzizov rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ittihamı ilə həbs edilib.

1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov son vaxtlar özünü daha çox əmlak eksperti kimi tanıdıb. O, yutub platformasında və digər resurslarda ekspert kimi çıxışlar edərək videolar paylaşıb.

Bundan başqa M.Əzizovun bir müddət əvvəl saxta general-mayor rütbəli forma ilə fotoları yayılıb.

İlkin araşdırmalar zamanı M.Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü kimi də təqdim etməsi də üzə çıxıb. O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

Qeyd edək ki, iş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluq M.Əzizovun əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun “961” Çağrı mərkəzinə və “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələrini xahiş edib.

Qafqazinfo.az

Bənzər yazılar

Back to top button